Gənclər təşkilatlarının inkişafı istiqamətində yeni xidmətlərə start verilib

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 124 gənclər təşkilatı və minlərlə gənci özündə birləşdirir. Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.
Milli Şura 21 illik təcrübəyə və dəstəyə əsaslanaraq, strateji baxışı reallaşdırmaq üçün 2017-2018-ci illər üçün yeni strateji məqsədlər müəyyənləşdirib. Bunlar gənclərin dövlət və yerli özünüidarəetmə orqanlarının işində iştirakını genişləndirmək, onların gənclər üçün aktual olan məsələlərin həllində iştirakını stimullaşdırmaq, həmçinin regionlarda və kəndlərdə yaşayan gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarını artırmaqdır.
Milli Şura yeni fəaliyyətləri ilə yanaşı gənclər təşkilatları üçün 2015-ci ildən etibarən məlumat turları həyata keçirir. Hansı ki, bu məlumat turları gənclər təşkilatları arasında böyük marağa səbəb olub. Məlumat turların məqsədi təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasıdır.
Məlumat turlarının daimi iştirakçısı “Avropa Hüquqşünas Tələbələr Assosasiyası” Bakı İctimai Birliyinin sədri Məhəmməd İsmayılov qeyd edib: “Birliyimiz   2009-cu ildən Gənclər Təşkilatları Milli Şurasına üzvüdür. Üzv olduqdan sonra müxtəlif məlumat turlarında, 2017-ci ilin yanvarında keçirilən Davosa Doğru Bakı Forumu, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihələrində fəal iştirak etmişik.  Milli Şuranın xidmətləri bizim üçün əsas maraq sahəsidir. Məlumat turları olduqca maraqlı  və vacib məkanlara təşkil olunur.”
Turların digər iştirakçısı “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Vüsal Əhmədov: “Təşkilatımız 2016-cı ildə  Milli Şuraya üzv olub. Cari ildən bu günə qədər “Azərbaycan Könüllülük Xidməti: Yay məktəbi” “Davosa doğru Bakı” forumunda iştirak etmişik. Xüsusi ilə qeyd etmək istərdik Milli Şuranın təşkil etdiyi məlumat turları çox maraqlı keçirilir.”
Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fonduna məlumat turları təşkil olunub.
Qeyd etdiyimiz kimi, Gənclər Təşkilatları Milli Şurasının fəaliyyətlərinin əsas faydalanan qrupu üzvü olan gənclər təşkilatlarıdır. Milli Şura üzv təşkilatlarının inkişafı və fəaliyyətlərinin istiqamətləndirilməsi naminə bir sıra xidmətlər və imkanlar təklif edir. Üzv təşkilatlar üçün ARGTMŞ Gənclər Evinin təlim zalı, görüş otaqları, wi-fi sahəsi və kitabxanası açıqdır. Gənclər təşkilatlarının fikirlərini və təkliflərini toplayaraq, onları müxtəlif kampaniyalar, ictimai vəkillik fəaliyyəti, konfranslar və ictimai platformalarda təmsil olunması vasitəsi ilə maraqlı tərəflərə təqdim edir. Xidmətlər çərçivəsində həmçinin elektron xidmət olaraq domen adları, E-Gənclər xəritəsi, E-Gənclər təqvimi və bildiriş sistemi təklif edir.
Milli Şura tərəfindən üzvü olan gənclər təşkilatları üçün yeni fəaliyyətlər olan daxili təlimləndirmə, konsultasiya xidmətlərinə start verilib. Belə ki, üzv təşkilatlar onların fəaliyyət istiqamətində çətinlik çəkdikləri və ya çatışmazlıqlar olduğunu düşündükləri sahələr üzrə ödənişsiz təlimlərdə iştirak edəcəklər. Konsultasiya xidməti çərçivəsində Milli Şura üzv təşkilatlarına gənclər siyasəti, Qeyri-Hökümət Təşkilatlarının idarə olunması, bu sahədə qanunvericilik, beynəlxalq əlaqələr, layihələrin yazılması və idarə olunması və digər məsləhət xidmətləri təşkil edir.
Qeyd olunan fəaliyyətlərdən əlavə olaraq Milli Şura üzvü olan gənclər təşkilatlarının rəhbərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində yeni fəaliyyət olan “Çay Məclisi”-nə start verib. “Çay Məclisi” Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən və üzvlərinin iştirakı ilə ildə iki dəfə baş tutan Məclis arasında üzvlərlə Milli Şuranın idarə heyəti, MNTK və katibliyinin  iştirakı ilə həyata keçirilən qeyri-formal bir görüşdür. Görüş çərçivəsində Milli Şura və üzv təşkilatlar birgə fəaliyyətlərin və əməkdaşlıqların daha da gücləndirilməsi, həyata keçirilən layihələrdə təşkilatların rolunun artırılması və digər mövzular üzrə səmimi şəraitdə müzakirələrin aparılır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.