RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

Günümüz, mücadiləmiz, birliyimiz mübarək olsun!

60

Türkiyədə millətçi təşkilatlar və insanlar tərəfindən aparılan mübarizə nəticəsində yaranmış 3 may Türkçülük (şəxs olaraq bu sözün leksikonumuzdan yığışdırılmasının tərəfdarıyam) günü Azərbaycanda, o cümlədən bir sıra türk dövlət və toplumlarında millətçi qruplar tərəfindən qeyd olunur. Bu, özlüyündə möhtəşəm bir hadisədir. Çünki məhz bu insanların, təşkilatların fədakarlığı nəticəsində millətçi düşüncəli insanların xəyalında yaşatdığı, arzuladığı baş verdi – Türk Dövlətlərinin Birliyi quruldu.

Belə ki, 2009-cu ildə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılmasını nəzərdə tutan Naxçıvan Razılaşması imzalandı. Nəticədə indiyə qədər müəyyən qrup insanın, bir qrup ictimai-siyasi təşkilatın apardığı mücadilə rəsmi xarakter aldı, dövlət başçıları, dövlətlər türklük hərəkatına dəstək verdilər. Türk Şurası ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Azərbaycan Respublikası da Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir.

Məhz Naxçıvan Razılaşması imzalanan günün – 3 oktyabr tarixinin Türk Dövlətləri Günü kimi qeyd edilməsi qərarlaşdırıldı. Beləliklə 3 may 1944-cü ildə (yaxud da ondan illər öncə) başladılmış bu mücadilə 3 oktyabr 2009-cu ildə dövlətlərin ona sahiblənməsilə yeni və daha güclü bir nəfəs, anlam qazanmış oldu. 3 mayı yada salmaqla yanaşı diqqətimizi və enerjimizi 3 oktyabra da yönəltməyimiz, Türk Şurasının möhkəmlənməsinə, güclənməsinə dəstək verməyə çalışmağımız daha ciddi nəticələr yaradacaq.

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı