Gənclər Fondundan nə qədər kredit almaq olar? – Qaydalar açıqlandı

Azərbaycan Gənclər Fondunun vəsaiti hesabına güzəştli kredit almaq üçün gənclər müvəkkil kredit təşkilatına ərizə ilə müraciət etməlidirlər.

Prezident İlham Əliyevin 2018-ci il 29 avqust fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən, müvəkkil kredit təşkilatı gənclərin müraciətlərini qeydiyyata alır və müraciətin qeydiyyata alınmasını təsdiq edən sənədi onlara təqdim edir.

Müvəkkil kredit təşkilatı 10 bank günündən gec olmayaraq, öz biznes maraqlarına və Şuranın müəyyən etdiyi innovativ (startap) layihələrinin tərtib olunmasına dair minimal tələblərə və qiymətləndirmə meyarlarına əsaslanaraq, təqdim olunmuş layihələri təhlil edərək müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təqdim edir.

Güzəştli kredit almaq üçün təqdim olunmuş layihə mənfi qiymətləndirildiyi halda, müvəkkil kredit təşkilatı həmin layihəni təqdim etmiş şəxsə 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim etməlidir.

Fond 10 bank günü müddətində Fondun vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və Şuranın müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin ilkin monitorinqini həyata keçirir.

Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

Müvəkkil kredit təşkilatı müraciətin təmin olunması barədə Fondun müsbət qərarına əsasən gənclərə güzəştli kreditin ayrılmasına dair qərar qəbul edir.

Güzəştli kredit almaq üçün müraciət etmiş şəxslə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir və Fond 3 bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir.

Azərbaycan Gənclər Fondunun ayırdığı vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 bank günü ərzində vəsaiti güzəştli kredit almaq üçün müraciət etmiş şəxsin hesabına köçürür və bu barədə Fonda və həmin şəxsə məlumat verir.

Müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 bank günündən gec olmayaraq, güzəştli kredit almaq üçün müraciət etmiş şəxslər barədə Fonda məlumat verməlidir.

Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:

– 1000 manatdan 10 000 manatadək – kiçikhəcmli kreditlər;
– 10 001 manatdan 25 000 manatadək – ortahəcmli kreditlər;
– 25 001 manatdan 50 000 manatadək – böyükhəcmli kreditlər.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

– kiçikhəcmli kreditlər üçün – 1 (bir) ilədək;
– ortahəcmli kreditlər üçün – 3 (üç) ilədək;
– böyükhəcmli kreditlər üçün – 5 (beş) ilədək.

Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir.

Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here