Həkim məsləhəti: “Ana südü anemiya xəstəliyinin qarşısını alır”

Ana südündə qansızlığa qarşı kifayət qədər dəmir olduğunu qeyd edən mütəxəssislər bu qida ilə bəslənən körpələrdə anemiya (qansızlıq) xəstəliyinin müşahidə olunmadığını bildirirlər.

Araşdırmanı aparan türkiyəli mütəxəssislərin gəldikləri nəticəyə görə, ana südü ilə qidalanmayan körpələrdə anemiya xəstəliyinin əlaməti olaraq narahatlıq, davranış dəyişiklikləri, iştahsızlıq, yuxusuzluq və normadan çox yatma kimi əlamətlər özünü göstərir. Daha böyük uşaqlarda isə bu əlamətlər yorğunluq, halsızlıq, baş gicəllənməsi, baş ağrısı, tez yorulma və nəfəs darlığı kimi şikayətlərdə özünü büruzə verir.

Körpələr üçün ən yaxşı qidanın ana südü olması qənaətinə gələn mütəxəssislər bu süddə körpənin böyüməsi üçün lazım olan qida dəyərinə malik bütün maddələr, o cümlədən dəmir (hemoqlabin), vitamin, zülal, yağ olduğunu vurğulayırlar.

Tədqiqatların nəticələrinə görə, 1-1,5 yaşına qədər körpələr üçün əhəmiyyətli enerji və qida mənbəyi olan ana südü ilə qidalanma uşaqları bəzi xəstəliklərdən, o cümlədən anemiyadan və kəskin respirator infeksiyalardan qoruyur.

SİA.AZ