Fuad Abbasovun Rusiya polisi tərəfindən döyülməsinə və həbsinə sərt reaksiyalar

Fazil Mustafa: “Rusiyaya nota verilməlidir”

Pənah Hüseyn: “Bu özbaşınalığı nifrətlə pisləyirəm”

Toğrul Allahverdili: “İmkan verməyək ki, kimsə bizim millətimizin nümayəndəsi ilə belə rəftar etsin”

Rusiyada təcridxanada saxlanılan və mayın 28-də deportasiya olunacaq jurnalist Fuad Abbasovla bağlı durum Azərbaycanda da ciddi etiraza səbəb olub. Musavat.com xəbər verir ki, başda millət vəkilləri olmaqla cəmiyyətin tanınmış simaları bu olaya öz etirazlarını bildiriblər.

Millət vəkili Fazil Mustafa sosial şəbəkədəki statusunda yazıb ki, F.Abbasov hamının xoşuna gəlməyə bilər, ancaq ən pis şey unutqanlıqdır: “Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, azərbaycanlı-çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi. Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporumuz mövcuddur. Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən, Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır. Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Bu haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir. Azərbaycan xarici işlər nazirliyi konkret bu fakta görə Rusiya xarici işlər nazirliyinə nota verməlidir. Bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünələ bilər. Ona görə də indilik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır. Bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır”.

Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn isə F.Abbasova qarşı bu özbaşınalığı nifrətlə pislədiyini bildirib: “Rusiya və Azərbaycan hakimiyyət orqanlarını görəvə çağırıram”.

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili də F.Abbasovla bağlı baş verənləri pisləyib: “Fuad Abbasovu məndən çox tənqid edən olmayıb. Lakin onun bu şəkildə bir cinayətkar kimi həbs olunması qəti şəkildə yolverilməzdir. Fuadın bir çox səhfləri olub ancaq bunlara rəğmən o müstəqil Azərbaycanın vətəndaşıdır. Kimsə bizim ölkəmizin vətəndaşı ilə alçaldıcı şəkildə rəftar edə bilməz. Zənnimcə məsələyə dövlətimiz qarışmalı, Fuadın bütün hüquqları dövlət yetkililərimiz tərəfindən qorunmalı, lazım gələrsə məsələyə ombudusman belə qarışmalıdır. Azərbaycan mətbuatı isə bu sifarişi verənlərin ifşa etməli, xüsusən bu məsələnin üçüncü qüvvələr tərəfindən Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdinə diqqətli olmalıdılar. Sizi əmin edirəm ki, bu işin arxasından Ağadadaş Kərimov, Mehriban Sadıqova və onların himayədarı olan erməni lobbisi çıxacaq. Bir daha qeyd edirəm ki, Fuadı məndən çox tənqid edən olmayıb. Lakin Fuad bütün səhvlərinə rəğmən, mənim millətimin bir fərdidir və imkan verməyək ki, kimsə bizim millətimizin nümayəndəsi ilə belə rəftar etsin. Nədənsə bu şou mənə Orxan Zeynalovun həbsini xatırladır”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here