Gəncədə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” maarifləndirici tədbir keçirilib

Gəncə şəhər Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır!” adlı maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov narkomaniyanın bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu bildirib. M.Cəfərov bu istiqamətdə dövlət tərəfindən qəbul edilən və imzalanan fərmanlar, sərəncamlar, qanunlar, Dövlət Proqramları barədə gənclərə məlumat verib.
O, yeniyetmə və gənclərin bu mövzuda maarifləndirilməsinin vacib məsələlərdən biri olduğunu və bu istiqamətdə Baş İdarə tərəfindən mütəmadi tədbirlərin həyata keçirildiyini qeyd edib. Gəncə Narkoloji Dispanserin baş həkimi Sahil İsmayılov böyük bəla olan narkomaniyaya qarşı bütün ölkələrin mübarizə apardığını vurğulayıb. O, gənclərə narkotik vasitələrin törətdiyi fəsadlar haqqında danışıb, narkotik maddələrin insanın yaddaş və təfəkkürünü pozduğunu, həyata qarşı laqeydlik yaratdığını, insanların qara ciyər, böyrək, ürək xəstəliklərinə tutulma risklərini artırdığını, HİV infeksiyasına yoluxmanın daha çox narkotik istifadəçiləri arasında geniş yayıldığını bildirib. Siqaretin zərərlərini xüsusi olaraq vurğulayan həkim narkotik vasitələrdən istifadə edənlərin 99 %-nin əvvəllər siqaret istifadəçiləri olduğunu deyib.
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşı Comərd Rzayev narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu söyləyib. O, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.
Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanıb, maarifləndirici tədbirlərin davamlı həyata keçirilməsinin vacibliyi qeyd olunub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here