Güllü Yoloğlu: Türk Birliyi üçün yanlız iki ölkə çalışır

-Türk xalqlarının ortaq özünəməxsus xüsüsiyyətləri nələrdir və bu xüsusiyyətlər türk toplumunun birliyinə töhvə verə bilirmi?

-Qədim türklər uzun əsrlər gündoğandan günbatana, günbatandan gündoğana ürəyi kimi geniş çollərdə at çapıb, dövlətlər qurub, mədəniyyətlər yaradıblar. Zaman keçib, müxtəlif xalqlarla təmas, dinlərin qəbul olunması, həyat tərzi, təsərrüfat həyatı, dillərində, dünya görüşlərində kənar təsirlər yaradıb. Bu gün çox ehtiyatla, heç kəsin heysiyyatına toxunmadan sonradan qəbul edilmiş və ya etdirilmiş dinləri götürüb kənara qoysaq, demək olar ki, adət-ənənələrimiz, dilimiz, inancımız eynidir. Əlbəttə ortaq dəyərlərimizin ortaya qoyulması türk xalqlarının özünü dərkinə, yaxınlaşmasına xidmət edə bilər. 

-Sualımın davamı kimi Türk xalqlarının mərasim sistemində Novruzun yerini necə görürsünüz? Həm də istərdik eyniadlı kitabınız haqqında da bir qədər danışasınız.

-Məlumdur ki, türk xalqlarının, demək olar ki, hamısı bahar bayramını ayrı-ayrı adlar altında keçirirlər. Novruz bayramı Bosniya türkləri («Sultan-i Navruz»), Kıbrıs (Kipr) türkləri («Mart dokuzu»), Rumıniyanın tatar topluluğu («Navrez»), Batı Trakya türkləri («Mevris»), qaqauz türkləri («Martacık», ya da «İlk Yaz Yortusu»), Qazaxıstan türkləri («Nevruz – Ulus»)… arasında da böyük coşqu ilə keçirilir. Altay türkləri martın 18-25-i arası «Çılqayak», «Çalkandu Boyu», «Çıl Bazı» («İl başı») bayramı, tıva türkləri fevralın sonu – martın əvvəlində «Şaqaa» bayramı, Çindəki uyğurlar «Kış zimistanni koğlaş», yəni qışın qovulması adlandırılan Novruz bayramı  keçirirlər. Əsasən sibirtarlar adı ilə tanınan Omsk, Tümən, Novosibirsk tatarları bu bayrama daha çox Həməl bayramı deyirlər. Bu da onun həməl (mart) ayında keçirilməsindən irəli gəlir. Bir-birinə rast gələrkən «Qaza Navruz qünü mubarak bolsun!» deyən qumuğlar da bu bayrama önəm verirlər…. Hər yerdə iqlim şəraiti, təbiətin canlanmasının müşahidə olunduğu vaxt eyni olmasa da, əksər xalqlarda bu bayramın keçirilməsinin fevral-mart aylarına təsadüf edir. Belə ki, yeni il Moldova rumınlarında martın 1-də («Mertsişor»), tıvalarda fevralın sonu – martın əvvəllərində («Şaqaa»), monqollarda yanvarın ortası, martın əvvəllərində («Tsaqan sar») qeyd olunur… Lakin onların heç birində, dediyimiz kimi, dörd ünsür – dörd çərşənbə yoxdur. Bu da dörd ünsürlə adlandırılan çərşənbə adlarının yalan olduğunu göstərir…

Uzun illər ateizm, vahid «sovet xalqı» yaratmaq ideyası millinin üstünə kölgə salmağa, onu ləkələməyə çalışıb. Lakin nə yaxşı ki, qırıntılar şəklində də olsa, bir çox adətlərimiz, ayinlərimiz, mərasimlərimiz yaddaşlarda qalıb. Bizim işimiz sadəcə həmin qırıntıları məntiqlə bir-birinə yapışdıraraq bərpa etməkdir. Tamı əldə etməkdə bizlərə Türk Dünyasının mərasimlərinin müqayisəli araşdırılması, Sibirdən Balkanlara qədər olan səfərlərimiz, ekspedisiyalarımız zamanı əldə etdiyimiz dini, etnoqrafik, folklor materialları, bizdən əvvəlki tədqiqatçıların hətta bəzi məqamları ilə razılaşmadığımız yazıları belə yardımçı oldu. Novruzla bağlı tam təsəvvür yaratmaq məqsədilə “Mövsüm mərasimləri” (Bakı, 2009) monoqrafiyamızda tanınmış folklorşünaslarımızın, etnoqraflarımızın dəfələrlə yazdıqları məqamları təkrar etmək istəmədiyimizə görə, Kosa-kosa, Novruz süfrəsi, nəğmələri, Axır çərşənbə inamları, falaçmaları ilə bağlı məqamlara yer ayırmamışdıq.  Bu monoqrafiyamızda onlarla da bağlı materiallar təqdim etmiş və çalışmışıq ki, daha çox öz araşdırmalarımızdan əldə etdiyimiz nəticələri ortaya qoyaq, Novruzun tarixi, etnoqrafik, folklor, fəlsəfi, sosioloji, iqtisadi və siyasi yönlərini analiz edək, deyilənlərə, yazılanlara münasibətimizi bildirək, mövzu ilə bağlı şəxsi arxivimizdəki fotoşəkilləri də oxucularımıza təqdim edək. Qondarma çərşənbələrə və onların yaradılma səbəblərinə də geniş yer vermişik.

-Güllü xanım, milliliyi hərə bir cür anlayır. Kimi azərbaycançılıq, kimi də türkçülük kimi. Sizin mövqeyinizi bilək maraqlı olardı və niyə?

-Azərbaycanda mən azərbaycançılığa üstünlük verirəm. Bilirik ki, ölkəmizdə ayrı-ayrı xalqlar, etnik və etnoqrafik qruplar, ayrı-ayrı dinlərə, təriqətlərə bağlı insanlar yaşayır. Mənim üçün ən əsası Azərbaycanın birliyi, ərazi bütövlüyüdür. Bunu nə dinlə, nə etnik məsələ ilə əldə etmək mümkün deyil. Bu ağrılı məsələni biz XX əsrin 90-cı illərində gördük. Bu gün azərbaycançılıq bizi birləşdirən yeganə amaldır. Amma Türk Dünyası ilə bağlı, təbii ki, bunu demək olmaz. Türk Dünyasının birliyi üçün də başqa şərtlər lazımdır. Ən başlıcası isə yalançı türkçülükdən uzaq olub, birlik yönündə iş görməkdir…

-O zaman milli dəyərlərimizin təbliği hansı səviyyədədir?

-Yenə də Azərbaycandakı vəziyyəti unutmamaq lazımdır. Milli dəyərlərimiz deyəndə, hər xalq özünün milli dəyərini önə sürə bilər. Ona görə də biz milli mənəvi dəyərlər sistemi kimi ölkəmizdə yaşayan hər kəsin bu dəyərlərinə hörmətlə yanaşmalı və özümüzünkünə də sahib çıxmalıyıq. Necə? Hərə öz yerində. Məsələn, mən uzun illərdir AzTV-də bizim “Xalq yaradıcılığı” redaksiyasında “Türk elləri”, “Əsrlərdən gələn səslər”, “Keçmişdən gələcəyə”, “Qopuz”, “Rəqsin dili”, “Şəbəkə”, “Sarıtel” kimi milli mənəvi dəyərlərimizlə bağlı verilişlər hazırlamışam. Azərbaycan radiosunda “Söyumuz, soykökümüz”, “Böyük Çöl” kimi verilişlərim olub. “Səhər” musiqili-informasiya proqramında “Dədə Qorqud – 1300”, “Soyumuz, soykökümüz” kimi canlı bölümlərim olub… 9 kitabım, 500-dən çox elmi, elmi-publisistik məqaləm də buna xidmət edir. Bu işlərin siyahısına Türk Dünyasını Sibirdən Balkanlaradək gəzib apardığım araşdırmalarla, etno-foto sərgilərimlə, konfranslarımla uzatmaq olar.

-Türk mədəniyyəti və beynəlxalq aləm. Bu qarşılıqlı təsirdən günümüz reallığında itki və qazanclarımız nə ola bilər?

-Bu gün, bütün dövrlərdə olduğu kimi, xarici və daxili siyasət iqtisadi maraqlar üzərində qurulur. Şəxsi münasibətlər də iqtisadi maraqlara köklənir. Hər kəs güclünün yanında olmaq istəyir. Belə bir vaxtda etnik qohumluq əlaqələrinin və ya din birliyinin önə çıxarılması, heç bir qarşılığın olmayacağını öncədən bilərək iqtisadi cəhətdən zəif qardaşı arxasınca sürümək həvəsi heç bir ölkədə yoxdur. Bəzən düşünürük ki, necə ola bilər ki, ilk baxışda yaxın olması düşünülən ölkələr, əksinə, bir-birindən uzaqdır. İranla Ermənistanın, Səudiyyə Ərəbistanının ABŞ-la, Türkiyənin Rusiya, Yaponiyanın Rusiya və s. ilə əlaqələrinin kökündə iqtisadi və onun da müəyyənləşdirdiyi siyasət durur. Dünya ölkələrinin qütbləşdiyi bir vaxtda bizim üçüncü qütb olaraq Türk Dünyası məsələsini qabartmağımız yadıma başkort siyasətçisi Əxmətzəki Vəlidovun (sonralar məşhur alim Zəki Vəlidi Toğan) bolşeviklərlə menşeviklərin arasında ayrıca bir başkort respublikası yaratmaq istəyi düşdü. Vəlidovçular deyirdilər: “Biz nə bolşevikik, nə də menşevik. Biz sadəcə başkortuk”. Lakin böyük güclərin toqquşduğu meydanda tərəfsiz qalmaq mümkün olmadığı üçün vəlidovçular gah menşeviklərə, gah da bolşeviklərə qoşulmalı oldular. Çünki öz yolları vardı. Lakin bu iki böyük axının heç biri onların yollarına uymurdu və nəticədə qalib gələn bolşeviklər vəlidovçuları edam etdilər, Əxmətzəki özü isə ölkədən qaçdı…Elə ondan başlayaq ki, Türk Dünyasının aparıcı güclərindən biri və birincisi olan Türkiyə NATO-nun üzvüdür. Onun maraqları NATO-nun maraqları ilə üst-üstə düşməlidir. Ara-sıra dişini göstərən Türkiyə iki güc arasında seçim etməlidir: ABŞ və Rusiya… Yəni istənilən halda bu seçim Türk Dünyasının xeyirinə deyil… Yerdə qalır əski Sovetlər Birliyindən çıxmış türk dövlətləri… Onların da siyasi maraqları bu və ya digər gücə meyllənməyə vadar edir. Avropa Birliyinə girməsi coğrafi yerləşim baxımından imkan verməyən türk dövlətləri MDB,  KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və bu kimi birlik və təşkilatlara girmək məcburiyyətində qalırlar. Orta Asiya türk dövlətləri Əfqanıstandan gələn təhlükəni önləmək üçün “yaxın qonşu uzaq qohumdan yaxşıdır” atalar sözünün əsas götürərək Türkiyəyə yox, Rusiyaya güvənirlər. Türkiyədə baş verən dini dəyişikliklər və müsəlman ölkələrinin aqibəti, açığını deyək, artıq qeyri-müsəlman türkləri qorxudur və onlar Rusiyaya daha da sıx bağlanırlar. Çox az olduqlarını və qarşılarındakı maneənin nə qədər böyük olduğunu görürlər. Böyük və güclü türk dövlətlərinin başı öz problemlərinə, həm də çox ciddi problemlərinə qarışıb… Türkmənistan neytrallığını qoruyub saxlamağa çalışır. Azərbaycanla münasibətlərində Xəzərin neft yataqları ilə bağlı (yenə də iqtisadi məsələ) xoşagəlməz vəziyyət tam olaraq aradan qalxmadığından əlaqələr öz rəsmiliyini qoruyur… Bizim tale yüklü məsələlərimiz, o cümlədən də nəhəng iqtisadi layihələrimiz Türkiyə ilə bağlı olduğu üçün daim bu ölkənin yanındayıq və hər iki tərəf bunu “bir millət – iki dövlət” olmağımızla bağlayır. Lakin bu qardaşlığın özündə də bir kövrəklik var. Xalqın, türk birliyinin xeyirinə olmayan tarixi olayları, əslində isə barıt çəlləklərini yaddaşında saxlayanlar var. Təəssüf ki, xarici və daxili düşmən güclər bu çəlləkləri partlatmaq üçün məqam gözləyirlər…  Üstəlik də yenə də iqtisadi məsələlər üzündən özbəklərlə qazaxların, qazaxlarla qırğızların, tatarlarla başkortların və s. münasibətləri o qədər də ürək açan deyil. Özbəkistanla Türkiyənin münasibətlərindəki soyumanın bundan sonrakı dərəcəsi İslam Kərimovdan sonrakı dövlət başçısının məsələyə yanaşması ilə müəyyənləşəcək. Dediyimiz və demədiyimiz reallıqlar Türk Dünyasının birliyi məsələsində bir çox suallar və çətinliklər yaradır… Üstəlik onu da vurğulasaq ki, tarix boyu Metedən tutmuş sonrakı dövrlərdə də türk xalqları, dövlətləri heç vaxt bir olmayıblar, məsələ bir az da qəlizləşir. Yaddaşımızdan sildiyimiz tarixi həqiqətlərdən biri də budur. Deməli, ərazi birliyi utopiyadan başqa bir şey deyil. İqtisadi birlik də yeraltı və yerüstü təbii sərvətlərin qədəri, coğrafi yerləşim yerinin əlverişli olub-olmaması, siyasi və hərbi gücün azlığı və ya çoxluğu məsələsindən asılıdır.Bununla belə, bu gün türk dövlətlər birliyinin gerçəkləşməsi üçün ən çox çalışan iki ölkənin adını çəkə bilərəm – Azərbaycan və Qazaxıstan. Türkiyədə dinin önə çəkilməsi, əski Osmanlıda olduğu kimi, milli kimliyi, yəni türklüyü arxa plana keçirir. Bu da Türk Dünyası üçün böyük itkidir…   

-Bildiyiniz kimi uzun illərdir Ermənistanın təcavüzü nəticəsində ölkəmiz müharibə vəziyyətindədir. Mövcud  durumu qardaş türk xalqalrının qavraması için mədəni əlaqələrin mühüm yeri var. Bu istiqamətdə yol qət edə bilmişik?

-Bəzi türk dövlətləri Ermənistanla birgə KTMT (Kollektiv Təhlükəsizlik Təşkilatı) kimi hərbi qrumun üzvüdürlər. Bu, məsələni qəlizləşdirir. Mən bütün ümidlərimi mənəvi birliyə bağlayıram… Bu çalışacağımız və qısa zamanda real müsbət nəticələr əldə edə biləcəyimiz sahədir. Burada da dinlə ehtiyatlı olmaq lazımdır…Çox vaxt deyirlər: “300 milyon türk birləşsə, bizim qabağımızı heç kəs ala bilməz”. Doğrudur, birləşsə… Birləşsin… Birləşə bilməməsi üçün kifayət qədər maneələr var. Biz xəstəliyi müəyyənləşdirməmiş, düzgün diaqnoz qoymamış müalicəyə başlaya bilmərik. Nəticə uğursuz olacaq… Demək istədiyim odur ki, realist olmaq lazımdır… Reallığı dərk etmək və reallıqdan çıxış etmək… Pafos zamanı artıq geridə qaldı…

Stand tv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here