Gözdən əlil vətəndaşlarımız üçün İçərişəhərin maketi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən gözdən əlil vətəndaşlarımız üçün İçərişəhəri və onun ərazisində yerləşən tarixi abidələri əks etdirən maket ictimaiyyətə təqdim olunub.

İdarədən bildirilib ki, dünya təcrübəsində istifadə olunan bu cür maket respublikamızda ilk dəfə quraşdırılıb. İş adamları Eldəniz Vəliyev və Cyril Rabbath tərəfindən xarici mütəxəssis Egbert Broerkenə müraciət edilib və xüsusi texnologiyalarla hazırlanmış maket “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə hədiyyə verilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi son illər əhalinin bütün təbəqələrinin istirahətinin daha səmərəli keçirilməsi üçün bir çox mühüm tədbirlər həyata keçirib. Əhalinin belə təbəqələrindən biri də fiziki imkanları məhdud olanlardır. Ulu öndər Heydər Əliyevin fiziki imkanları məhdud insanların hüquqlarının müdafiə edilməsində xüsusi rolu olub. Bu xeyirxah iş hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən davam etdirilir. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlillərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də hər zaman bu istiqamətdəki tədbirlərə öz töhfəsini verir. Məlumat üçün qeyd edək ki, 1784–cü ildə dünya şöhrətli pedaqoq Valentin Haüy görmə qabiliyyətini itirmiş şəxslər üçün öz şəxsi hesabına məktəb açmışdı. Bu məktəbdə təhsil onun kəşf etdiyi şrift əsasında aparılırdı. Şrift “Unitsial” adlanırdı. 1984-cü ildə BMT tərəfindən Haüyün doğulduğu gün – noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü elan edilib. 2005-ci il dekabr ayının 9-da Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi imzalanıb. Respublikamızda izdihamlı küçələrdə səsli işıqforlar, sərnişin nəqliyyatında səsli dayanacaq elanları və s. quraşdırılıb.

AZƏRTAC