Hikmət Babaoğlu: “Ordumuz dənizdə də güclü ordular sırasındadır”

“Avqustun 6-da “Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan hərbçilərinin növbəti dəfə uğur qazanaraq müsabiqənin finalına yüksəlməsi mühüm göstəricidir”. Bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, bu hər şeydən öncə o deməkdir ki, Azərbaycan ordusu quruda və havada olduğu kimi dənizdə də güclü ordular sırasındadır: “Nəzərə almaq lazımdır ki, “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarına qatılan ölkələrin hər birinin ordusu özlüyündə regional və qlobal müstəvidə ən güclü ordulardan hesab olunr. Məsələn, Rusiya Federasiyasının hərbi dəniz qüvvələri həm texniki göstəriciləri, həm də professionallığı ilə bütün dünyanın diqqət mərkəzində olan ordulardan biridir. Bu ordu Qara dənizdən birbaşa Yaxın Şərqdə olan hədəfləri dəqiq vurmaq qabiliyyətinə sahibdir. Belə müqayisə edən zaman Azərbaycan hərbi dəniz qüvvələrinin əldə etdiyi uğurun nə dərəcədə böyük olduğunu daha dəqiq görə bilərik.

Ancaq məsələnin başqa mühüm bir tərəfi də var ki, bu da olduqca vacibdir. Azərbaycan torpaqlarının 20 %-i Ermənistan ordusu tərəfindən işğal edilib. Hazırda biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğaldan azad edilənə qədər də bu belə olacaq. Bu mənada nümayiş etdirdiyimiz güc həm də işğalçılara layiqli cavabdır. Azərbaycanda ordu quruculuğu prosesi kompleks şəkildə aparılır və hazırda heç vaxt olmadığı qədər güclü ordumuz var. Bu ordu Aprel döyüşlərinə, Günnut əməliyyatlarına imza atmış ordudur. Ona görə də işğalçı Ermənistan bütün bunlardan nəticə çıxarmalı Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarmalıdır. Əks təqdirdə Azərbaycan ordusunun gücünü bir daha öz üzərində görmək təcrübəsini yaşayacaq”.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here