Həmrəylik dini radikalizmə və ekstremizmə qarşı mübarizədə səmərəli vasitədir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “KCA Deutag” şirkətinin birgə təşkilatçılığı ilə “Həmrəylik-dini radikalizmə və ekstremizmə qarşı mübarizədə səmərəli vasitə” mövzusunda tədbir keçirilib.

DQİDK-dan bildiriblər ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və şirkətin nümayəndələri iştirak ediblər.

Komitə sədrinin müavini Səyavuş Heydərov çıxışında bu gün Azərbaycanda dini durumun sabit olduğunu, eyni zamanda, respublikamızda dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyini bildirib. S.Heydərovun sözlərinə görə, bütün dinlərin nümayəndələri ölkəmizdə bərabərhüquqlu şəkildə fəaliyyət göstərirlər. Natiq respublikamızda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərdiyini diqqətə çatdırıb.

İslamın sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəssüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Qeyd edib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. S. Heydərov İslamın məqsədli şəkildə terror dini kimi təbliğ edilməsinin Avropada islamofobiya hallarının artması ilə nəticələndiyini diqqətə çatdırıb.

Bəzi dairələr tərəfindən radikalyönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına cəhdlərin edildiyini vurğulayan Səyavuş Heydərov bunun qarşısının qətiyyətlə alındığını bildirib. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan sədr müavini dini ekstremizmlə, dini radikalizmlə mübarizədə həmrəyliyin vacibliyini diqqətə çatdırıb. Natiq bildirib ki, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə”, “Şəhadət” sənədli filmləri də radikalizmə qarşı mübarizədə önəmli rola malikdir.

DQİDK sədrinin müavini hər kəsi yad dini ideologiyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə, ümumiyyətlə radikal dini təsirlərə düşməmək üçün daha diqqətli olmağa çağırıb.

Sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dinində radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu “Qurani Kərim”dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.

Tədbirdə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here