“Güvən Telefonu” qaynar xətti

“Güvən telefonu” layihəsinin məqsədi  Xızı rayon tam orta məktəblərində işçi heyəti ilə təlimlər keçərək psixoloq operatorların hazırlanmasından ibarətdir. Təlimlər peşəkar  operator psixoloq tərəfindən keçirilərək,  telefon vasitəsi ilə şagirdlərə veriləcək məsləhətlərin istiqamətləri, problemlərin həlli yolları tam şəkildə mənimsədildi və  eyni zamanda təlimlərlə bərabər pedaqoqlar tərəfindən layihə çərçivəsində maarifləndirici görüşlər keçirilərək qaynar xəttin nömrəsi və mahiyyəti şagirdlərə anladıldı.

Layihə çərçivəsində təlimlər və maarifləndirici görüşlər Xızı rayonunun bütün tam orta məktəblərində keçirildi.  Görüşlər zamanı 210 nəfər şagird heyəti ilə maarifləndirici görüşlər, 60 nəfər işçi heyəti ilə isə təlimlər keçirildi.

Maarifləndirici görüşlər və təlimlər yekunlaşdıqdan sonra  06 Noyabr 2017-ci il tarixindən Giləzi qəsəbə tam orta məktəbində təlim keçmiş könüllü operatorlardan ibarət “Güvən telefonu” qaynar xətti fəaliyyətə başlamışdır.

Güvən Telefonunun qaynar xətti: (023-31)-60-187

Yaşımızdan, cinsimizdən, ailə vəziyyətimizdən və sosial statusumuzdan asılı olmayaraq, hər birimiz çətin vəziyyətlə üzləşə bilərik. Belə vaxtlarda məsləhətə, mənəvi dəstəyə, fikrimizi söyləməyə, məzəmmət olunmadan dərk edilməyə hava-su kimi ehtiyac duyuruq. Kimsə dərdini yaxın dostları ilə, iş yoldaşı ilə bölüşməklə yüngülləşir, kimsə tanımadığı təsadüfi adama ürəyini boşaltmağa üstünlük verir.

Xüsusilə yeniyetmələrin əhvalı dəyişikliklərə qarşı daha həssasdır. Gənclərin psixikası zərif olur. Ən cüzi şey, istənilən ağır söz, məzəmmət yeniyetmənin əhvalını pozmaq üçün kifayətdir. Bu gün çətin anlarda dostların, valideynlərin köməyi  ilə yanaşı, peşəkarlara da müraciət etmək mümkündür. Üstəlik, bu zaman yardım üçün müraciət edən şəxsin anonimliyi tam təmin olunur. Bunun üçün əhaliyə psixoloji yardım göstərən xidmət, başqa sözlə, “güvən telefonu” fəaliyyətdədir.

Şübhəsiz, adi telefon zənginin taleyimizi dəyişəcəyinə, bütün problemləri tam həll edəcəyinə heç birimizin inamı yoxdur. Lakin “güvən telefonu”na zəng vurmaqla hər an peşəkar psixoloji yardım, ağıllı məsləhət və istiqamət alacağımıza ümid edə bilərik.

Layihənin icra müddəti 3 aydır..

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here