FHN-in Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin ictimai-siyasi orqanı olan “Laçın” qəzetinin redaksiyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirib.

FHN-dən bildiriblər ki, tədbirin məqsədi baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi və əhalinin mətbuat vasitəsilə mütəmadi olaraq maarifləndirilməsində yerli KİV ilə əməkdaşlığın müzakirəsi olub.

Tədbirdə FHN-in Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Laçın rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və “Laçın” qəzetinin yaradıcı heyəti iştirak ediblər.

“Dəyirmi masa”da FHN-in və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə söhbət açılıb, “Zəlzələ”, “Dəm qazı”, “Sel və daşqın”, “112 zəng mərkəzinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib. Belə tədbirlərin regional mərkəzin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən yerli mətbuat orqanları ilə keçirilməsinin artıq ənənə halını alması diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçıları və qəzetin kollektivi ilə qarşılıqlı fikir mübadiləsi aparılıb. Mərkəzin əməkdaşları tərəfindən jurnalistləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here