RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Gəncədə “Azərbaycançılıq ideologiyası” və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib

758

Gəncədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası” və “Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib.

Trend-in məlumatına görə, DTX-nin məsul əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin təmsilçilərinin, həmçinin geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub.
Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov çıxış edərək bildirib ki, bugünkü konfransın keçirilməsində məqsəd adından da göründüyü kimi, azərbaycançılıq ideologiyasının təbliği və terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun artırılmasından ibarətdir. O, diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və xarici tərəfdaşlar arasında böyük nüfuz qazanıb.

Tədbirdə çıxış edən DTX-nin əməkdaşı, tarixçi-tədqiqatçı Elsevər Məmmədov “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda məruzəsində bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin öz xalqının israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olmuşdur. Həmin gündən etibarən ulu öndər Heydər Əliyevin misilsiz və ölçüyəgəlməz xidmətləri nəticəsində Azərbaycan hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub, respublikamız beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hədsiz məhəbbətlə sevir və onun xatirəsini daim uca tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaqdır. Azərbaycanın müstəqilliyi isə Ümummilli Liderin sözləri ilə desək “əbədi, daimi və dönməzdir”.

Diqqətə çatdırılıb ki, bu gün müasir Azərbaycan inamla inkişaf edir, yeni-yeni möhtəşəm nailiyyətlərə imza atır, durmadan uğurlara doğru irəliləyir. Bu yol dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq, tərəqqi və inkişaf yoludur. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik, xalqımızın maraqlarını, tərəqqisini və təhlükəsizliyini etibarlı təmin edən uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanda milli həmrəylik günbəgün daha da möhkəmlənir, respublikamız bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi dövlətimizin nüfuzu durmadan artır.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tural Məmmədov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd azərbaycançılıq ideologiyasının dərindən aşılanması, gənclərimizin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması, eləcə də müasir dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorizmə və radikallaşmaya qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, bu istiqamətdə Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verməkdir.

Milli təhlükəsizlik və mənafelər əleyhinə yönəlmiş təhlükələrlə, xüsusilə terrorizm və ekstremizmlə mübarizədə Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə aidiyyəti dövlət və hüquq mühafizə orqanlarının səmərəli birgə fəaliyyət göstərdiklərini deyən Tural Məmmədov radikalizm meyillərinin əvvəlcədən müəyyən olunması və onlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi üçün cəmiyyətin yaxından iştirakının vacibliyini qeyd edib. O, belə ictimai dəstəyin Azərbaycanda dayanıqlı sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın qorunub saxlanması üçün zəruri olduğunu vurğulayıb.

Bildirilib ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Belə ki, yalnız Ermənistan tərəfindən ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2000-dən artıq mülki şəxs həlak və əlil olub.

Terrorçuluqla mübarizə tədbirləri haqqında danışan Tural Məmmədov qeyd edib ki, bu sahədə hüquqi, rejim mühafizə, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahədə mübarizə insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkarlanması, qarşısının alınması, terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər yardımların göstərilməsinin qarşısının alınması məqsədilə həyata keçirilir. Terrorçu və ekstremist təşkilatların əlaqəsindən və şəbəkələşməsindən danışan DTX əməkdaşı bildirib ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkət, sağ və sol radikalizm və sair eyni terror zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır. Məruzədə, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, DTX tərəfindən həyata keçirilən antiterror əməliyyatları, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə tədbirləri istiqamətində ardıcıl görülən işlər barədə məlumat verilib.

Konfransda Qafqaz Siyasi Analiz Mərkəzinin rəhbəri Əhməd Əlili radikallaşma səbəbləri və radikallaşmaya aparan yollar haqqında təqdimatla çıxış edib.

Həmçinin DTX əməkdaşı Arif Cəfərov “Vətəndaşların terror fəaliyyətinə cəlb olunmasına qarşı mübarizənin xüsusiyyətləri”, Hüquq elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Əliyev “Terrorçuluq cinayətinin anlayışı, təsnifatı və cinayət məsuliyyətinin yaranması xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı