RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.09.27 13:18

İbadoğlunun naşı dəyərləndirmələri və yenə də Varşava söhbəti

92

Qubad bəyə nəyə inanmalı olduğunu müəyyənləşdirməkdə kömək etmək borcumuzdur

Varşava səfərim bir həftədir bitib. Lakin bu səfər zamanı, eləcə də onun ardınca baş verənlər, oradakı fəaliyyətimizin hələ də müzakirə edilməsi, bəzi şəxslər tərəfindən gözdən salınmağa çalışılması bizi məcbur edir ki, təkrar-təkrar mövzuya qayıdaq. Bu dəfə də elədir. Səbəb var və mövzuya qayıdırıq.

Bu dəfəki səbəbkar iqtisadçı Qubad İbadoğludur. Adətən onun ümumi qaragüruhun fonunda daha normal tənqidlər səsləndirdiyinə inanan birisiydim. Düzdür, özəlliklə də iqtisadi yöndə təhlil və dəyərləndirmələri məntiqi və reallıq hissi yüksək olan iqtisadçılar tərəfindən ciddiyə alınmır. Amma alternativ fikir olaraq onu da arabir dinləyirəm. Hər halda biz hər kəsdən mütləq bizim kimi düşünməyi, bizim kimi davranmağı tələb edə bilmərik.

Bu dəfə isə…

Bu dəfə Qubad bəyin bir Facebook paylaşımı diqqətimi çəkdi. Buna münasibət bildirməzdən öncə onun ötən həftə məlum Osmanqızı TV-dəki çıxışını xatırladım. Baxmamışdım, dostlar xəbər verdi, həm də məndən danışıldığı üçün baxmağımı uyğun gördülər. Baxdım. Bir saatdan çox davam edən yayımın qonağı bu Qubad İbadoğlu idi. Az sonra Emin Hüseynov da qoşuldu bunlara. Aparıcı Sevinc Osmanqızının daxili psixoloji gərginliyinin üzünə “təbəssüm” şəklində yansıyan görüntüsünə birtəhər “dözüb” bunların söhbətinə sonadək baxdım. Düzdür, vaxtıma heyfim gəldi, amma baxmalıydım. Ən azından məni də müzakirə etdikləri üçün.

Sevinc Osmanqızı təkrar-təkrar iddia etdi ki, sən demə, ATƏT-in günlərdir müzakirə etdiyimiz Varşava toplantısında ancaq Azərbaycan tənqid edilib, yalnız bizim ölkəmiz gündəmdə olubmuş. Bunu Osmanqızı iddia edir, qonaqlar da təsdiqləyirdi. Elədirmi? Təbii ki, elə deyil. Varşavada Azərbaycan həm dövlət, həm də vətəndaş cəmiyyəti olaraq fəal idi, diqqət çəkirdi və bir sıra ölkələrin ümumiyyətlə səsinin çıxmaması fonunda biz, əlbəttə fərqlənirdik. Yaxşı mənada həm də. Çünki dəxli olmadan ünvanımıza səslənən ittihamlara cavab verir, imkan düşdükcə Ermənistanın işğalının fəsadlarından danışırdıq. Bu da bədxahlarımızın könlüncə deyildi. Ona görə də öz uzantıları vasitəsilə bu gün də bizi gözdən salmağa çalışırlar…

Osmanqızı öz şousunda hər iki qonağına yön verib onları öz yalanlarına ortaq edirdi və bu Qubad bəy də həvəslə ona qoşulurdu. Diqqətimi çəkən də bu idi. Eləcə də Emin Hüseynov həvəslə o yalanlara ortaq olurdu.

Nə idi yalanlar? Örnək üçün, Osmanqızı iddia edirdi ki, Prezident Administrasiyasının təmsilçisi Gülsel Səfərova guya Emin Hüseynovu o tədbirdə cinsi azlığın nümayəndəsi kimi qələmə verməyə cəhd edib. Olubmu belə bir şey? Əsla! Gülsel xanımı tanıyan birisi kimi deyirəm: o bu əxlaqın sahibi deyil, hələ elə bir tribunada belə bir iddia səsləndirib özünə qarşı təpkiyə səbəb olmaz. Lakin maraqlısı bu deyil. Maraqlısı odur ki, Emin Hüseynov Osmanqızının bu əsassız iddiasını yalanlamaq yerinə inkişaf etdirərək tamaşaçılara yalan sızdırmağa çalışdı. Halbuki o, sadəcə deyə bilərdi ki, Gülsel xanım elə bir iddia səsləndirməyib, heç ona işarə də etməyib. Amma demədi. Və Osmanqızı da təkrar-təkrar bu iddiasını tamaşaçılara sırıdı…

Yalnız Azərbaycanın müzakirə və mübahisə mövzusu olmasına da aydınlıq gətirək. Kökündən yalandır! Dediyimiz kimi, Azərbaycan fəal görünürdü, seçilirdi. Lakin bu, hamının bizə qarşı olması demək deyildi. Ən çox müzakirə və mübahisə mövzusu Rusiya-Ukrayna münasibətləri idi. Sadəcə qırğın edirdilər. Daha bir diqqət çəkən mübahisə müstəvisi Tacikistan müxalifəti ilə dövlət təmsilçilərinin ifasında nəzərə çarpırdı. Özü də sərt şəkildə. Qaraqalpaq bölücülərinin Özbəkistanı işğalçı elan edib bu ölkəyə davamlı hücumlar etməsi, rəsmilərin onlara dəfələrlə etiraz bildirməsi də diqqət çəkən məqamlardandı. Türkmənistan, Qazaxıstan, Yunanıstan, Albaniya kimi ölkələr də müzakirə və mübahisə mövzusu idi. Çinin uyğurlara divan tutması isə ayrıca və yüksək səslə vurğulanırdı. Yəni bu cür örnəklər çoxdur və o toplantıda yalnız Azərbaycan ətrafında müzakirə və mübahisə getməyib. Lakin Osmanqızı öz tamaşaçılarına qırmızı-qırmızı təlqin edirdi ki, bəs, yalnız Azərbaycan tənqid edilib.

Osmanqızının yalanları öz yerində, bizim sözümüz Qubad İbadoğluyla bağlıdır əslində. Onun bu verilişə qatılması və Osmanqızının yön verməsilə şərhlər səsləndirməsi ən naşı adamda da təəccüb doğura bilərdi. Məsələ ondadır İbadoğlunun Varşavada baş verənlərin ümumi mənzərəsi haqqında məlumatsız olduğu açıq-aşkar sezilirdi. Şəxsən mən Varşava müzakirələrinin iştirakçısı olaraq bunu dərhal hiss etdim. Həm də təəccübləndim. Ki, bir adam xəbəri olmayan məsələlər ətrafında necə fikir yürüdə bilər? Üstəlik də İabdoğlu bir iqtisadçıdır və Varşavada hər hansı formada iqtisadi məsələlər müzakirə edilməyib…

Qubad İbadoğlu Osmanqızı şoudakı görsənişi ilə şəxsən məndə qeyri-ciddi həvəskar təəssüratı yaratdı. Əmin oldum ki, onun hətta ixtisası olan iqtisadi sahədəki təhlil və dəyərləndirmələrinə ciddi iqtisadçıların gülüb keçməsi heç də əsassız deyilmiş. Hətta mənim kimi iqtisadiyyatdan uzaq olan birisi də onun bəzən özünütəkzib təhlillərinə gülməkdə sərbəstdir.

Yazının əvvəlində Qubad İbadoğlunun bir Facebook statusundan bəhs etmişdik. Bu dahi iqtisadçı o statusunda Prezident İlham Əliyevdə səhv tutduğunu iddia edir. Nəymiş o səhv? Gəlin baxaq.

İbadoğlu yazır ki, Prezident İlham Əliyev sentyabrın 20-də bildirib ki, “neft-qaz sektorunun inkişafının davamlılığı bundan sonra da prioritet olacaq”. Daha sonra, sentyabrın 26-da isə o, “neft və qaz sektorundan asılılığın azaldılması əsas prioritetlərimizdəndir” deyib. İbadoğlu xatırladır ki, İlham Əliyev hələ 2015-ci ildə “nefti, qazı ümumiyyətlə unutmağı” təklif edib. Bunun ardınca isə 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsinin 2050-ci ilə qədər uzadılmasını xatırladır. Sonda da sual edir: “Bir-birinə əks olan və sistemsiz həyata keçirilən iqtisadi siyasətin prioriteti nədir? Biz nəyə inanaq?”

Nə qədər ki, biz qələm əhliyik, ölkədə və dünyada baş verənləri yaxından izləyib təhlil edir, dəyərləndiririk, Qubad bəyə nəyə inanmalı olduğunu müəyyənləşdirməkdə kömək etmək də borcumuzdur. Ən azından belə düşünürük. Lakin ona qədər bu zatın özünün özünü dolaşdırmasına aydınlıq gətirmək lazımdır. Bu, həm də Qubad bəy və onun kimi düşünənlər üçün bir maarifləndirmə cəhdimiz olsun.

Birincisi, izah edirik ki, “neft-qaz sektorunun inkişafının davamlılığı bundan sonra da prioritet olacaq” ifadəsi ilə “neft və qaz sektorundan asılılığın azaldılması əsas prioritetlərimizdəndir” ifadəsi arasında hər hansı asılılıq və təkzib yoxdur. Azərbaycan neft-qaz ölkəsidir və bu sektorun davamlı inkişaf etdirilməsindən təbii bir şey yoxdur. Bu, doğrudan da prioritetdir və hələ uzun illər belə də qalacaq. Bu sektordan asılılığın azaldılmasının da prioritetlərdən biri kimi dilə gətirilməsininsə birinci prioretiteti heç bir halda rədd və ya təkzib etdiyini demək olmaz. Sadə bir həqiqətə görə: heç bir dövlətin prioriteti birtərəfli – tək ola bilməz. Prioritetlər çoxdur, çox da olmalıdır. Hər sahənin özünə görə olmalıdır bunlar. Bu adi həqiqəti Qubad İbadoğlunun anlamaması şəxsən məni bir xeyli təəccübləndirir.

Prezidentin nefti-qazı ümumiyyətlə unutmağa çağırıb “Azəri-Çıraq-Günəşli” layihəsini 2050-ci ilə qədər uzatmasında da heç bir ziddiyyət, anlaşılmazlıq yoxdur. Cənab Prezident birinci fikrində insanlarımızı neft və qazdan asılılıqdan qurtulmağa çağırmaqla əlavə imkanların genişləndirilməsi vacibliyini nəzərdə tutur. İkinci əməldə isə ölkənin daha da zənginləşdirilməsi üçün daha bir böyük addımın atılmasından söhbət gedir. Yəni bir-birinə dəxli olmayan, bir-birini təkzib etməyən fikir və addımlardır bunlar.

İqtisadçı deyiləm, lakin ölkənin iqtisadi həyatında baş verənləri də yaxından izləyirəm. Ölkədə bu yöndə ciddi şaxələndirmə işləri aparılır. Azərbaycanın gəlirləri hər il artır. Bu artımda qeyri-neft sektorunun payı da artır. Bu yolla da vətəndaşımızın-ölkəmizin neft-qaz sektorundan asılılığı azalır. İndi Qubad İbadoğluna inansaq işlər belə getməməlidir. Onun məntiqinə görə, əgər neft-qaz sektorunu unutmağa çağırılırıqsa, onda dövlət bu sektoru qapatmalı, gedib başqa sahələri inkişaf etdirməlidir. Yaxud da əksinə. Elə olmalıdırmı? Yaxud da dünyada elə bir ölkə varmı ki, belə yanaşsın? Təbii ki, yoxdur. Hər bir ölkənin inkişafı onun iqtisadiyyatının daha geniş şaxələndirilməsindən asılıdır. İstehsal və xidmət sahələri nə qədər çoxşaxəli olarsa, həmin dövlətin vətəndaşının rifah halı da bir o qədər yüksək olar. Azərbaycan Prezidenti də bunu təbii ki, Qubad İbadoğlu kimi özünü təkzib edən nəzəriyyəçilərdən dəfələrlə yaxşı bilir və tətbiq edir. Yəni Prezident İlham Əliyev həm də peşəkar təcrübə sahibi olmaqla nə danışdığını hər kəsdən yaxşı bilir. Qubad İbadoğlunun öz yarımçıq məntiqi ilə onu yalançı çıxarmağa çalışması isə bu iqtisadçının ictimai rəylə uğursuz blefindən başqa bir şey deyil. Onun belə cəhdi həm də bir daha təsdiq edir ki, adam heç iddia etdiyi kimi siyasətçi də ola bilmir. Necə ki, Varşavadakı tədbirlərdən xəbəri olmadan efirə çıxıb Osmanqızının uydurduğu yalanları təsdiq etməklə dəyərləndirmələrdə bulundu, eləcə də iqtisadçı ekspertlik etməyə cəhd göstərir bu adam. Özü də Prezident İlham Əliyevi hədəf almaqla.

O, öz Facebook statusunu “Biz nəyə inanaq?” sualıyla bitirmişdi. Biz də bu yazımızı “Kim kimi, İbadoğlu?” sualıyla bitiririk…

Azər HƏSRƏT

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı