İctimaiyyətə məlum olmayan faktlar ortaya qoyuldu

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda sovet işğalına qarşı 1920-1937-ci illər milli müqavimət hərəkatından bəhs edən “On yeddi illik mücadilə” kitabı çapdan çıxıb.

Azərbaycan milli mübarizə tarixinə yeni töhfə olan kitabın müəllifləri tanınmış tədqiqatçılar, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri Anar Turan və Ceyhun Bayramlıdır.

Kitabda XX əsr Azərbaycan tarixinin ən keşməkeşli dövrü olan 1920-1937-ci illərdə Azərbaycan xalqının işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab Sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir.

Mənbə məlumatlarına və arxiv sənədlərinə əsasən ərsəyə gəlmiş kitab 6 fəsildən, 256 səhifədən ibarətdir.

Kitabda 27 aprel 1920-ci il çevrilişindən sonra bolşevik diktaturasının qurulması, milli düşüncə mənsublarının təqibi, Azərbaycanda amansız bolşevik rejiminə qarşı Gəncə, Qarabağ, Zaqatala, Şəki, Quba, Şamaxı, Xızı üsyanları ətraflı işıqlandırılmış və yeni faktlar ortaya qoyulmuşdur.

Bundan başqa, Azərbaycan xalqına qarşı milli-mənəvi terror, zadəgan və bəy zümrəsinin mübarizəsi və onların başında dayanan isimlərdən Cahangir bəy Kazımbəyli, Bəhram bəy Nəbibəyov, Əli bəy Zizikski, Cavad bəy Şıxlinski, sonradan qaçağa çevrilən Mayıl Ağa, Kərbəlayi İsmayıl, Qəmlo, Hüseynqulu xan Xoyski, Möhübəli Əfəndi Kuzunvi barədə sanballı məlumatlara yer verilımişdir. Milli mübarizənin önündə gedən Bakı qoçuları, Gəncə, Şəmkir, Naxçıvan qaçaqları barədə də faktlara əsaslanan məlumatlar verilmişdir.

Kitabın əsas özəlliklərindən biri də sovet hakimiyyətinə qarşı ideoloji mübarizənin önündə gedən və çoxları məhkəməsiz, sübutsuz güllələnmiş, Sibirə sürgün edilmiş F. Köçərli, Ə. Cavad, M, Hadi, H. Cavid, S. Mümtaz, S. Hüseyin, Ü. Sadıqzadə, Y. Çəmənzəminli, M. Altunbay və digərlərinin həyat və fəaliyyəti araşdırılmışdır.

Kitabda, o cümlədən, sovetlərə qarşı milli mücadilənin Azərbaycan sovet ədəbiyyatında izləri və bu barədə yazılan əsərlər, çəkilən filmlər də tədqiq olunmuşdur.

Professor Musa Qasımlının elmi redaktorluğu və professorlar Anar İskəndərov, Hamlet İsaxanlı, fəlsəfə doktoru Dilavər Əzimlinin rəyləri ilə çap olunan kitabın məsləhətçiləri “Xalq qəzeti”nin baş redaktoru, “Əməkdar jurnalist” Həsən Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdir. “Ön söz” ün müəllifi professor Aygün Attar Həşimzadədir.

Layihənin rəhbəri fəlsəfə doktoru Vüqar Zifəroğlu, redaktorları Elməddin Behbud, Taleh Cəfərovdur.

“On yeddi illik mücadilə” elmi-publisistik üslubda yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here