Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Fransada beynəlxalq konfrans keçirilib

Fransanın Nitsa şəhərində Sofiya Antipolis Universiteti və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Həmrəylik fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda universitetin vitse-prezidenti, professor Kristian Vallar çıxış edərək hər iki ölkənin elmi əlaqələrindən bəhs edib, həmçinin 2017-ci ilin əvvəllərində Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki görüşlərindən danışıb.

Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə “Həmrəylik və hüquq: problemin fəlsəfi-etik konteksti” mövzusunda çıxış edib. Alim çıxışında klassik fəlsəfi məktəbin nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləmələrini diqqətə çatdırıb, problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.

Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Həmrəyliyin Azərbaycan modeli: konstitusion əsaslar” mövzusunda çıxış edib. O, bu modelin hüquqi əsaslarından danışıb, həmrəyliklə bağlı Azərbaycan və Fransa qanunvericiliyinin müqayisəli təhlilini aparıb.

Konfransda AMEA-nın Azad Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktoru, professor Qabil Qurbanov, Fəlsəfə İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Sofiya Antipolis Universitetinin hüquqi və siyasi elmlər fakültəsinin dekan müavini, professor Ksavye Latur və digərləri çıxış edərək həmrəylik məfhumunun müxtəlif aspektləri barədə öz fikirlərini bildiriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here