Füzulidəki tarix-diyarşünaslıq muzeyi qonaqların ən çox ziyarət etdikləri məkanlardandır

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Füzuli rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələrlə zəngindir. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyində mühafizə və təbliğ edilir.

Tarix Diyarşünaslıq Muzeyinin baş elmi işçisi Xalisə Məmmədova bildirib ki, 1981-ci ildə yaradılan muzeyin eksponatları 1993-cü ildə Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakıdakı “İstiqlal” muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb. Muzeyin Horadiz şəhərində inşa edilən yeni binası 2014-cü il avqustun 28-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Hazırda muzeydə xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət ənənəsini əks etdirən 5197 eksponat nümayiş etdirilir. İbtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələrdə yerləşdirilən eksponatların 114-ü arxeologiya, 36-sı məişət əşyaları, 28-i etnoqrafiya, 43-ü mumizmatika, 22-si hərbi geyim, əşya və silah, 12-si əmək alətləri, 1447-si sənədli materiallar, 785-i fotoqrafiya, 334-ü qəzet və jurnallar, 33-ü şəxsi əşyalar və sairdən ibarətdir.

Muzeydə yaradılan Azıx mağarasının maketi, həmçinin ibtidai dövrdə istifadə olunan məişət əşyaları və əmək alətləri ziyarətçilərin marağına səbəb olur. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrindəki eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini, məşğuliyyətini və məişətini əks etdirən eksponatlar, qədim xalçalar, pullar və sikkələr, dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri də sərgilənir.

Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə “Qələbə qığılcımı” başlığı altında xüsusi bölmə də yaradılıb. “Erməni vandalizmi” sərgisində isə ermənilərin törətdikləri vəhşiliklər, o cümlədən 2017-ci il iyulun 4-də Alıxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olması barədə məlumat və fotolar nümayiş olunur.

X.Məmmədova qeyd edib ki, rayon ərazisindən tapılan maddi mədəniyyət nümunələri hesabına muzeyin ekspozisiyası getdikcə zənginləşir. 2016-cı ildə Mahmudlu kəndi ərazisində tapılan kaynozoy erasına aid fil sümüyü və bir neçə ay əvvəl Quruçayda aşkar edilən oval və silindir formalı daşlar böyük maraq doğurur. Belə ki, tapılan sümüyün kaynozoy erasına aid cənub filinə məxsus olduğu ehtimal edilir. Azərbaycanda 10 milyon il əvvəl məskunlaşan cənub filləri 0,6 – 1,8 milyon il əvvəl Qafqazda geniş yayılmışdı və onların kökü 600 min il əvvəl kəsilib. Oval və silindir formalı daşlar isə qədim insanların dini təsəvvürlərini əks etdirir.

Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, ərazidəki hərbi hissənin əsgər və zabitlərinin, eləcə də şəhərinin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. Muzeydə həmçinin mütəmadi olaraq müxtəlif sosial və yaş təbəqələri, məktəblilər üçün tədbirlər, ayda iki dəfə isə tarix dərsləri keçirilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here