Fuad Muradov: Avronest PA-nın komitə iclaslarında siyasi, iqtisadi, enerji və sosial məsələlərə dair müzakirələr aparılacaq

Avronest Parlament Assambleyasının siyasi, iqtisadi, enerji və sosial komitələrinin Tbilisidə keçiriləcək iclaslarında bu sahələrə aid məruzələr dinləniləcək, bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Bu sözləri Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov söyləyib.

Deputatın sözlərinə görə, Avronest PA-nın siyasi komitəsinin fevralın 12-də keçiriləcək iclasında “Şərq Tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə dinləniləcək. Enerji komitəsinin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerjinin inkişafında effektivlik və dayanaıqlılıq” mövzusunda məruzə dinləniləcək. Bu komitədə məruzə ilə Azərbaycan parlamentinin deputatı Muxtar Babayev çıxış edəcək.

Avronest PA-nın iqtisadi komitəsinin fevralın 13-də keçiriləcək iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində birbaşa investisiyaların əhəmiyyəti” mövzusunda məruzə dinləniləcək.

Sosial komitənin iclasında isə “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində “Vərəmə qarşı mübarizə”, eləcə də qeyri-formal əməkçilərin hüquqlarının qorunması ilə bağlı məruzə dinləniləcək. Məruzələr ətrafında çıxışlarda Milli Məclisin deputatları ölkəmizin maraqlarını müdafiə edəcəklər. Eyni zamanda, Azərbaycanda investisiya mühiti, enerji siyasəti, vərəmə qarşı mübarizə və işçilərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcəklər.

Avronest PA-nın komitə iclasları çərçivəsində nümayəndə heyətləri rəhbərlərinin Gürcüstan parlamentinin sədri ilə görüşü də nəzərdə tutulub.

F.Muradovun eyni zamanda, Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə də görüşü nəzərdə tutulub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here