“Expo – 2025”in Bakıda keçirilməsi insan kapitalı siyasətinin atributuna çevrilə bilər

Ötən 26 il ərzində keçmiş Sovet İttifaqından müstəqillik əldə etmiş Azərbaycan özünü həqiqətən müstəqil bir ölkə kimi bərqərar etməyə müvəffəq olmuşdur. Bu müvəffəqiyyətin əsasını dövlətin milli maraqlarına söykənərək əhalinin hərtərəfli və davamlı inkişafını hədəfləyən siyasət təşkil edir. Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür. Bizim pavilyonlarımız son üç sərgidə – 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq.

Ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir.

Azərbaycan ərazilərinin 20 faizinin erməni qəsbkarları tərəfindən işğalı ilə nəticələnən qanlı Dağlıq Qarabağ münaqişəsinə, yeni siyasi sistemə və bazar iqtisadiyyatına keçiddən ərsəyə gələn ciddi siyasi, iqtisadi və sosial böhrana baxmayaraq, Azərbaycan özünü siyasi cəhətdən sabit və iqtisadi cəhətdən inkişaf edən bir ölkə kimi sübut etdi. Əhalinin əsas inkişaf ehtiyaclarını təmin etməklə yanaşı, Azərbaycan hökuməti ölkənin beynəlxalq imicini möhkəmləndirmək istiqamətində uğurlu bir kampaniyaya başladı. Son illərdə 1-ci Qlobal Gənclər Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, birinci Avropa Oyunları, 42-ci Dünya Şahmat Olimpiadası, “Formula 1” Bakı Qran prisi, IV İslam Həmrəyliyi Oyunları, Mədəniyyətlərarası Dialoq üzrə Forum (“Bakı prosesi”) kimi beynəlxalq tədbirlər həyata keçirildi.

Ötən il Azərbaycan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi ilə bağlı təklifini irəli sürərək, növbəti vacib bir kampaniyaya imza atdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, təklif olunan mövzunun əsas hədəfi “biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq” devizidir. Birinci vitse-prezident çıxışında xüsusilə 2018-ci ildə bizim müsəlman dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyimizi vurğulamışdı. Əlbəttə, bu təsadüfi deyildi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün vətəndaşların hüquqlarının bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoymuşdur. Hələ 1918-ci ildə Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olmuşdur. Şübhəsiz ki, bütün Şərq ölkələrinə bir sıra mütərəqqi qanunlarda Avropa ölkələrini belə qabaqlayan cümhuriyyət kimi bir qiymətli dəyərin sahibi Azərbaycan xalqı və müasir Azərbaycan dövlətidir.

Müstəqilliyin bərpasından sonra keçid dövrü və xüsusilə, ölkəmizdəki bütün fəaliyyət sahələrinə zərər vuran Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə davamlı insan inkişafının əhəmiyyətini vurğuladı. 1995-ci ildən başlayaraq BMT-nin İnkişaf Proqramı (BMT İP) Azərbaycan hökuməti ilə tərəfdaşlıq edərək ölkəmizdə insan inkişafının vəziyyəti haqqında insan inkişafı üzrə illik milli hesabatların nəşrinə başladı. Ümumilikdə, 1995-ci ildən etibarən BMT  İP Azərbaycan üçün ölkənin insan inkişafı sahəsində davamlı uğurlarını özündə əks etdirən və cəmiyyətin müxtəlif qruplarını təmsil edən milli ekspertlər komandası tərəfindən hazırlanmış 9 Milli İnsan İnkişafı Hesabatını nəşr etdi.

1994-cü il sentyabrın 20-də Azərbaycan hökumətinin “Əsrin müqaviləsi”ni beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalamasından sonra Azərbaycanda insan inkişafı və insan kapitalının formalaşması məsələsinə daha çox əhəmiyyət verilmişdir. Neft gəlirlərini effektiv idarə etmək və davamlı inkişafa yönəltmək üçün Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Bu hadisə həm də Azərbaycan hökümətini səmərəli insan inkişafı siyasəti qurmaqda ilk günlərdən dəstəkləyən BMT İP-ın fəaliyyəti üçün də dönüş nöqtəsi idi. Neft gəlirlərinin insan inkişafına yatırılmasına əsaslanan “qara qızılın insan kapitalına çevrilməsi” siyasətinin ideyasını irəli sürərək, BMT İP Azərbaycan höküməti ilə əməkdaşlığının yeni mərhələsinə qədəm qoydu. 2002-ci ilin aprel ayında keçirilən BMT İP-nin yoxsulluq və məşğulluq üzrə konfransı azərbaycanlı gənclərin xaricdə təhsil alması və bu məqsədilə neft gəlirlərindən istifadə olunması məsələsinin aktuallığı ilə fərqlənirdi. Bu siyasətin sayəsində minlərlə azərbaycanlı gənc xaricdə nüfuzlu universitetlərdə təhsil almağa imkan əldə etdi.

2000-ci ildə BMT-nin Minillik Bəyannaməsini imzaladıqdan sonra Azərbaycan hökuməti insanların rifahının yüksəldilməsinə daha böyük diqqət yetirərək,“Minilliyin İnkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində daha səmərəli fəaliyyəti davam etdirmişdir. Nəticədə 2002-ci ildə BMT İP-in dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramını təsdiq etdi. Azərbaycan Milli İnsan İnkişafı Hesabatının 2002-ci il üçün buraxılan nəşrində vurğulandığı kimi, hökumət yoxsulluğun azaldılmasını insan inkişafı üçün əsas şərt olaraq önə çıxardı. Bütün bu inkişaflar nəticəsində 2004-cü ildən 2014-cü ilə qədər ölkədə bir milyon altı yüz mindən çox iş yeri yaradılmış və yoxsulluq səviyyəsi
40 faizdən 5 faizə endirilmişdir.

Ölkənin davamlı inkişafı prosesini səmərəli idarə etmək məqsədi ilə yeni nəsil qərarverici mütəxəssislər yetişdirmək üçün Azərbaycan hökuməti ölkənin bütün orta məktəblərində davamlı insan inkişafı üzrə tədris proqramına start verdi. Bu tədris proqramı orta məktəb kurrikulumuna əlavə edildi və bu, 2003-cü ildə Azərbaycanın orta məktəbləri üçün davamlı insan inkişafı üzrə dünyanın ilk dərs kitabının nəşr olunmasına gətirib çıxardı. BMT-nin qərargahında bu yanaşma “innovativ fikir və fəaliyyət” kimi dəyərləndirilmişdir.

Azərbaycan Respublikasının hökuməti tərəfindən davamlı insan inkişafı siyasəti vasitəsilə ölkədə insan kapitalının formalaşmasını stimullaşdırmaq üçün yuxarıda qeyd edilən addımlar nəticəsində Azərbaycan 2016-cı il insan inkişafı hesabatında yüksək insan inkişafı indeksi olan ölkələr siyahısına daxil edilmişdir.

Azərbaycanın insan inkişafı siyasəti vasitəsilə insan kapitalının formalaşması istiqamətində davamlı irəliləyişi onun “Expo 2025” üçün – “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” – mövzusunu tam uyğun edir. Əminliklə deyə bilərik ki, “Expo – 2025”-in Bakıda keçirilməsi insan kapitalı siyasətinin atributuna çevrilə bilər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir.” Ümumdünya sərgisinin Bakıda keçirilməsi Azərbaycana böyük üstünlüklər gətirə bilər. Bu, ölkəmizin inkişafı üçün yeni yollar açacaq və iqtisadiyyatımızın bütün sahələrinə fayda gətirəcəkdir.

Məzahir Əfəndiyev,
BMT-nin İnkişaf Proqramının layihə rəhbəri,
Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlılar Assosiasiyasının sədri

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here