Fərasət Qurbanov: QHT-lərdən xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2017-ci il qrnat müsabiqəsi ilə bağlı suallara aydınlıq gətirib…

– Şura bu günlərdə növbəti qrant müsabiqəsi elan edib. Müsabiqə mövzularının müəyyən olunmasında QHT-lərin fikrini öyrənirsinizmi?

– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il üçün QHT layihələrinin maliyyələşməsi məqsədilə qrant müsabiqəsi elan edib. Müsabiqə üzrə layihələrin elektron qaydada toplanması 01-30 dekabr 2016-ci il tarixini əhatə edir. Müsabiqəyə 17 mövzu təqdim olunub. Müsabiqə mövzuları ilk növbədə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit olunan mövzular əsas götürülməklə müəyyənləşdirilir. Bununla yanaşı, Şura hər il QHT-lərin iştirakı ilə ictimai müzakirələr keçirir, müsabiqə mövzuları ilə bağlı QHT-lərin fikirlərini öyrənir və onları nəzərə alır. Bu il də müsabiqə mövzularını təqdim etməzdən əvvəl Şura noyabrın 22-də ictimai müzakirə təşkil etdi. Bu tədbirdə yüzlərlə QHT rəhbəri iştirak etdi və mövzularla bağlı 30-a yaxın təklif verildi. Bu təkliflər də Şura tərəfindən nəzərə alınıb.

– Şuranın noyabrın 22-də təşkil etdiyi tədbirdə layihələrin qəbulu üzrə yeni elektron proqramın təqdimatı olub.

– Bəli, yenilənmiş elektron proqram artıq QHT-lərin istifadəsinə verilib. Bu proqram əvvəlkindən fərqli olaraq QHT-lər üçün daha rahat imkanlar yaradır. Sadəcə QHT-lərin proqramın tələblərinə diqqətlə əməl etmələri lazımdır.

İlk növbədə QHT-lər www.e-qht.az portalına “E-ərizə” bölməsinə daxil olmalıdırlar. Burada ekranda iki xana görünür. Həmin xanalara VÖEN və şifrəni daxil etməklə “Qeydiyyat” düyməsini sıxmaq lazımdır. Bu zaman QHT-nin daimi virtual kabineti yaranır. Kabinetdə “Təşkilat haqqında”, “Layihələr” və “Müsajlar” bölmələri görünür. Qeydiyyatdan keçmək üçün birinci addım kimi “Təşkilat haqqında” bölməyə daxil olaraq bütün xanaları doldurmalı və əlavələri yükləmək lazımdır. Bütün məlumatların daxil edilməsinə və əlavələrin yüklənməsinə əmin olduqdan sonra “Şuraya göndər” düyməsini sıxmaq lazımdır. Bildirmək istəyirəm ki, QHT-lərin bazada sərbəst işləməsi və lazımi düzəlişləri etməsi üçün burada “Redaktə et” və “Yadda saxla” düymələri də var. Bu da QHT-lərə daxil etdiyi məlumatları Şuraya göndərməzdən əvvəl lazımi düzəlişlər və əlavələr etməyə imkan yaradır.

Ötən illərdən fərqli olaraq QHT-lərdən elektron ərizə proqramına yalnız bir dəfə qeydiyyatdan keçmək tələb olunur və bu qeydiyyat QHT-lərə Şuranın növbəti müsabiqələrində də iştirak imkanı yaradır.

Qeydiyyatdan keçən QHT-lərə Şura tərəfindən bildirişlər göndərilir. Bu bildirişlər QHT-nin bazaya daxil etdiyi birinci elektron poçt ünvanına, QHT-nin virtual kabinetdəki mesaj ünvanına və bazada birinci qeyd etdiyi mobil telefon nömrəsinə göndərilir. Layihələrin qeydiyyatı da eyni prosedurlarla aparılır. Ona görə də QHT-lər elektron poçt ünvanlarını və telefon nömrələrini yazarkən diqqətli olmalıdırlar. QHT tərəfindən daxil edilən hər hansı bir səhv məlumat onun qeydə alınmasında problem yarada bilər.

– Budəfəki qrant müsabiqəsində diqqəti çəkən məsələlərdən biri də videomaterialların hazırlanması ilə bağlı oldu.

– Bəli, müsabiqə mövzularına fikir versəniz görəcəksiniz ki, burada 8-ci mövzu “İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı videoçarxların və sənədli filmlərin hazırlanması” adlanır. Bu heç də təsadüfü seçim deyil. Ötən illərin təcrübəsi göstərdi ki, bəzi QHT-lər təqdim etdikləri layihələrdə ayrı-ayrı istiqamətlər üzrə müxtəlif mövzularda videomaterialların hazırlanmasını təklif edirlər. Bildiyimiz kimi, videomaterialların ekspertizası xüsusi və peşəkar yanaşma tələb edir. Şura bununla bağlı müvafiq qərar qəbul edərək videomaterialların ekspertizası üzrə komissiya yaradıb və o, üzərinə düşən işi uğurla icra edir. Təəsüflər olsun ki, Şuraya təqdim olunan videomaterialların heç də hamısı tələb olunan standartlara cavab vermir və belə halda onların yayımlanması ciddi narahatlıq doğurur. Bununla yanaşı, bəzən layihələrin daxilində videomaterialların hazırlanması nəzərdə tutulsa da, QHT büdcədə buna az vəsait ayırır ki, bu da materialın keyfiyyətinə ciddi təsir göstərir. Bütün bunları nəzərə alaraq, Şura 2017-ci il qrant müsabiqəsində videoçarxların və filmlərin hazırlanmasını ayrıca mövzu kimi verib. Hansı QHT videomaterialın hazırlanmasını təklif edirsə, yalnız 8-ci istiqaməti seçməlidir. Digər müsabiqə istiqamətləri üzrə Şuraya təqdim olunan layihələrdə videoçarxların və sənədli filmlərin hazırlanması göstərilə bilməz. QHT-lərdən xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar.

QHT-lərə əsas tövsiyəmiz budur ki, müsabiqənin qaydaları və şərtləri ilə yaxından tanış olsunlar və Şuraya layihə təqdim edərkən bu qaydalara əməl etsinlər.

Trend