İcbari tibbi sığortanın tətbiqi bir il uzadıla bilər

“İcbari tibbi sığortanın gələn il bütün ölkədə tətbiq olunmasının tərəfdarı deyiləm. Fikrimcə, layihənin tam oturuşması üçün daha bir il lazımdır”

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu əraziləri daha da genişləndirmək olar.
“Modelin oturuşması üçün müəyyən təcrübəni toplamaq və ortaya çıxan nöqsanları aradan qaldırmaq lazımdır. Gələn il bütün ölkə üzrə icbari tibbi sığortaya keçilməsini real saymıram. Bunu həddən artıq cəsarətli və riskli addım hesab edirəm. Dünyada 5 ildən tez bu modelin ölkə ərazisində tətbiq olunması təcrübəsi və elə uğurlu nəticə də yoxdur. Agentlik tərəfindən kifayət qədər işlər görülüb, amma gələn il təcrübəni artırmaq daha yaxşı olar. Fikrimcə, icbari tibbi sığortanın tətbiq olunduğu regionları genişləndirmək olar və ya böyük şəhərdə də bu təcrübəni həyata keçirə bilərik”, – deyə M.Quliyev vurğulayıb.

Deputat bildirib ki, icbari tibbi sığortanın bütövlükdə ölkədə tətbiqi üçün bir sıra dəyişiklər edilməlidir. “Qanunvericilikdə dəyişiklik etmək lazımdır, vəsaitin toplanması mexanizmləri olmalıdır. Yəni sosial sığorta ayırmalarına nə qədər vəsaitin verilməsi araşdırılmalıdır. İşləyən insanların reyestri aparılmalı, kənddə yaşayan insanların sığorta haqlarının necə olması, sistemi idarə edən kadrların ölkədə kifayət qədər olub-olmaması müəyyənləşdirilməlidir. Böyük bir işdir və səhiyyə sistemi tamamilə dəyişəcək. Burada Səhiyyə Nazirliyinin, Agentliyin rolu və vəzifəsinin nədən ibarət olması bilinməlidir”.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here