İkinci Qarabağ mitinqi təyin edildi

Bir sıra siyasi, ictimai təşkilatların rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi 2-ci Qarabağ mitinqinin günü, yeri və şüarlarının birgə müzakirə edilib razılaşdırılması və keçirilməsi üçün 10 oktyabrda geniş tərkibdə toplantı keçirib.

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, müzakirələrdə Qarabağ Komitəsinin üzvləri İsgəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Aydın Şükür, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, İlqar Əli, Rəşid Nazim, Yusif Süleymanlı, Əlövsət Sadıqlı, Rövşən Məmmədli, Həsən Həsənov və digərləri çıxış edərək təkliflərini veriblər. Komitə üzvləri mitinqlərin davamlı olmasının vacibliyini qeyd edib və növbəti mitinqin 24 noyabr 2018-ci il tarixə təyin olunması ilə bağlı qərar qəbul ediblər. Mitinqlə bağlı gələn həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

İclasda təşkilati məsələlərə də baxılıb, keçmiş AXCP funksioneri Sahib Kərimli və Səxavət Nəsibov Komitəyə yeni üzv seçiliblər. Sonra partiyalara mitinqlə bağlı edilmiş müraciətin nəticələri, komitənin yerlərdə işinin təşkili və digər məsələlər müzakirə olunub, uyğun qərarlar qəbul olunub.

Qarabağ mitinqinin vaxtının nə üçün noyabrın 24-nə təyin olunduğu barədə sualımıza cavabında QAT sədri Akif Nağı bildirib ki, mitinqin noyabrın 24-nə təyin edilməsində bir sıra obyektiv və subyektiv amillər nəzərə alınıb: “Məncə, o qədər də uzaq vaxt deyil. Hazırlıqların aparılması üçün də bu müddət uyğundur”.

Akif Nağı qeyd etdi ki, mitinq qərarının birgə müzakirə edilib qərar verilməsi üçün 10 oktyabr toplantısında iştiraka dəvət etdikləri Qarabağ Komitəsinin üzvü olmayan 18 siyasi təşkilatın rəhbərindən yalnız Elşad Musayev toplantıya qatılıb və mitinqə dəstək verir. BAXCP İdarə Heyətindən müraciətə mətbuat vasitəsilə mənfi cavab verilib. Digər şəxslərin heç birindən hər hansı cavab olmayıb: “Biz yenə də bütün bunlara normal yanaşırıq, heç kəsi ittiham etmirik, işlərimizi davam etdiririk”.

Xatırladaq ki, Qarabağ Komitəsinin birinci Qarabağ mitinqi sentyabrın 29-da Yasamal rayonunda keçmiş “Məhsul” stadionunda keçirilib. Mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə vermişdi.

musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here