Fərid Qarazadə – Bakı 2015 1-ci Avropa Oyunları – Azərbaycan üçün yeni...

Fərid Qarazadə – Bakı 2015 1-ci Avropa Oyunları – Azərbaycan üçün yeni üfüqlər!

Fərid Qarazadə

Bakı 2015 1-ci Avropa Oyunları – Azərbaycan üçün yeni üfüqlər!
Ölkəmiz 12-28 iyun tarixlərində bütün Avropa tərəfindən izləniləcək olan 1-ci Avropa Oyunlarına ev sahibliyi edəcək. İndiyənə qədər 30-dan çox ölkənin televiziya və mətbuat orqanları ilə bağlanılan müqavilələr bu möhtəşəm idman bayramının nəinki “Köhnə qitə”də bütün dünyada səs duyuracağına şübhə yeri qoymur. 253 yarış, 20 idman növü, 6000-dən çox idmançı və oyunlar müddətində çalışacaq 20000-ə yaxın könüllü. Rəqəmlər insanın gözünə necə də çox görünür elə deyil? İndi hər bir Azərbaycan vətəndaşı ağlında bu suala cavab axtarır: “Avropa Oyunları ölkəmizə nə verəcək?”. Bu möhtəşəm idman bayramı Azərbaycan üçün dünyaya açılan yeni üfüqlər hesab oluna bilər! Bakı 2015 1-ci Avropa Oyunlarının İşçi Qrupunda çalışan yerli mütəxəssislər təcrübəli əcnəbi kadrlar yanında daha da peşəkarlaşacaq və ölkəmiz artıq bu kimi irimiqyaslı tədbirlərin keçirilməsində gələcəkdə çox problem yaşamayacaq. Nəzərə alsaq ki, “Odlar yurdu” 2017-ci ildə İslam Həmrəylik Oyunları və bir sıra qitəmiqyaslı idman tədbirlərinə də ev sahibliyi edəcək. Bu Avropa Oyunlarının verdiyi faydanı bir qədər də dəyərli edir. Həmçinin, 20000-ə yaxın könüllünün ölkəmizdə əksəriyyətinin gənclərdən, daha dəqiq desək tələbələrdən ibarət olacağını təxmin etmək elə də çətin deyil. Və maraqlısı budur ki, bir çox gənc könüllü ilk dəfə iş təcrübəsini məhz bu irimiqyaslı tədbirdə yaşayacaq! Bu maraqlı və bir o qədər də öyrədici könüllü iş təcrübəsindən sonra ölkə gəncləri gələcəyə daha ambisiyalı, daha həvəsli baxacaq, bəziləri xarici dil biliklərini artırmağa səy göstərəcək. Təbii ki, bu onların dərslərini də öz faydasını verəcək. Digər tərəfdən Avropa Oyunları ölkəmizə bütün dünya ölkələrinin paxıllıq edə biləcəyi idman kompleksləri bəxş edir! Hələ yerli publika qarşısında belə yüksək səviyyəli yarışda önündə mübarizə aparacaq gənc azərbaycanlı idmançıların qazanacağı təcürbəni demirəm. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi 65 min tutuma malik Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, tamamilə yenilənmiş Heydər Əliyev adına İdman Arenası, Bakı İdman Zalı və.s Sonda Avropa Oyunları qədim mədəniyyəti və zəngin tarixi olan Azərbaycanımızı, doğma Bakını bütün dünyaya tanıtdıracaq!
Ümid edək ki, daim öz təşkilati uğurları ilə tanınan ölkəmiz bu yarışların da öhdəsindən gəlməyi bacaracaq. Biz yeni idman qəhramanlarımıza məhz bu yarışda ilk dəfə “əhsən” deyib fəxr edəcəyik. Qoy Vətən idman və idmançıları ilə ucalsın!

Ulu Öndər Heydər Əliyev: “İdman kimi Azərbaycan rəmzlərini uğurla təmsil edən ikinci bir vasitə yoxdur”

Prezident İlham Əliyev: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”