İƏT ölkələri Start-up Platforması yaradılıb

IX Beynəlxalq Kazan İqtisadi Sammiti çərçivəsində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumu və Tatarstan hökumətinin birgə təşkilatçılığı ilə bu il artıq 3-cü dəfə Kazan şəhərində 26 ölkədən gəlmiş 100-ə yaxın iş adamı və investorların iştirakı ilə “İƏT Gənc İş Adamlarının Forumu” keçirilib.

İƏT Gənclər Forumundan verilən məlumata görə, Start-up layihələrin hazırlanması üzrə İƏT ölkələrindən gəlmiş gənc startapçılar üçün nəzərdə tutulan treninq kurslar da daxil olmaqla, 5 gün davam edən beynəlxalq tədbirin bağlanış mərasimində çıxış edən Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov və İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov, son 3 ildə bu sahədə ardıcıl olaraq həyata keçirilən prosesi daha da gücləndirmək üçün hazırlıq işlərınə keçən ildən başlanmış “İƏT Start-Up Platforması”nın yaradılmasını rəsmi olaraq elan ediblər.

Son 1 il ərzində pilot layihə kimi online fəaliyyət göstərən platformaya 1000-dən çox gənc iş adamı müraciət edib. Bu layihələrdən 300-ü baxılması üçün müvafiq komissiya tərəfindən nəzərdən keçirilib, onlardan 25-i seçilərək, Kazanda sözügedən Forumda investorlarla bir yerdə müzakirə edilib. 11 ən yaxşı layihənin maliyyələşdirilməsi isə tədbirdə iştirak edən investorlar tərəfindən həyata keçirilib.

Artıq geniş və davamlı xarakter almış bu layihənin əhəmiyyətindən bəhs edən İƏT Gənclər Forumunun sədri E.İskəndərov çıxışında sədri olduğu təşkilatın məlum layihəni həyata keçirməklə, əsas strateji məqsədinin gənclər arasında işsizlik səviyyəsinin azaldılması və qlobal təhlükə sayılan radikallığın aradan qaldırılması olduğunu bildirib. E.İskəndərov eləcə də bu yaxınlarda Bakıda keçirilən İƏT Gənclər Zirvəsi və onun qəbul etdiyi yekun qərarlarla bağlı iştirakçılara məlumat verib.

Tatarstan prezidenti R.Minnixanov İƏT Gənclər Forumunu qurumun son illər gəncliyin inkişafı ilə bağlı öz üzərinə götürdüyü liderlik roluna görə təbrik edərək, Kazanın bundan sonra da platformaya hər cür dəstək göstərəcəyini bildirib.

Forum çərçivəsində keçirilən treninq bölməsində, eləcə də tədbirin son günü keçirilən mətbuat konfransında çıxış edərək iştirakçılarla öz təcrübəsini bölüşən müxtəlif ölkələrdən gəlmiş iş adamları İƏT Gənclər Forumunun həyata keçirdiyi start-up platforması layihəsinin müsəlman gəncliyinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, eyni zamanda texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müsəlman gənclərin lazım olan bilik və təhsilin əldə etməsi üçün həm şirkətlərin, həm də ictimai təşkilatların daha aktiv rol oynamasının vacibliyini bildiriblər.

Trend