Gəncə zavodu hazır maşınları istehsal adı ilə təqdim edir?

Mayın 14-də Gəncə avtomobil zavodunda “E – 321” markalı elektrobusun yığımı ilə bağlı mərasim keçirilib. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş”, eləcə də, “Qomselmaş” müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində ölkəmizdə E-321 markalı elektrobusların, həmçinin, “PALESSE KZS-575” markalı taxılyığan kombaynların da yığımına başlanılıb.

Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur.

Ancaq sosial şəbəkələrdə paylaşılan görüntülər birmənalı qarşılanmayıb. Fotonun müəllifi elektrobusların Azərbaycana hazır gətirildiyini, lakin zavod tərəfindən burada istehsal olunduğu kimi təqdim edildiyi iddiasını irəli sürüb. Yayılan fotoda elektrobusun qatar vasitəsilə Gəncəyə gətirildiyi əks olunub.

Məsələ ilə əlaqədar Oxu.Az olaraq, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimovla əlaqə saxladıq.

M.Rəhimov bu məsələ ilə bağlı araşdırma aparılmadan qərəzli məlumat yayıldığını deyib:

“Həmin elektrobuslar ilkin mərhələ üçün gətirilib. Yəni bu elektrobuslar eksperimental xarakterlidir. Biz bu avtobusları Azərbaycanda yığmaqla ictimaiyyətə bu tipli nəqliyyat vasitəsinin olduğunu göstərmək istəyirik.

O fotolarda göründüyü kimi, avtobusların yalnız korpusları gətirilib. Bu korpuslar Azərbaycanda qaynaq olunmur, rənglənmir. Bizim sifarişimizlə bu işlər Belarusda görülür. Hazırda bu tipli avtobuslara tələbatı nəzərdən keçiririk.

Ona görə də avtobusların bu formada gətirilməsi təbii haldır. Elektrobusların qalan hissələri Azərbaycanda yığılıb. İstər oturacaqları olsun, istər mühərrik hissəsi, istərsə də sükan və idarəetmə hissələri Gəncə avtomobil zavodunda yığılır.

Əgər tələbat yaranacaqsa, həmin elektrobusların 30-40 faiz hissələrinin, həmin nəqliyyat vasitələrini elektriklə təmin edən məntəqələrinin digər şirkətlərlə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsal olunması mümkündür”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here