Hüseyn Cavidin 135 illiyi Nardaranda qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 24 oktyabr 2017-ci il tarixli Sərəncamın tələbinə uyğun olaraq silsilə tədbirlər keçirir.

Bilik Fondundan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Nardaran Bilik Evində Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirilib.

Nardaran məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi Nərgiz Fətiyeva “Poeziyada əbədiləşən ömür” adlı məruzə ilə çıxış edib.

Natiq bildirib ki, Hüseyn Cavid öz yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsini tarixi-mədəni dəyərlərlə zənginləşdirən qüdrətli söz sənətkarıdır. Böyük dramaturq sağlığında xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlər sırasında görmək arzusuna çatmasa da, onun ideyaları müasir dövrümüzdə gerçəkləşdi və Azərbaycan müstəqillik qazandı. N.Fətiyevanın sözlərinə görə, ölkənin ən böyük dəyərə sahib çıxması Hüseyn Cavidin ruhuna hədiyyədir.

Hüseyn Cavidin dostlarına yazdığı məktubların birindən sitat gətirən N.Fətiyeva dramaturqun “əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir” fikrini səsləndirib.

Sonda kollecin istedadlı tələbələrinin iştirakı ilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı kompozisiya nümayiş olunub. Tədbir iştirakçıların marağına səbəb olub, Nardaran Bilik Evində təşkil edilmiş təlim kurslarının dinləyiciləri tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparıblar.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here