Həyat davam edir

Mübariz Göyüşlü
“Müasir İnkişaf” İctimai Birliyinin sədri

Bəlkə də bunu xatırlatmağa ehtiyac yoxdur. Çünki bu həyatı yaşayan hər kəs, o cümlədən Azərbaycan vətəndaşları da bunu yaxşı bilirlər. Amma bəzən gün ərzində çox tez-tez elə hadisələrlə qarşılaşırsan ki, bu ifadəni xatırlatmadan keçmək olmur.
Məsələ burasındadır ki, cəmiyyətimiz artıq o qədər aqressiv, qəzəbli, əsəbi, gərgin olub ki, heç kim digərini eşitmək istəməyəcək hala gəlib. Bəzən elə davranışlar görürük ki, elə bil həyatın sonudur. Kimsə kimsənin məqaləsini, kitabını oxumur, tədbirlərdə, ictimai yerlərdə kimsə digərinin çıxışına qulaq asmır, hər kəs öz bildiyini mütləq həqiqət kimi görür və qəbul etdirməyə çalışır. Məmur, polis, hərbiçi, jurnalist, alim, həkim, müəllim, tələbə, yaşlı, cavan, kişi, qadın hər kəs bir-birinə qarşı çox aqressiv olub, necə deyərlər “ağız deyəni qulaq eşitmir”. Çox vaxt qarşı tərəfi dinləmədən onun haqqında dərhal “hökm” verməyə, onu “günahkar” çıxartmağa çalışırıq. Nəticədə təbii ki, qarşı tərəf də borclu qalmır ikiqat artıq bir aqressiya göstərir, beləcə qarşıdurma yaranır və gərginlik artır.
Bir neçə aydır ki, hər gün səhər tezdən işə gələrkən və işdən qayıdarkən ciddi şəkildə müşahidə edirəm. İnsanlarımız elə tələsirlər, tələskənlik zamanı qarşılarına çıxan maneəni, istər insan olsun, istər əşya olsun elə aqressivliklə dəf etməyə çalışırlar ki, təəccüblənməyə bilmirsən. Sanki bu gün həyatın son günüdür. Əlbəttə səhər işə, axşam evə tələsən inslar çox xoşbəxtdirlər. Amma bu cür aqressivliklə davranma heç də müsbət bir məqam deyil və xoşbəxtlikdən xəbər vermir. Kütləvi yerlərdə insanlarımızın bu aqressivliyi çox pis görünür. Halbuki həmin maneəni əşyadırsa skitliklə, insandırsa bir təbəssüm və nəzakətli xəbərdarlıqla da ötürmək olar. Nəyəsə görə biz daha çox sərt variantlara üstünlük veririk.
İnsanlarımızın böyük əksəriyyəti ictimai yerlərdə bir-birlərinə qarşı davranışlarda çox kobudluqlara yol verirlər. Yolnan getdiyin zaman kimsə sənə kobud bir şəkildə toxunsa bəzən heç üzür istəməyi özünə rəva bilmir, sanki elə belə də olmalıymış kimi davranır. Bunu ona irad tutsan mübahisə başlayacaq, gərginlik artacaq, bütün əsəblərin korlanacaq. Çalışırsan ki, belə durumda əhəmiyyət verməyəsən, amma tamamilə səssiz qalmaq da olmur çünki gün ərzində çox belə hadisələrlə qarşılaşırsan. Əgər sən kiməsə toxunsan üzr istəsən qarşı tərəf çox vaxt bu üzrxahlıqla qane olmur. Sənə elə aqressiv yanaşır ki, az qalırsan deyəsən ki, “yaxşı eləmişəm”. Amma tərbiyə buna yol vermir. Bəzən kişilərlə qadınlar arasında konflikt yarananda kişilərimizin tanımadığı qadınlara, qızlara qarşı göstərdiyi yersiz sərtlik, kobudluq böyük təəssüf doğurur. Əlbəttə gərək xanımlarımız da bir az diqqətli olsunlar, amma kişilərin öz fiziki üstünlüklərinə güvənərək etdikləri kobudluqlar kənardan çox pis görünür. İctimai nəqliyyatda yaşlı insanlara, bəzən də kiçik yaşlı uşaqlara gənclərimizin yer verməməsi özlüyündə böyük təəssüf doğurur. Düşünürsən ki, axı biz belə deyildik, belə olmamalıyıq. Amma görünür mən də daxil olmaqla, bu cür düşünən insanlarımız “geridə qalmışıq”, “müasir deyilik”, “irəli düşüncəli” ola bilmirik. Yaxşı ki, hələ bizlər hamilə qadınlara yer verməyəcək qədər qəddarlaşmamışıq. Amma bu anormal gedişat deyəsən elə ora aparır…
Səbirsizlik və tələskənlik, kin, nifrət, aqressiya o həddə çatıb ki, cəmiyyət linç etməyə, daxili aqressiyasını qusmağa bir fürsət axtarır. Deyim ki, bu baxımdan sosial şəbəkələr, xüsusən facebook bəziləri üçün gözəl fürsət yaradıb. Facebook-un kölgəsində yatıb bunu öz kölgəsi zənn edən bəziləri səhərdən-axşama qədər ağlına və ağzına gələni yazmaqdadır. Bunların əksəriyyətini təhlil etdikdə görürsən ki, şikayət, zarıldamaq, aqressiya, kin, nifrət dolu statuslar, paylaşımlar, şərhlər üstünlük təşkil edir. Bəzən çox gənc yaşlı insanlar həyatdan şikayət edirlər. Hələ düz əməlli bir həyat yaşamamış, zəhmət çəkərək müəyyən nəticələrə nail olmamış şəxslərin bu qədər şikayət etməsi, hansısa “uğursuzluqlar”dan dəm vurması gülməli görünür. Yaxud da bəzi yaşlı-başlı insanlarımızın bütün günü ancaq tənqid etməsi, arabir təhqirə keçməsi səndə facebook yaradıcısını lənətləməkdən başqa bir fikir yarada bilmir.
Səbirsizlik və aqressivlik get-gedə artmaqdadır. Əlbəttə burada sosial problemin də rolu danılmazdır. Olsun ki, problemlərini həll edə bilmədikdə insanlarımızın aqressiyası daha da artır. Amma məsələ burasındadır ki, mən eyni səbirsizliyi, aqressivliyi, kobudluğu ciddi sosial problemlər yaşamayan, o qədər də çətinliklər məngənəsində sıxılmayan, real həyatda çox yaxşı tanıdığım insanlarımızda da müşahidə edirəm. Demək ki, bu artıq bizim ümumi bir bəlamıza, toplumun probleminə çevrilib.
Bəs həll yolları varmı və nə etməliyik? Düşünürəm ki, bizdə – istər QHT olsun, istər media olsun, istər alimlərimiz, istər tələbələrimiz, istər ruhanilərimiz, istər siyasi partiyalarımız və s. qruplarımız bir institut şəklində vahid orqanizm kimi formalaşa bilməyiblər, çox zəifdirlər. Onların ayrı-ayrılıqda və yaxud birlikdə bu problemi həll etmək imkanları məhduddur. Bunun üçün yuxarıda sadaladıqlarıma nisbətdə daha monolit və müəyyən imkanlara malik olduğu görünən dövlət qurumları ilk addımı atmalıdırlar. Digər qurumlar isə onlara dəstək olmalıdırlar. Problem ictimai müzakirəyə çıxarılmalı, həlli üçün kompleks tədbirlər hazırlanmalı və addım-addım həyata keçirilməlidir.
Bütün bunları sadalamaqda və məqalənin başlığını da bu şəkildə seçməkdə məqsədim yalnız birdir. İnsanlarımız anlamalıdırlar ki, həyat davam edir. Bu davam edən həyat aqressivlik, səbirsizlik, kin, nifrət qusacaq qədər uzun deyil, onu bu şəkildə yaşamaq ilk növbədə özümüzə, daha sonra isə ətrafımıza ciddi ziyan vurur. Həyat davam edir, onu doya-doya, sevə-sevə yaşamaq da, gərgin bir şəkildə yaşamaq də öz əlimizdədir… Gəlin həyatımıza sevgiylə, anlayışla yanaşaq ki, o da bizə eyni cavabı qaytarsın…