Gənc ixtiraçı Reyhan Camalova ilə görüş

Gənc ixtiraçı Reyhan Camalova ilə paytaxt məktəbliləri arasında görüş keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Xədicə Məmmədova, Təhsil İnstitutunun nümayəndəsi Tofiq Sadıxov, məktəb direktorları və şagirdlər iştirak ediblər.

YAP Binəqədi Rayon Təşkilatında keçirilən tədbirdə giriş nitqi ilə çıxış edən R.Göyüşov qonaqları salamlayıb və iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi, gənc ixtiraçı, “ASAN xidmət”in ideya müvəkkili, dünya üzrə 100 qadından biri seçilən Reyhan Camalova çıxışı zamanı öz uğur hekayəsindən bəhs edib. O, qazandığı təcrübləni məktəblilərlə bölüşüb, kiçik təşəbbüslərin və əzmkarlığın onun həyatında mühüm rol oynadığını bildirib.

R.Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından da danışıb. O, ixtirası haqqında geniş məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu–”Rainergy” qurğusunu hazırladığını söyləyib.

İstedadlı ixtiraçı motivasiyaedici çıxışı ilə şagirdlərə öyrənmənin, özünü kəşf etmənin dəyərindən, seçdikləri hədəf uğrunda sona qədər mübarizə aparmağın vacibliyindən söz açıb.

Tədbirdə çıxış edən 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova gənc ixtiraçını təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıb və qazandığı nailiyyətlərlə Azərbaycanı bütün dünyada layiqincə təmsil edəcəyinə, bayrağımızı daima ucaldacağına əmin olduğunu bildirib.

Daha sonra R.Camalova məktəblilərin suallarını cavablandırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here