Gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün seminar işə başlayıb

Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sorbon Abu Dabi Universiteti ilə birgə təşkil edilən “Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminar işə başlayıb.

Yanvarın 17-dək davam edəcək seminarda dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları iştirak edirlər.

Təlim xarakteri daşıyan seminar 6 modul üzrə keçirilir. Bu modullarda dinləyicilərə gənclərlə işin təşkilinin idarəetməsində məlumatın toplanması mexanizmləri, ümumi strategiyanın və planın hazırlanması, hesabatlar, monitorinqlər və hadisələrin analizi, gənclərin elektron portallarının yaradılması, qrup işinin səmərəli təşkili, İKT vasitələrindən səmərəli və düzgün istifadə və digər məsələlər üzrə biliklərin verilməsi nəzərdə tutulur.

Həmçinin dinləyicilərə gənclərlə işin idarəetməsi prosesində məzmunun məntiqi məqamları, beynəlxalq gənclərlə interaktiv işin qanunvericiliyi və müzakirələr, idarəetmədə kritik məqamlar, konfliktlər və nəzərə çarpacaq inkişaf modelləri, gənclərlə iş – Azərbaycan modeli, beynəlxalq akkreditasiyaların gənclərlə iş sektorunda rolu, İnteqrativ Keyfiyyətin İdarəedilməsi Sistemi barədə məlumatlar veriləcək.

Seminarın sonunda iştirakçılara Paris Sorbon Universitetinin sertifikatları təqdim olunacaq.