RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.10 15:56

Hamını birləşdirən hərəkat yarana bilər

22

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi Əli Əhmədov “Qarabağ Azərbaycandır!” Hərəkatının yaradılmasını təklif edib. Əli Əhmədov bildirib ki, Prezidentin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” mesajı gündəmin əsaslı surətdə dəyişməsinə səbəb olub.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, bu gün Azərbaycanda həqiqətən də belə hərəkata ehtiyac var və yaradılmalıdır:

“Qarabağın adı ilə bağlı nə varsa, mən hamısında iştirak etməyə hazıram. Əli Əhmədovun bu fikrini dəstəkləyirəm və hər zaman da dəstək göstərməyə hazıram. Hesab edirəm ki, böyüklü-kiçikli, qadınlı-kişili, qocalı-cavanlı hamı bu yolda birləşməli, bu hərəkata qoşulmalıdır. 1988-ci ildə necə Xalq Cəbhəsində hamı birləşmişdi, burada da həmin birlik olacaq. Hamımız sözü bir yerə qoyub birləşə bilərik. Onsuz da hamımızın Qarabağla bağlı amalı, arzusu birdir. Hesab edirəm ki, belə hərəkat baş tutsa, torpaqlarımızın azadlığı uğrunda da çox işlər görə bilərik”.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şirin Mirzəyevin həyat yoldaşı, deputat Flora Qasımova da bildirib ki, bu hərəkat nəinki yaradılmalıdır, hətta kecikirik:

“Mən “Qarabağ Azərbaycandır!” Hərəkatı yaradılmasının həm tərəfdarı, həm də dəstəkçisiyəm. Çox təəssüf edirəm ki, biz belə məsələlərdə çox gecikirik. Bu gün ermənilər Qarabağ üçün bizdən daha çox iş görürlər, daha fəaldırlar. Mütləq gəncləri bu hərəkata qoşmaq lazımdır. Bu, təkcə Azərbaycanda yaşayan azərbaycanlılara aid olmamalıdır. Görürsünüzmü, ermənilər bir balaca ölkədir, hər yerdən çıxırlar. Qarabağ üçün təkcə Ermənistandakı ermənilər deyil, xaricdə yaşayan ermənilər də nə isə edir, hərəkat halında birləşir. Bizim gənclər də belə etməlidir. Harada yaşamasından, ideya və fikirlərindən, iqtidar, ya müxalif fikirli olmasından asılı olmayaraq, Qarabağ məsələsində hamı eyni fikirdə olduğu üçün bu hərəkat bizi birləşdirə bilər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı