RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

FRANSADA İLK AZƏRBAYCAN DİLİ MÜƏLLİMİ

764

j Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) Azərbaycan dilini tədris edən Aygün Eyyubova ilə müsahibə Aygün Eyyubova – Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun (İNALCO) Azərbaycan dili müəllimi, institutun Avrasiya Departamentinin şura üzvü, Azərbaycan dili şöbəsinin koordinatoru, Fransanın Humanitar Elmlər Evi Mərkəzinin elmi işçisi, türk bilimləri üzrə elmlər doktoru – Aygün xanım, necə oldu ki, İNALCO-da işləməyə başladınız? Ümumiyyətlə, Fransadakı təhsiliniz və işləriniz haqqında bir qədər məlumat verərdiniz. – Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini bitirmişəm. Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi fransız dili müsabiqəsində qalib gələrək təhsilimi Fransada davam etdirmişəm. Bir il Fransada dövlət təqaüdçüsü olmuşam. Strasburq Universitetində tələbəykən səfirlik tərəfindən İNALCO-da Azərbaycan dilinin tədrisinə başlamaq üçün dəvət edildim. Beləliklə, İNALCO-da və ümumiyyətlə, Fransada ilk Azərbaycan dili müəllimi oldum. Bu müddətdə əvvəlcə magistr,sonra namizədlik (DEA), daha sonra isə doktorluq elmi işini müdafiə etdim. Bu elmi tədqiqatlara ehtiyac Azərbaycan dilinin İNALCO-da tədrisinin tələbatlarından yaranmışdı. Namizədlik və doktorluq elmi işlərim çərçivəsində Azərbaycan 2 dilinin xarici dil kimi fransızlara və frankofonlara tədrisinin ilk metodologiyasını işləyib hazırlamışam. Həmçinin Fransada ilk dəfə olaraq Azərbaycan dilinin tarixi inkişaf yolunu tədqiq edib dilçilik baxımından təsvirini vermişəm. Ənənəvi üsula əlavə kimi internetin qloballaşma dövründə aktuallığını nəzərə alaraq, Azərbaycan dilinin və mədəniyyətinin internet vasitəsilə tədrisinin sxemini təklif etmiş, tədrisdə yeni texnologiyalardan istifadə yollarını göstərmişəm. Hər üç elmi işim Fransada ən yüksək qiymətlərə layiq görülüb. Doktorluq işinin müdafiəsindən sonra Fransanın aparıcı beynəlxalq elmi-tədqiqat mərkəzi olan Humanitar Elmlər Evi Mərkəzində elmi işçi kimi çalışmağa təklif aldım. Beləliklə, İNALCO-dakı fəaliyyətimlə bərabər Humanitar Elmlər Evi Mərkəzində də işləməyə başladım və burada bir sıra elmi layihələrdə iştirak etdim. Müəllifi olduğum layihə çərçivəsində isə Fransada Azərbaycan mədəniyyətinə dair ilk portalı yaratdım, həmçinin Azərbaycan mədəni irsinin tədrisinin yeni texnologiyalara əsaslanan ilk metodologiyasını tərtib etdim. 3 DİLİMİZİN AVROPANIN TƏHSİL OCAĞINDA 16 İLLİK TƏDRİSİ TARİXİ – Azərbaycan dili bu təhsil ocağında nə vaxtdan tədris edilir? – İNALCO-da Azərbaycan dilinin tədrisinə Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə 1999-cu ilin mart ayından başlanılıb və bununla da Azərbaycan dilinin Avropanın təhsil ocağında tədrisinə start verilib. Buna, sözsüz ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, ölkəmizin getdikcə regionda və ümumiyyətlə, beynəlxalq arenada iqtisadi cəhətdən əhəmiyyətli dövlətə çevrilməsi təkan vermişdi. İNALCO-da ilk Azərbaycan dili dərsi 1999-cu il martın 5-də keçirilib. Həmin dərsdə Fransanın Azərbaycandaki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Gi Şevalye, institutun Avrasiya Departamentinin sədri, türk dili müəllimi Mişel Bozdəmir, türk və fars dili fakültələrinin 20 tələbəsi iştirak etmişdi. Dərsdə tələbələrə ölkəmiz və dilimiz haqqında ümumi məlumat verdim, Azərbaycanın himni, bayrağı, gerbi, xəritəsi və əlifbamızı təqdim etdim. Sonda Azərbaycan musiqisindən bir nümunə səsləndirildi. Elə ilk dərsdən tələbələrdə Azərbaycana və dilimizə böyük maraq oyandı. 2009-cu ilə qədər Azərbaycan dili İNALCO-da 2-3 dil fənni çərçivəsində, həftədə ümumilikdə 3-4 saat həcmində keçirilib. 4 ƏN ÇOX DİLİN TƏDRİS EDİLDİYİ TƏHSİL OCAĞI – İNALCO dünyanın tanınan təhsil müəssisələrindən biridir. Azərbaycan dili bu institutda hansı çərçivədə tədris olunur? – Bəli, İNALCO dünyada şərq dilləri və mədəniyyətlərini tədris edən mötəbər elm və təhsil ocaqlarından biridir. İnstitut hətta dünyanın ən çox dilin tədris olunduğu təhsil ocağı sayılır. İNALCO-nun tarixi XVII əsrdən başlayır. 1669-cu ildə maliyyə naziri Kolber tərəfindən Gənc Dilçilər Məktəbi (Ecoles des Jeunes de Langues) təsis olunur. Bu məktəb 1795-ci ildə Müasir Şərq Dilləri Məktəbinə (Ecole des Langues Orientales Vivantes) çevrilir. Nəhayət, 1971-ci ildə İNALCO (İnstitut National des Langues et Civilisations Orientales) adını alır və 1984-cü ilə kimi 3-cü Paris Universitetinin nəzdində, 1985-ci ildən isə müstəqil fəaliyyət göstərir. 2011-ci ilə kimi institutun əsas binası Orsey və Luvr muzeylərinin yaxınlığındakı Lil küçəsində, 12 departamenti isə Parisin beş müxtəlif məhəlləsində yerləşib. 2011-ci ildə institut departamentləri və idarələri ilə birlikdə Parisdə yeni inşa edilmiş binaya köçürülür. Lakin Lil küçəsindəki qədim bina institutun nəzdində saxlanılır. Bu gün İNALCO-da Şərqi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Amerikanın yerli xalqlarına məxsus 93 dil və onların mədəniyyəti tədris olunur. Azərbaycan dili və mədəniyyəti Avrasiya Departamentinin türk dilləri bölməsində tədris edilir. Azərbaycan dili 5 ilə yanaşı türk dilləri bölməsində, həmçinin, türk, qazax, özbək, qırğız, tatar, türkmən və uyğur dilləri də tədris olunur. Türk dilləri bölməsindən başqa Avrasiya Departamentinə fars, Koreya, gürcü, osetin, paştu və monqol dilləri də daxildir. HEYDƏR ƏLİYEV FONDUNUN İNALCO-da AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNƏ DƏSTƏYİ – Dilimizin tədrisi İNALCO-da özünə necə nüfuz qazanıb? Burada Azərbaycan dilinin tədrisi prosesinə dövlətimiz tərəfindən hansı dəstək verilir? – Azərbaycan dövləti İNALCO-da dilimizin tədrisinə hər zaman diqqət göstərir. Azərbaycan dilinin İNALCO-da nüfuzu 2008-ci ilin sonundan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi sayəsində sürətlə yüksəldi və dilimizin bu təhsil ocağında tədrisi tarixində tam yeni bir mərhələ başladı. Həmin ilin noyabr ayında Heydər Əliyev Fondu və İNALCO arasında Azərbaycan dilinin tədrisinə dəstək barədə müqavilə imzalandı. 2008-ci il noyabrın 7-də Mehriban xanım Əliyevanın iştirakı ilə İNALCO-da Azərbaycan dili şöbəsinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan dili üzrə mühazirəçi müəllim vəzifəsi təsis edildi. 2010-2012-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin səyi nəticəsində Azərbaycan dilinin iki müstəqil diplomunun – Azərbaycan dili və sivilizasiya diplomlarının (Certificat d’azerbaïdjanais və Diplôme pratique d’azerbaïdjanais), eləcə də ikinci mühazirəçi müəllim vəzifəsinin təsis edilməsinə nail olundu. Həmin vaxta qədər Azərbaycan dili İNALCO-da yalnız digər diplomların (türk, fars dilləri, beynəlxalq münasibətlər və s. ixtisas diplomlarının) tərkib hissəsi olaraq imtahanla nəticələnən fənn kimi tədris edilmişdi. İNALCO-da Azərbaycan dili diplomlarının təsis edilməsi fransalı gənclərə ölkəmizin mədəniyyətini, dilini, tarixini öyrənməyə, ümumilikdə, Azərbaycan xalqını daha yaxından tanımağa imkan yaratdı. Dərs saatları dəfələrlə artırıldı, həftədə 15 saata çatdırıldı, dil dərslərinə sivilizasiya dərsləri də əlavə olundu. Qeyd edim ki, hər diplom bir illik kursu əhatə edir. Bu diplomlar çərçivəsində Azərbaycan dilinin qrammatikası, şifahi və yazılı praktikası, mətnlər, mətbuat dili, dilin internetlə tədrisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti dərsləri tədris edilir. Azərbaycan dilinin İNALCO-dakı nüfuzunun yüksəlməsinin ən bariz təzahürlərindən biri də 2013-cü il fevralın 28-də institutun yeni binasının açılışına gəlmiş Fransanın ali təhsil və elmi tədqiqatlar naziri Jönövyev Fyorazonun tədris etdiyim Azərbaycan ədəbiyyatı və mədəniyyəti dərsində iştirak etməsi oldu. Bu dərs institut rəhbərliyi tərəfindən nazirin İNALCO-ya gəlişi zamanı təqdim olunacaq yeganə nümunə dərsi kimi seçilmişdi. Onu da qeyd etmək istərdim ki, həmin gün İNALCO-da yalnız bir dərs keçirildi, digər dərslər tədbirlə bağlı tədris edilmədi. Mövzusu “Azərbaycan musiqisi” olan mədəniyyət dərsi çox 6 maraqlı keçdi. Dərsdə digər musiqi nümunələri ilə bərabər “Qarabağ şikəstəsi” də səsləndirildi. Bu dərs Fransa mediasında da işıqlandırıldı və müsbət qiymətləndirildi. 2014-cü il mayın 23-ü İNALCO-da Azərbaycan dilinin tədrisinin 15 illiyi qeyd olundu. İNALCO-nun prezidenti Manuel Frankın, keçmiş prezidenti Jak Löqranın və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun iştirak etdiyi bu tədbir dilimizin tədrisi üzrə nailiyyətləri bir daha nümayiş etdirdi. 2014-cü il noyabrın 13-ü Azərbaycanın Respublikasının təhsil naziri Mikayıl Cabbarov İNALCO-da oldu, institutun rəhbərliyi, müəllim və tələbələrlə görüşdü. Nazir Fransada Azərbaycan dilinə və onun tədrisinə marağın artmasının çox sevindirici və təqdirəlayiq hal olduğunu dedi. Görüşlərdə hər iki ölkənin səfirləri iştirak etmişdi. Çox yaxşı haldır ki, Azərbaycanın Təhsil Nazirliyi İNALCO ilə yaxın əməkdaşlıq qurur və bu dəstək, sözsüz ki, nailiyyətlərimizi daha da artıracaq. Digər bir uğurlu məqamı da qeyd edim ki, ötən il keçirilən seçkilər nəticəsində institutun Avrasiya Departamentinin Şura üzvü seçildim və beləliklə, Azərbaycan dili müəllimi ilk dəfə İNALCO-nun idarə orqanında təmsil olundu. AZƏRBAYCAN DİLİNƏ MARAQ VƏ YA İNALCO-NUN SƏFİR TƏLƏBƏLƏRİ -Fransa kimi inkişaf etmiş ölkədə 15 ildən artıqdır ki, Azərbaycan dilini tədris edirsiniz. Sizcə, bu ölkədə Azərbaycan dili və mədəniyyətinə maraq nədən irəli gəlir? -1991-ci ildə Azərbaycan müstəqillik qazanandan, neft müqavilələri sayəsində beynəlxalq səviyyədə iqtisadi əhəmiyyəti yüksələndən sonra, eləcə də xarici ölkələrlə əməkdaşlıq siyasəti nəticəsində bütün dünyada Azərbaycana, onun mədəniyyətinə maraq artıb. Son illərdə hər iki dövlət rəsmilərinin qarşılıqlı səfərləri, Heydər Əliyev Fondu və Fransadakı səfirliyimiz tərəfindən keçirilən tədbirlərsayəsində Fransada Azərbaycana, onun mədəniyyətinə maraq xeyli çoxalıb, ölkəmizi əvvəlki illərə nisbətən daha yaxşı tanımağa başlayıblar. – Zəhmət olmasa, İNALCO-da dilimizi, mədəniyyətimizi öyrənən tələbələrinin sayı və kimliyi barədə məlumat verərdiniz. Dilimizə, mədəniyyətimizə necə maraq göstərilir? – Bu dərs ili Azərbaycan dili, mədəniyyəti və ədəbiyyatı üzrə tədris olunan dərslərə yazılan tələbələrin sayı 90-a yaxındır. Bu da onu göstərir ki, dilimizə və mədəniyyətimizə maraq getdikcə artır. Ötən semestrdə tədris etdiyim Azərbaycan dilinin qrammatikası dərsinə 50-dən, Azərbaycan dilində sivilizasiya, ədəbiyyat və media mətnləri dərsinə isə 20-dən çox tələbə yazılmışdı. Azərbaycan dili dərslərinə gələn tələbələr arasında fransız və türk mənşəlilərlə yanaşı fars, italyan, alman, yəhudi, ukraynalı, seneqallı, yunan, rus və digər millətlərdən olan 7 tələbələrə də rast gəlinir. Əvvəlki illərdə İrandan 2 azərbaycanlı tələbəmiz olmuşdu. Bu il ilk dəfədir ki, Azərbaycan Respublikasından da 2 tələbəmiz oldu. Tələbələr Azərbaycan dilini ya Azərbaycan dili diplomları çərçivəsində, ya da əsasən, digər dil diplomlarının tərkibi kimi öyrənir. Onların Azərbaycan dili seçimində də məqsədləri müxtəlifdir. Bəziləri bu dili əsas diplomlarının tələbatlarına uyğun olaraq seçir, bəziləri isə dilimizi gələcək peşələrində, məsələn, beynəlxalq iqtisadiyyat, ticarət, jurnalistika, diplomatiya sahələrində istifadə etmək üçün öyrənirlər. Dilimizi elmi tədqiqatların aparılması, Azərbaycana səfər edilməsi və yaxud sadəcə Azərbaycan və onun mədəniyyətinə olan maraq məqsədilə öyrənməyə qərar verənlər də var. Onu da bildirim ki, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və sabiq səfir Jan-Pyer Ginüt İNALCO-nun tələbələri olub. İNALCO-da Azərbaycan dilini və mədəniyyətini öyrənən tələbələr mədəniyyətimizlə yalnız dərs çərçivəsində deyil, həmçinin İNALCO-da onlarla birgə təşkil etdiyimiz tədbirlərdə («Novruz bayramı», « Türk dünyası», « Açıq qapı» günü və s.), səfirliyimizin, Heydər Əliyev Fondunun, UNESCO-dakı nümayəndəliyimizin və digər təşkilatlarımızın Parisdə, xüsusilə də Azərbaycan Mədəniyyət Mərkəzində keçirdiyi tədbirlərdə iştirak etməklə də tanış olurlar. İNALCO-nun 10-a yaxın tələbəsi ötən il Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan «Azərbaycan haqqında nə bilirəm?» müsabiqəsində iştirak edib. Onlardan 5-i qaliblər sırasında olub. Tələbələrin çoxu Azərbaycana səfər etmək arzusundadır. Aralarında ölkəmizə artıq səfər edənlər də var. Bir neçə tələbə isə Azərbaycanda təcrübə keçmək niyyətindədir. Fransız tələbələri arasında Azərbaycan dili və mədəniyyətinə xüsusi maraq göstərənlər, dilimizi artıq bir neçə ildir ki davamlı olaraq öyrənənlər və bu sahədə yüksək səviyyəyə nail olanlar var. Burada fransız tələbələrimdən Orelyən Denizonu, Florans Avdibeqoviki, Etyen Abacini və seneqallı İbrahim Dyavaranın adlarını xüsusi qeyd etmək istərdim. İNALCO KITABXANASINDA AZƏRBAYCAN ŞÖBƏSİ – Bildiyimizə görə, İNALCO kitabxanasında Azərbaycan şöbəsi yaradılıb. – İNALCO ilə bir binada yerləşən Fransanın BULAC – Universitetlərarası Dillər və Sivilizasiyalar kitabxanası (Bibliothèque universitaire des langues et civilisations) Fransanın ən zəngin şərq ədəbiyyatı fondudur. Kitabxanada Mərkəzi və Şərqi Avropa, Asiya, Afrika, Okeaniya və Amerikanın dilləri, mədəniyyətlərinə həsr olunmuş 1 600 000 – dən cox nəşr əsəri toplanılıb. Kitabxanada Azərbaycan bölməsinin yaradılması və zənginləşdirilməsi Azərbaycan dilinin və Azərbaycan mədəniyyətinin tədrisi üçün zəruri idi. 2008-cı ildə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Parisə gəlişi zamanı İNALCO-ya 100-dən artıq kitab hədiyyə etmişdi. Bu nəşrlər, eləcə də Heydər Əliyev 8 Fondunun 2012-ci ildə də hədiyyə etdiyi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi və dilinə dair daha 100 kitab BULAC kitabxanasında Azərbaycan bölməsinin yaradılmasına imkan yaratdı. – Dərslik kimi daha çox hansı kitablardan istifadə edirsiniz? -Dərsliklərə gəldikdə, sözün düzü, əvvəlki illərdə çox çətinlik yaranırdı. İlk vaxtlar Mişel Bozdəmirin debütantlar üçün nəzərdə tutulan və dilin bazasını öyrədən « Azərbaycan dili » dərsliyindən istifadə edirdik. Saatlar və fənlər artdıqca dərsliklərə, lüğətlərə tələbat çoxaldı. Elə indi də fransız dilində izahlı dərsliklər olmadığından hər dərs üçün əsasən, özüm material hazırlayıram. Mədəniyyət dərslərində Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitab və broşurlardan, «İRS» jurnalının fransızca nəşrlərindən (Héritage), Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi klassiklərin, xaricdə yazıb-yaradan Qurban Səid, Ümmülbanu Əsədullayeva (Banin), həm də Kamal Abdulla və Çingiz Abdullayev kimi müasir ədiblərimizin fransız dilinə tərcümə olunmuş əsərlərindən istifadə edirəm. BULAC-dakı Azərbaycanca-fransızca lüğətlər də tələbələrin istifadəsinə verilir. Bir məqamı də qeyd edim ki, dərslər əsasən proyektor və kompüterlərlə təchiz olunmuş auditoriyalarda keçilir. AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ AZƏRBAYCAN-FRANSA TƏHSİL ƏLAQƏLƏRİNDƏ BİR KÖRPÜDÜR -İNALCO-nun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığı necədir? Ümumilikdə, Azərbaycan dilinin tədrisinin Fransa-Azərbaycan təhsil əlaqələrində müsbət rolunu necə xarakterizə edə bilərsiniz? – Avropanın bu nüfuzlu institutunda Azərbaycan dilinin tədrisi iki ölkə arasında münasibətlərdə yeni bir səhifə oldu, həmçinin faydalı əməkdaşlıqlara yol açdı. Belə tədbirlərdən biri kimi 2004-cü ildə İNALCO-da Azərbaycanın bir sıra tanınmış ədəbiyyat və elm xadimlərindən Anar, Kamal Abdulla, Fuad Məmmədovun iştirakı ilə «Azərbaycan bu gün: dili, ədəbiyyatı və cəmiyyəti» mövzusunda keçirilmiş konfransı qeyd edə bilərəm. İNALCO ilə Bakı Slavyan Universiteti və Xəzər Universitetləri arasında əməkdaşlıq müqavilələri mövcuddur. Naxçıvan Dövlət Universiteti ilə də əlaqələr qurulub. Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə İNALCO-da çalışan bir neçə müəllim Azərbaycan universitetlərində pedaqoji seminarlarda iştirak edib. -İNALCO-da Azərbaycan dilinin tədrisini gələcəkdə necə görürsünüz ? -Ümid edirəm ki, gələcəkdə İNALCO-da Azərbaycan dilinin lisans və magistr diplomlarını da təsis etmək mümkün olacaq və yeni peşəkar imkanlar yaradılacaq. İNALCO-da Azərbaycan dilinin tədrisinin Azərbaycan ilə Fransanın təhsil əlaqələrində mühüm körpü olaraq qalacağına inanıram.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı