GDU-da “Gəncənin tarixi ipək yolundakı rolu” müzakirə olunub

GDU-da “Gəncənin tarixi ipək yolundakı rolu” müzakirə olunub

Gəncə Dövlət Universitetində “Gəncənin tarixi ipək yolundakı rolu” adlı tədbir keçirilib.

Konfransda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədr müavini Heydər Atayev, İttifaqın baş katibi Aytən Əliyeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, YAP Gənclər Birliyinin sədri Cavid Bağırov, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi M.Cəfərov bildirib ki, müasir dövrdə “Böyük İpək Yolu” üzərində yerləşən ölkələr arasında dialoqun yaradılması, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə xüsusən gənclər arasında anlaşmaya diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Belə bir işdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının rolu danılmazdır”.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədr müavini H.Atayev ittifaqın fəaliyyətindən bəhs edib, ilk növbədə sahibkarlığın inkişafına yardım edilməsi, görülən işlərin dəstəklənməsi, iqtisadi-sosial inkişafın təmini sahəsində qazanılmış nailiyyətlərin təbliği, müvafiq istiqamətdə beynəlxalq təcrübəni öyrənməyin əsas məqsədlərdən olduğunu bildirib: Qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edildiyini vurğulayan H. Atayev aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradıldığını diqqətə çatdırıb.

İttifaqın baş katibi A. Əliyeva “Gəncənin tarixi-Böyük İpək Yolu”, universitetin əməkdaşlarından dosent Hüseyn Bəxtiyarov “Böyük İpək Yolunun tarixi”, dosent əvəzi Etibar Musayev “Böyük İpək Yolunun yaranmasının tarixi səbəbləri” adlı məruzələrlə çıxış ediblər.

Konfransın sonunda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqlar konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.