RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

Həəə, bir ağır itkimizin də 26-cı ildönümü gəldi…

68

23 iyul 1993-cü il

İlk dəfə Ağdam adını 2-ci sinifdə oxuyarkən sinif yoldaşım Səyalıdan eşitmişdim. Bibisi Sayfsul xala Ağdamda ərdə idi. İki qızı var idi. Biri bizimlə yaşıd idi – Kəmalə. Səhf etmirəmsə 1988-ci ildə kəndə Novruz bayramına gəlmişdilər. Məktəbimizin həyətində də bayram tədbiri düzənlənmişdi. Mərhum Sehran müəlliməm onları da gəlmişdi tədbirə. İndiki düşüncəm olsaydı o qün düşünərdim ki, o qızlar Ağdamdan deyil, Norveçin, ya Kanadanın, ya da Finlandiyanın hansısa varlı şəhərindən gəliblər. Çox fərqli idilər. Həm də bir az insana xoş təsir bağışlayan, özlərinə yaraşan yüksək ədaları vardı. Açığı kəndimizdən uzun illər Bakıda, Mingəçevirdə, Sumqayıtda, Gəncədə yaşayan həmkəndlilərimizin uşaqları tətildə kəndə gələndə bunlar kimi görünmürdülər. Onlar da elə bizim kimi idilər. Sadəcə rəngləri bir az ağ, paltarları da səliqəli olurdu. Bu qızların isə həm görkəmləri, həm paltarları göz oxşayan gözəllikdə, özləri də sanki yağ-bal içində yaşamış idilər. Sən demə yanılmamışam, elə də varmış. Sonralar Sayalı bizə danışırdı ki, hələ bibimgil Ağdamda o qədər də varlı yaşayan ailə deyillər. Orada həyat tamam başqadır. Biz onun bütün sözlərinə inanırdıq. Çünki o bir neçə dəfə Ağdamda olmuşdu. Onun danışdıqları o qədər xoşuma gəlmişdi ki, nə Bakını, nə Gəncəni, nə Tiflisi, nə Moskvanı yox, Ağdamı görmək istəyirdim. Hətta bir dəfə atama da dedim ki, “ata, mən Ağdama getmək istəyirəm. Məni ora apar”. Atam da söz verdi ki, yaxın vaxtlarda səni Ağdama, ordan da Şuşaya, Xankəndinə aparacam…

Eh, sən saydığını say gör fələk nə sayır, deyib dədələr. Dədəmin söz verməsindən bir az sonra ara qarışıb məstəv itdi. Azərbaycan növbəti fəlakətlə üz-üzə qalıb məhvə sürükləndi.

O vaxtlar təfəkkürümdə çağlayıb, qaynayan, gözəllər şəhəri, varlılar, imkanlılar rayonu Ağdam qan-qadalı bir diyara çevrilmişdir. Hər gün bu rayondan şəhid xəbərləri, torpaq itkiləri, insan ah-nailəsi gəlirdi. Dözülməz idi…

1993-cü il – 23 iyul. Xəyallarımın şahi, könlümün sevgilisi Ağdam işğal olundu. Həmin gün həmkəndlim, qonşum qəhrəman əsgərimiz Eminov Amil Şəmil oğlu da Ağdamda itkin düşdü. Bugünədək Ağdamın taleyi kimi ondan da xəbər yoxdur, nə öldü nə də qaldısından…

Nədənsə Ağdamın işğalından sonra düşünürdüm ki, görəsən indi varlığım qədər adına vurulduğum Ağdamın şah kimi yaşamış binəva sakinləri haralardadır, nə cür yaşayırlar.Həmin il yay tətili bitdi, məktəb başladı. Bir-iki aydan sonra sinfimizə gələn qızı az qala tanımadım. Vaxtilə Xan qızı Natavan kimi vüqarlı dayanan, gözləri Qarqar çayı kimi çağlayan, əyin-başı zər-zibalı şah qızları kimi parıldayan o qızın qaməti də bükülmüşdü, gözləri də solmuşdu, bənzi də ağarmışdı, əyin-başı isə bu halından heç diqqət belə çəkmirdi. Bəli, bu 5 il bundan qabaq gördüyüm həmin qız – Kəmalə idi. İlk dəfə görəndə qəlbimdə necə Ağdam sevgisi yaratmışdısa, bu dəfə də gördüyümdə eynən qəlbimə Ağdam yarası saldı…

Hərbi xidmətə gedəndə həmişə arzusunda olmuşdum ki, müharibə olsun, Ağdamda, Qarabağda düşmənə olan nifrətimi, kinimi döyüşdə onların başına yağdırım. Heyif, çox heyif!

Bir neçə dəfə aktiv Komanda Qərargah Təlimlərində dislokasiya məkanı kimi Ağdamın bir neçə kəndinə həyəcan siqnalı ilə getmişdik. Toplarımızı, tanklarımızı, digər artilleriya qurğularımızı tam hazır vəziyyətə gətirərək “şərti düşmən” adlandırdığımız, lakin həqiqi düşmənlərimizin dayandığı ərazilərə tərəf atəş açaraq faktiki düşmən dura-dura şərti düşməni məhv edirdik…

*******************************************************

Yenə də Tanrıdan arzu edirəm ki, məni Ali Baş Komandanın əmri ilə başlayacaq Qarabağın düşməndən azad olunması döyüşlərində iştirak edənə qədər sağ-salamat saxlasın.

Mən Tanrıdan arzu edirəm ki, Kəmalə bacımın və Ağdamdan olan digər bacı-qardaşlarımın balaları Ağdamda özləri kimi şahlara layiq olan baxçalı-bağlı, axar-baxarlı həyatlarının davamını yaşasın. Eşit, Tanrım, eşit dualarımı!

Görüşünə gələcəyik, Ağdamım…
Mütləq səni azad edib daşı-daş üstündə qalmayan torpağını gözümüzə sürtüb bir daha sənin qoynundan uzaqlaşmayacağımıza and içəcəyik…

Beş min səkkiz yüz doxsan yeddi şəhidinin ruhuna and içirəm ki, unudulmadın, bir an belə. Gələcəyik, mütləq gələcəyik, güclü dövlətimizlə gələcəyik…

Yusif Alıyev
dosent

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı