Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqinə dair: reallıqlar, perspektivlər

Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyan ermənişünaslıq sahəsinin ölkəmizdə tədqiqi olduqca gəncdir və belə demək mümkündürsə, XX əsrin 80-ci illərindən bu sahə az-çox dərcədə öyrənilməyə başlanmışdır.

Ermənişünaslıq anlayışının ümumi məzmununu müəyyən etmək üçün, onu bu səpkili digər bilik sahələri ilə tutuşdurmaq zəruridir. Belə bir tutuşdurmadan sonra demək olar ki, ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında elmlərin məcmusudur. Aparılan araşdırmalar göstərir ki, hər hansı konkret ölkədə (Rusiya, Fransa, ABŞ, Almaniya və b.) ermənişünaslıq ümumi cəhətləri ilə birgə, müəyyən spesifikaya malik olur.

Lakin Azərbaycanda ermənişünaslıq sahəsinin tədqiqi bir qədər fərqli xüsusiyyətlər kəsb edir. Belə ki, bu gün Ermənistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları olması, həmin torpaqlarda yaşayan azərbaycan türklərinin taleyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində (tarixi Arsax) albanların deetnizasiyası, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, onların azərbaycanlılara qarşı soyqırımı və b. məsələlər Azərbaycanda ermənişünaslıq sahəsinin hüdudlarını genişləndirir və tədqiqat prosesində nəzərə alınmasını tələb edir.

Yuxarıda sadaladıqlarımızı tarixi mənbələrdən alınmış məlumatlarla zənginləşdirsək, görərik ki, Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir, bu torpaqlarda daş dövrü insanlarının yaşayış məskənləri mövcuddur, ermənilər isə Cənubi Qafqaza gəlmədirlər, aborigen deyillər, çarizm və onun sonrakı varisi tərəfindən köçürülmüşlər. Buna dair yüzlərlə mötəbər mənbə vardır. Görkəmli rus şərqşünası İ.M.Dyakonov yazır ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr – haylar eramızdan əvvəl təxminən XII əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar.  Cənubi Qafqazda, o cümlədən də indi Ermənistan adlanan ərazidə qədim türklər (saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar) hakim olanda həmin ərazidə ermənilərdən əsər-əlamət yox idi. Erməni tarixçisi Karen Yüzbaşov yazır ki, səlcuqların gəlişinədək – XI əsrdə indi Ermənistan adlandırılan ərazidə türklər yaşayırdılar.

Göründüyü kimi, tarixi mənbələrdən gətirdiyimiz məlumatlar Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsinin daha zəruri olmasını söyləməyə əsas verir. Əvvəla, Qafqaza və tarixi Azərbaycan torpaqlarına çarizm və onun sonrakı varisi keçmiş SSRİ rəhbərliyi tərəfindən köçürülən ermənilər üzərindən bir qədər zaman ötdükdən sonra özlərini köçürüldükləri Azərbaycan torpaqlarının əsl sahibi kimi aparmış, məskunlaşdıqları ərazilərdə də havadarlarının məqsədli yardımları ilə etnik təmizləmə siyasətinə başlamış, tarixi saxtalaşdırmış, hətta aborigen əhalinin maddi-mədəniyyət nümunələrini yer üzündən silmiş və ya özününküləşdirmiş və hazırda da bunu dövlət siyasətinin bir hissəsinə çevirmişlər.

Bax bu baxımdan qonşu ermənilərin məkrli dövlət siyasətinin qarşısnı almaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün Azərbaycanda ermənişünaslıq sahəsinin öyərnilməsi aktual bir məsələ kimi qarşıya çıxır. Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsini zəruri edən bu məlumatların təhlilindən sonra ölkəmizdə belə bir mərkəzlərin olub-olmamasına da diqqət yetirəsi olsaq, bu sahədə də boşluqların olduğunu görə bilərik. Dünyada, o cümlədən qonşu Gürcüstanda bir sıra ermənişünaslıq mərkəzlərinin XX əsrin əvvəllərindən fəaliyyət göstərmələrinə baxmayaraq, Azərbaycanda ermənişünaslığın institutlaşmasının son illərə qədər diqqətdən kənarda qalması da təəccüb doğurur. Əgər nəzərə alsaq ki, bəhs olunan ölkələr Azərbaycan kimi ermənilərin məkrli planları ilə üz-üzə qalmayıb, hətta onların torpaqlarına bu şəkildə ermənilər köçürülməyib, eyni zamanda onlar 1905-1906, 1918-1920-ci illərdə olduğu kimi soyqırımlara, 1948-1953-cü illərdəki kimi deportasiyalara məruz qalmayıblar, onda bəhs olunan ölkələrdə deyil, Azərbaycanda bu sahənin öyrənilməsi daha erkən başlanmalı idi. Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Azərbaycanda ermənişünaslığa aid edilən əsərlər müxtəlif ali məktəb, mətbuat və başqa sahələrdə çalışan şəxslər tərəfindən yazılmışdır. Müqayisə üçün qeyd edək ki, Tbilisi Universitetində 1922-ci ildə armenistika kafedrası (rəhbəri L.M.Meliksetbek) açılmışdı. 1960-cı ildə yaradılmış Gürcüstan EA Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi. Ermənistanda isə türkologiya, qafqazşünaslıq, xüsusilə gürcüşünaslıq və albanistikanın institutlaşması səviyyəsi XX əsrin 20-ci illərindən başlamışdır. Azərbaycana gələsi olsaq, yenə də bu sahədə geri qaldığımızı açıq şəkildə görə bilərik. Bununla yanaşı, 2012-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində “Ermənişünaslıq” elmi-tədqiqat laboratoriyası ( 2017-ci ildən “Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzi” ) və 2015-ci ildə AMEA Qafqazşünaslıq İnstitutunun yaradılması və İnstitutun tərkibində “Ermənişünaslıq” şöbəsinin açılması bu sahədə olan boşluqlara bir töhfə kimi qiymətləndirilə bilər. Düzdür, bəhs olunan mərkəz və şöbələr yenidir, burada çatışmazlıqlar da mövcuddur. Xüsusilə kadr çatışmazlığı bu sahədə ən vacib amillərdəndir. Ermənilərin Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı düşmən münasibətini nəzərə alsaq, sözün əsl mənasında bu sahədə böyük boşluqların olduğunu görməmək mümkün deyil.

Bəhs olunan boşluqların aradan qaldırılması, qısa müddətdə Azərbaycanda ermənişünaslıq sahəsinin lazımi səviyyəyə qaldırılması üçün ilk öncə bu sahədə kadr potensialını artırmalı, bu sahə üzrə müvafiq dərslik və ədəbiyyatların yazılması işi sürətlənməli, dünyanın qabaqcıl ermənişünaslıq mərkəzləri, xüsusilə Türkiyə, Rusiya, Gürcüstan, ABŞ-dakı bu tipli mərkəzlərlə ikitərəfli və çoxtərfli əlaqələr qurulmalı və bu sahə dövlətimizin stateji maraqlarının tərkib hissələrindən biri kimi hər zaman diqqət mərkəzində olmalıdır. Əgər belə olarsa, tarixi həqiqətləri bərpa edərək dünya dövlətlərinin diqqətinə çatdıra, düşmənin məkrli siyasətinin qarşısını ala, işğal altında olan ərazilərimizi düşmənimizin siyasi, iqtisadi, mədəni, mənəvi terrorundan xilas edə və gələcək nəsillərə çatdıra bilərik!

Ziyad ƏMRAHOV

Tarix üzrə fəlsəfə doktoru,

AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here