Görkəmli kontrabas ifaçısı İlyas Hüseynov vəfat edib

Azərbaycan musiqi mədəniyyətinə itki üz verib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri İlyas Hüseynov 2017-ci il yanvarın 12-də uzun müddətdir yaşadığı Almaniyanın Frankfurt şəhərində vəfat edib.
Mərhum sənətkar bu gün Almaniyanın paytaxtı Berlin şəhərində dəfn olunacaq.
İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakıda anadan olub. Yeddi yaşından fortepiano, 10 yaşından violonçel çalmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib.
O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında “Elegiya – İsrafimzadə”, Qara Qarayevin “Yeddi gözəl” baletindən solo, Üzeyir Hacıbəylinin “Gülşən” baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.

Görkəmli sənətkar Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə 1978-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

APA