RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.10.08 17:26

Əski türk kişilərində sırğa taxma adət

246

Sırğa – asırğa sözündəndir. Bu söz asmaq sözündən törəmişdir. Türkiyə türkcəsində sırğa anlamında işlənən “küpə” sözü fars kökənli sözdür. Bu söz fars dilində “şahid”, “tanıq” anlamı verir ki, bu da sırğanın daşımış olduğu anlama çox yaxındır.

Əski dövlətlərin və millətlərin bir çoxunda – o cümlədən, Babilistanda, Yunanstanda, Romada, ərəblərdə, türklərdə kişilərin sırğa taxma adəti geniş yayılmışdı. Bir zamanlar Göytürk Xaqanlığının hökm sürdüyü ərazilərdən tapılan kişi heykəllərinin qulağında – qadın heykəllərində olduğu kimi – sırğa təsvirləri var. Əski toplumlarda sırğa bəzək olsun deyə taxılmırdı. Hər toplumun sırğa taxma nədəni vardı. Sırğa bir növ “bildiriş nişanı” idi. Fars dilində verdiyi anlama uyğun olaraq “tanıq” idi, sahibinin kimliyini tanıdırdı. Sırğa, qarşısındakına sırğa taxanın kimliyi haqqında bilgi ötürürdü. Məsələn;

Əski ərəblərdə və yəhudilərdə sırğa, sahibinin kölə olduğunu bildirirdi. Lakin İslam meydana gələndən sonra ərəb dünyasında, sonralar isə İslam coğrafiyasında kişilərin sırğa taxma adəti tədricən aradan qaldırıldı.

Moğol və Babil kişilərinin taxdığı sırğalar onların daşıdığı rütbələri bəlli edirdi.

Əski Yunan kişiləri cingiltili, Roma kişiləri qabarıq bilinən və qiymətli daşlarla bəzənmiş daha böyük sırğalar taxardılar.

Dənizçilərin və uzaq səfərə çıxanların yolda ölərlərsə, dəfn xərclərini qarşılamaq üçün sırğa taxdıqlarını yazan qaynaqlar var.

“Dədə Qorqudun kitabı”nda da “altın küpəli Oğuz bəyləri” haqqında danışılır.

Əski Türk Xaqanlarının, orta yüzilliklərdə yaşamış türk böyüklərinin – Şah İsmayıl Xətayinin, Ağqoyunlu ordu başçılarının, Sultan Səlimin və digərlərinin də sırğa taxması haqda bilgilər var. Bəzi araşdırmaçılara görə Şah İsmayıl Xətayinin taxdığı sırğa onun inancını simgələyirdi. Bir çox əski toplumlarda sırğa köləliyi simgələdiyi kimi Şah İsmayıl da sırğa taxmaqla özünü aşırı sevgi duyduğu “Əlinin köləsi”, bəzi (və daha ağlabatan) yorumlara görə isə Əlinin timsalında “Göy Tanrının qulu” – Tanrıçı olduğunu nişan verirdi. Ümumiyyətlə orta yüzilliklərdə bəzi türk-islam təriqətlərində inancın simgəsi kimi sırğa taxılması geniş yayılmışdı: “…orta əsrlərdə böyük nüfuza malik “bəktaşiyyə” təriqətinin sıravi üzvləri ağ əba geyinir, başlarına hündür ağ papaq qoyurdular. Bəktaşi dərvişləri hücrələrdə yaşayır, dünyəvi işlərdən imtinanın simvolu kimi sırğa daşıyırdılar”. (Ə.Həbibbəyli, “Sivilizasiyaların kəsişməsində türk dünyası”, Bakı-2011) Tanınmış türk bilgini Faruk Sümər 1954-cü ildə qələmə aldığı “Eski Türk Erkeklerinde Kıyafet ve Küpe Takma Adetine Dair Notlar” adlı araşdırmasında yazır:

“…Osmanlı tarihçilerinden Müneccimbaşı Ahmed Dedenin sözlerine göre, büyük cihangir Timurun kulaklarında kıymetli inci küpeler vardı. Timurun kurnaz ve tehlikeli bir hasmı olan Karakoyunlu hükümdarı Kara Yusufun da altın küpeler taktığını biliyoruz”.

Sultan Səlimin sırğa taxmasının nədəni haqqında bir neçə rəvayət var;

1. Sultan Səlim geyimini dəyişərək özünü tanınmaz duruma salmış, Təbrizə gəlmiş və burada Şah İsmayılla şahmat oynamışdı. Bu oyunda yenilən Şah İsmayıl qəzəblənmiş və Səlimə bir şillə vurmuşdu. Səlim də “qulağımda sırğa olsun”, yəni unutmasın –deyə sırğa taxmağa başlamışdı.

2. Sultan Səlim İslam dünyasının qutsal sayılan torpaqlarını fəth etdiyi zaman onun ünvanına “hakimül-hərəmeyn” (iki qutsal yerin hakimi) deyildiyini eşidincə, sırğa taxmış və özünü “xadimül-hərəmeyn” (iki qutsal yerin xidmətçisi) adlandırmışdır.

3. Osmanlı gələnəyinə görə taxtın varisi sultanın böyük oğlu idi. Şahzadə Səlim isə sultanın böyük oğlu deyildi. Sultanın böyük oğlu və varisi şahzadə Əhməd idi. Atası sultan Bəyaziddən sonra taxta oturmaq üçün qonşu türk dövləti olan Səfəvilərin Anadoluda yaşayan çoxsaylı tərəfdarlarının rəğbətini qazanmaq məqsədilə şahzadə Səlim sırğa taxmağa başlamışdır. Bununla da özünün əski türk xaqanlarının soyundan gəldiyini bəyan etmək istəmişdir. Bilindiyi kimi Osmanlı dövləti İslam gələnəklərinə və qanunlarına, Şah İsmayılın başçılıq etdiyi Səfəvi dövləti isə daha çox əski türk gələnəklərinə əsaslanırdı.

4. Sultan Səlim Misri fəth edərkən sırğa taxan kişiləri görmüş, nədənini soruşunca “sırğa taxanlar kölələrdi”-cavabını almışdı. Bundan sonra “mən də haqqın köləsiyəm”-deyib sırğa taxmağa başlamışdı. Çağdaş Türkiyənin sırğa taxan ünlü diplomatlarından biri: “Yavuz Sultan Səlim özünün Allahın və xalqın xidmətçisi olduğunu ifadə etməsi üçün sırğa taxırdı. Mənim də sırğa taxmağımın anlamı budur” –deyərək sonuncu rəvayətə işarə vurmuşdu. Lakin bütün bunlara baxmayaraq Sultan Səlimin sırğa taxmadığını, Topqapı sarayındakı Sultan Səlimin rəsmi hesab edilən və məhz onun rəsmi kimi dərsliklərə salınan sırğalı rəsmin əslində Sultan Səlimə aid olmadığını iddia edən araşdırmaçılar da var.

Əski qıpçaq soylarında kişilərin sırğa taxması daha fərqli və ilginc anlam daşıyırdı. Onların bir qulağa və bəzi hallarda hər iki qulağa taxdıqları sırğalar ayrı-ayrı “bildiriş nişanı” idi;

1. Ailədə cəmi bir oğul vardısa, o zaman həmin oğlanın qulağına bir sırğa taxılardı. Bu, həmin gəncin mənsub olduğu ailənin yeganə oğlu olduğunu bildirirdi. Əski türk törələrinə görə ailənin yeganə oğlu orduda xidmət edərkən ordu rəhbərlərinin nəzarətində saxlanılır, təhlükəli yerlərə və döyüşlərə göndərilmirdi. Bu yolla cəmi bir oğlu olan ailənin davam etməsi təmin olunardı.

2. Əyər orduda bir deyil, hər iki qulağında sırğa olan gəncə rastlanardısa, bu, həmin gəncin təkcə ailəsinin deyil, ümumilikdə mənsub olduğu soyun, nəslin yeganə oğul nümayəndəsi olduğunu bəlli edərdi. Belə gənclər soyun davam etdirilməsi üçün özəlliklə ciddi şəkildə qorunardı. Bu adət bir qədər fərqli şəkildə Azərbaycanda da mövcud olmuşdur. A.Mustafayev “Azərbaycanın maddi mədəniyyət tarixi” adlı əsərində yazır: “Azərbaycanın bir sıra bölgələrində əziz-xələf oğlan uşaqlarının qulağının bir tayına “heydəri” sırğa taxmaq adəti yaxın keçmişədək davam etmişdir”. Ümumiyyətlə Azərbaycanda sırğadan istifadə olunmasının tarixi çox əski çağlara dayanır. Bu haqda “Azərbaycan arxeologiyası” kitabında belə yazılır:

“Naxçıvan nekropolunun dağılmış qəbirlərindən qara, boz, polixrom boyalı gil qablar, tunc bilərzik, üzük, sırğa və müxtəlif minerallardan hazırlanmış muncuqlar tapılmışdır. Qara və boz rəngli qabların bir qismi çəhrayı astarlı, bir qismi isə hündür ayaqlı, tək qulplu, qədəh tiplidir. Onların üzəri yüngülcə cilalanmış, bəzilərində cilalayıcı alətin izləri qalmışdır. Arxeoloji materiallara əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilmişdir”. (V.Baxşəliyev, “Azərbaycan arxeologiyası” I cild, Bakı-2006).

Yeri gəlmişkən, bu məqamda qeyd edim ki, mənsub olduğum Türkün Kolanı soyunda uşaqkən qulağına sırğa taxılan bir neçə kişini şəxsən görmüşəm. Yaşlı nəsil izah edir ki, elatda oğlan uşağı qalmayan (olub qısa sürə sonra ölən) qadınlar vardı. Yaşlı nəslin tövsiyəsi ilə belə qadınların dünyaya gətirdiyi növbəti oğlan uşağının qulağına sırğa taxılardı. Sırğa bir neçə il – 7-8 yaşına çatana qədər həmin oğlan uşağının qulağında qalardı.

Əski türklərdə nişanlanan qızlara da sırğa taxılardı. Sırğa həmin qızın ad olunduğunu, adaxlı olduğunu nişan verərdi. Lakin İslam dininin türk coğrafiyasında yayılmasından sonra türk qadını da İslamın tələbinə uyğun olaraq başına çadra örtdüyü üçün sırğa-nişan görünməz olurdu. Odur ki, 11-ci yüzillikdən başlayaraq türk qadının həyatında sırğa “öz yerini” üzüyə verməyə başladı.

İstifadə edilmiş qaynaqlar:

1. Azərbaycan tarixi I cild, (7 cilddə, Bakı, 2007)

2. A.Mustafayev, “Azərbaycanın maddi mədəniyyət tarixi” (Bakı, 2009)

3. A. Qurbanov “Damğalar, rəmzlər… mənimsəmələr” (Bakı, 2013)

4. “Kitabi-Dədə Qorqud” (Bakı, 2004)

5. V.Baxşəliyev, “Azərbaycan arxeologiyası” I cild, (Bakı-2006)

6. Ə.Həbibbəyli, “Sivilizasiyaların kəsişməsində türk dünyası”, (Bakı-2011)

7. Bahaeddin Ögel, “İslâmiyetten Önce Türk Kültür Tarihi” (Ankara, 1984)

8. M. TEZCAN, “Orta Asyada ve Oğuz Türklerinde Küpe Takma Geleneğinde İndo-İran Kültürü Tesirleri” (İstanbul, 2009)

9. AYDEMİR Adem, “TÜRK FOLKLORUNDA NİŞANLANMA ve EVLİLİK SEMBOLÜ OLARAK; “GERDANLIK, KÜPE VE YÜZÜK” (Türk Dünyası Tarih Kültür Dergisi, Sayı: 282, HAZİRAN 2010).

10. M. Ziya Binler, “Gök Türk Devrinde Evlenme Törenleri”, (Türk Dünyası Tarih Kültür Dergisi, Sayı: 126, Haziran 1997).

11. Türk Mitoloji Ansiklopedisi (e-kitab -2012)

12. “Türkler” III cild (Yeni Türkiyə yayınları, Ankara – 2002)

Namiq Hacıheydərli

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı