RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.09.11 04:58

FIG prezidenti: Dünya Çempionatına hazırlıq fantastikdir

34

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatını təşkil etməkdən məmnundur.

Bunu jurnalistlərə FIG prezidenti Morinari Vatanabe deyib.

M.Vatanabe bildirib: “Hər kəs Azərbaycana məmnuniyyətlə gəlir. Dünya Çempionatına hazırlıq fantastikdir, Azərbaycan Gimnastika Federasiyası hər şeyi möhtəşəm şəkildə təşkil edib”.

Gimnastlarımızın əsas pillələri tutmaq və medal qazanmaq üçün böyük şanslarının olduğunu deyən FIG prezidenti Azərbaycan komandasını yüksək qiymətləndirib:

“Əlbəttə ki, Azərbaycan komandası əhəmiyyətli dərəcədə inkişaf edib və qalib gəlmək üçün böyük şansları var. Dünya Çempionatının bütün iştirakçıları güclüdür, amma rəqabət rəqabətdir, buna görə kimin qalib gələcəyi əvvəlcədən məlum deyil”.

Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri – Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

16-22 sentyabr tarixlərində keçiriləcək yarış yalnız bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda 2020-ci ildə Tokioda (Yaponiya) təşkil ediləcək 32-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq.

62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin Dünya Çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı