RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

Fikir plüralizmi, yoxsa söyüşü estetika bilənlər?

44

Əvvəllər hamının can atdığı, lakin mənsəbinə çata bilmədiyi nəsnələrdən biri də plüralizm idi. Senzura buna imkan vermirdi. İndi isə plüralizm var, amma necə?

İndi qoy elmi təsnifat olaraq bunu siyasi, dini, mədəni , fəlsəfi plüralizmə politoloqlar, filosoflar, teoloqlar, kulturoloqlar bölsünlər. Amma mən bir qələm nümayəndəsi və peşəkar tarixçi olmağa hazırlaşan birisi kimi bu dərinliyə varmadan, elə sadəcə fikir plüralizmi çərçivəsindən şərh verim. Nədir məsələ ? Deməli son dövrlər, xüsusilə də son aylarda fikir plüralizminin verdiyi imkanlardan həddindən artıq yararlanmaq istəyənlərin sayı artıb. Həddən artıqlığın da bir dərəcəsi olduğu halda, bu cizgiləri itirərək dərəcəsizliyini élan edən bir qrup keçmişdə idmançı, dərzi, satıcı, yazar, məmur işləmiş, lakin indi özünü peşəkar siyasətçi kimi zənn edən youtube, facebook qəhrəmanları peyda olub. Olsun, etirazım yoxdur. Əlbəttə, mən kiminsə, hansısa işlə məşğul olub sonradan siyasətçi olmaq istəyinə qarşı deyiləm. Özü bilər, bəlkə də həmin adamın yaxşı tribunluq keyfiyyəti, kütləni arxasınca aparmaq istedadı var. Bəlkə də ölkədaxili və xarici prosesləri sağlam analiz etməklə parlaq tənqidi zəka nümayiş etdirib, özünə böyük elektorat yığma potensialı var. İşim yoxdur. Söhbət ondan gedir ki, son aylar artan ifrat tendensiyaları hərəkətə gətirən fiqurlarda bunların əksini, fikir plüralizmindən sağlam istifadə edənləri deyil, söyüşü tribunaya, jurnalistikaya, siyasətə gətirmək istəyənlərin qorxunc çığırtısını eşidirik.

Siyasi elmlər doktoru, professor, Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənovun son yazısında incə bir məqam diqqətimi cəlb etdi: “ Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir. Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyəm ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə də bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir.”

Bəli, məsələ bundadır ki, bu cür adamlar özlərini Azərbaycandan kənarda cəzasızlıq şəraitində hiss edərək, ölkənin siyasi simasını müəyyənləşdirən insanlara, dövlətə, hökumətə qarşı söyüşlər yağdırır və bununla özlərini hansısa məmurların yaratdığı neqativ hallara qarşı mübarizənin mərkəzində hiss edirlər. Axı bu cür mübarizə üsulu, belə etiraz forması nə vaxtdan düzgün hesab edilib ? Nə vaxtdan auditoriyaya ünvanlanan fikir söyüşlə, təhqirlə bildiriləndə qəbul olunub, o fikrə “xub” deyilib ? Bu cür mübarizə, rəftar, siyasi naşılıqla addım atmaq, dividend qazanmaq naminə edilən bu cür qeyri-etik hərəkətlər özünə hörmət edən ictimai fəalın və yaxud sıradan bir insanın kredosuna çevrilirsə, deməli beynin düşünüb, daşına bilmə hüceyrələri tükənmək üzrədir. Və yaxud nə qədər kor bir fəhmə sahib olasan ki, xaricdə cəzasızlıq şəraitində dövlət rəsmiləri ilə söyüşlə, təhqirlə danışmağı mübarizə hesab etməklə hansısa nəticənin dəyişəcəyini düşünəsən. Bir şeyi anlamaq lazımdır ki, xarici ölkələrdə hansısa məmurla mübarizəni sivil çərçivədən kənara çıxarmaqla, mental həqiqətləri görməzlikdən gələrək söyüşün bütün əcaib, estetik imkanlarından istifadə etməklə bütövlükdə dövlətçilik institutuna müxalif olmaqla iş getməz. Bu nə yaşadığınız Qərb dəyərlərinə uyğundur, nə də mənsub olduğunuz Şərqin dəyərlərində mövcuddur. Şərq və Qərbdə estetika memarlıqda, incəsənətdə, musiqidə inkişaf edib, daha söyüşdə deyil. Kütləyə xitab edərkən özünü ağıllı elan etmək və söyüşün bütün resurslarından bol istifadə etməklə onları cəlb etməyə çalışmaq tərbiyə, şüur, düşüncə imkanlarının məhdudluğunu ortaya qoyur. Bu cür addımlar isə sağlam, düzgün mübarizə aparmaq hissindən uzaq olmanın, həqiqətən hansısa problemin həllinə səmimi olmamanın təsdiqidir.

Anar TURAN,
“Xalq qəzeti”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı