RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

“Ermənistanın yeganə qurtuluşu işğal etdiyi torpaqlardan çıxmaqdır” müsahibə

34

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

Siyavuş müəllim, YAP-ın İcra Katibliyində artıq bir neçə müddətdir ki, partiyanın rayon təşkilatlarının, ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirələr keçirilir. Bu müşavirələrin məqsəd və məramı haqqında məlumat verməyinizi istərdik.

Ümumiyyətlə YAP-ın 8 min ərazi ilk partiya təşkilatları sədrləri və 84 rayon, şəhər təşkilatı var. Həmin təşkilatlarda 740 min partiya üzvü birləşib. Təbii ki, 740 min partiya üzvünü bir yerə toplamaq bir qədər çətindir. Ona görə də biz bunlarla işləyən ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsini keçiririk. Ona görə də biz YAP-a ərazi ilk partiya təşkilatları sədrlərini dəvət edirik və lazımi tapşırıqları veririk. Hətta elə rayon var ki, orada 100-160 ərazi ilk partiya təşkilatı var və s. O baxımdan da bütün respublika üzrə biz ardıcıl şəkildə 8 min insanla görüşlər keçiririk. Onların vasitəsilə də öz mesajlarımızı, fikirlərimizi, rəylərimizi, Partiya sədrinin siyasətini, təkliflərini, sözlərini yerli təşkilatların hər bir üzvünə çatdırırıq.

Son dövrlər Azərbaycan dövləti mütəmadi olaraq müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu günlərdə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da bu qəbildəndir. Bəs, siz bu kimi tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər silsilə xarakteri alıb. İstənilən mötəbər qurum tədbir keçirmək qərarına gəlirsə, bunu yalnız Azərbaycanda reallaşdırmaq istəyir. Gəlin görək, bu nədən irəli gəlir? Bu gün Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə olan iqtisadi-siyasi sabitlik, xalq-iqtidar birliyi və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bunu deməyə əsas verir. Bildiyiniz kimi 24-26 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirdi. Həmin Forumda BMT-nin 200 üzvündən 193-ü iştirak edirdi. Demək olar ki, Ermənistan istisna olmaqla BMT-yə üzv olan bütün ölkələrin nümayəndələri Bakıda idi. Bu böyük bir göstəricidir. Bir sözlə, Azərbaycanda birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük bir Forum keçirildi. Bu gün Azərbaycan istənilən sosial layihələrə – iqtisadi layihələrə rəhbərlik edir. Ölkəmizdə milli, dini, etnik ayrı-seçkilik yoxdur və hamıya bərabər şəkildə yanaşılır. Təbii ki, bütün bunları da dünya görür. Məhz bu baxımdan da dünyanın aparıcı dövlətləri bütün tədbirlərini (BMT, AŞ, ATƏT, aparıcı dövlət başçıları, NATO və Rusiyaın hərbi rəhbərləri və s.) Azərbaycanda keçirir. Azərbaycan artıq sabit bir ölkəyə çevrilib. Təbii ki, bütün bunların da başında Azərbaycan Prezidenti cənab İlham Əliyev, onun apardığı siyasət və hər bir dövlətə, vətəndaşa yanaşma prinsipi dayanır.

Bu gün iqtisadi vəziyyəti ağır olan Ermənistanda Paşinyan hakimiyyəti çıxış yolu kimi ilk növbədə Rusiyadakı erməni vəsaitlərini ölkəyə cəlb etməkdə görür. Bu barədə siz nə düşünürsünüz?

Ermənistanın baş naziri Nikol Paşinyan heç cür ölkəsini dirçəldə bilməyəcək. Bu gün işğalçı ölkənin heç bir çıxış yolu yoxdur. Ermənistanın yeganə yolu Türkiyə və Azərbaycanla münasibətlərinin bərpa olunmasından keçir. Əgər onlar erməni xalqının, Ermənistanda yaşayan əhalinin güzəranının yaxşılaşmasını istəyirlərsə, bunlar Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidirlər və ölkəmizdə qarşılıqlı sülh yaradılmalıdır. Bundan sonra isə Azərbaycanın həyata keçirdiyi layihələrdə Ermənistanın iştirakı bu ölkəni xilas edəcək. Xalqların sülhə hazırlanması prosesi olduqca prosesdir. Bu gün Azərbaycanda kifayət qədər insan öz ailə üzvlərini, yurd-yuvasını, mülkünü itirib və ata-babasının məzarları darmadağın olub. Azərbaycanın xeyli sayda mədəni abidələri, məscidləri darmadağın edilib və muzeylərimiz talan olunub. Bu mənada həmin proses çox ağırdır. Amma əvvəl-axır sülh prosesi təmin olunmalıdır. Əgər Azərbaycanın haqq işi bərpa olunursa, ərazi bütövlüyü təmin olunursa biz buna gedəcəyik.

Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər. Azərbaycanda sabitlik, stabillik olduğu halda bu kimi çağırışlar nədən xəbər verir?

 AXCP sədri Əli Kərimlinin və onun ətrafının “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar etməsi sırf onlara verilən tapşırıq əsasında həyata keçirilirdi. Xaricdə oturan erməni lobbisi Azərbaycanda keçirilən bu cür tədbirlərin nüfuzuna xələl gətirməkdən, kölgə salmaqdan ötrü guya “xeyriyyə marafonu” adı altında bu cür kampaniya təşkil edirdilər. Burada bir növ təxribat var idi. Onların təbirincə, guya Azərbaycanda vəziyyət elədir ki, artıq burada “xeyriyyə marafonu”na ehtiyac var. Bu gün Azərbaycanda kasıbçılığın, işsizliyin həddi minimuma çatıb, əmək haqqları artırılıb. Təsəvvür edin ki, bu insanlar ölkəmizdə əmək haqqları, pensiyalar artırılan zaman“xeyriyyə marafonu” adlı kampaniya təşkil edirlər. Aydın məsələdir ki, onlar verilən tapşırığı yerinə yetirməlidirlər və nəticə etibarilə də bu addımı atırlar. O baxımdan da bunlar həmişə müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışan insanlardır. Məsələn görürsən ki, cəbhə bölgəsində hansısa hadisə baş verən kimi onlar yenə ayaqüstədirlər və hər bir olaya reaksiya verirlər. Bir sözlə, onlar Azərbaycanən əlehinə olan hadisələrə dərhal reaksiya verirlər. O baxımdan da bunların “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar etməsi sırf təxribat idi və hüquq-mühafizə orqanları da bu təxribatın qarşısını aldı”.

Siyavuş müəllim, milli maraqlarımıza əks addımlar atan Sevinc Osmanqızı zaman-zaman Azərbaycan dövləti tərəfindən mənzillə mükafatlandırılan jurnalistləri çirkin niyyətinin hədəfinə çevirir. Sizcə, onun şər-böhtan kampaniyasının arxasında nə dayanır?

Bu gün Sevinc Osmanqızı Amerikada müəyyən dairələrin, xüsusilə də erməni dairələrinin təsiri altındadır. Bu insan bir şeyi dərk etmir ki, onun valideyinləri də erməni təxribatından ziyan çəkib. Beləcə, o dairənin marağını həyata keçirən insan birinci növbədə öz valideyinlərinə xəyanət edir. Digər tərəfdən isə jurnalistlərə mənzillərin verilməsinin nəyi pisdi axı? Bu gün dövlətimiz tərəfindən evsiz jurnalistlərə mənzillər verilir, onların ailəsi sevindirilir və övladlarına şərait yaradılır. Onun fikrincə, guya jurnalistlər bununla ələ alınır. Burada heç bir jurnalistə qarşı ayrı-seçkilik belə yoxdur. Həmin mənzil alan jurnalistlər arasında “Azadlıq” qəzetinin, “Yeni Müsavat” qəzetinin əməkdaşları da olub. Mənzillər bərabər və ədalətli şəkildə jurnalistlərə təqdim olunub. Artıq jurnalistlər üçün tikilmiş üçüncü binada son tamamlanma işləri gedir. Digər mənzillər kimi burada da ədalətli şəkildə bölgülər olacaqdır. Bunun nəyi pisdir? İnsanların bir növ rahat şəkildə yazıb və yaratmaları üçün şərait yaradılır. Bu şəraitin əleyhinə çıxmaq isə ən böyük düşmənçilikdir. Hesab edirəm ki, jurnalistlər də kəskin şəkildə buna öz münasibətlərini bildirməlidirlər. Bu gün elə jurnalistlər var ki, 30-40 ildir ki, bu peşə ilə məşğuldurlar. Onların arasında evsizləri, ağır şəraitdə yaşayanları var və s. Bu mənada hesab edirəm ki, Sevinc Osmanqızının hadisələrə başqa don geyindirməyi onun çirkin xislətindən xəbər verir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı