RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.10.12 10:02

İlham Əliyevdən daha bir usta gedişi və yeni gündəm

105

Prezident İlham Əliyevin oktyabrın 3-də Soçidə Valday Klubunun toplantısındakı möhtəşəm çıxışıyla yaratdığı gündəm hələ də trend olmaqdaykən o, oktyabrın 11-də Aşqabadda MDB zirvəsindəki daha bir çıxışıyla gündəm üstünə gündəm gətirdi.

Biz cənab Prezidentin Aşqabaddakı çıxışına da həvəslə baxdıq, onun hər sözünə qulaq kəsildik. Bizimlə bərabər ona işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan da qulaq kəsilməli oldu. Sakitcə, əzilərək, sıxılaraq dinlədi Ermənistanın baş naziri Prezident İlham Əliyevin çıxışını.

Bu iki çıxışı birləşdirən əsas cəhət hər ikisinin Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi tədbirlərdə səsləndirilməsidir. Bəllidir ki, Ermənistan Rusiyanın, mədəni desək, forpostudur və Şimal qonşumuz o ölkəyə istədiyini və hər zaman diktə edə bilir. Buna görə də Rusiya Ermənistanı həm də bir çox platformalarda müdafiə edir. Belə bir şəraitdə Prezident İlham Əliyevin məhz Ermənistanın himayədarı olan Rusiyanın prezidenti önündə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı verməsi, əlbəttə ki, böyük məna kəsb edir.

Eyni zamanda Prezident İlham Əliyevin yenə Rusiya prezidentinin də iştirak etdiyi toplantıda Ermənistanın faşizmə verdiyi dəstəyi faktlarla ifşa etməsi olduqca diqqətçəkəndir. Bəllidir ki, Rusiya 2020-ci ildə faşizm üzərində qələbənin 75 illiyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Ermənistansa bu qələbəyə və bütövlükdə Sovet xalqının Hitler faşizminə qarşı birgə savaşına sayğısızlıq edərək xain erməni faşisti Garegin Njdeyə İrəvanda heykəl qoyub. Prezident İlham Əliyev Aşqabaddakı çıxışında bu tarixi ayıbı ayrıntılarıyla diqqətə çatdırarkən sadəcə Nikol Paşinyanın üzünü görmək lazım idi. Ermənistan baş naziri müəllim tərəfindən danlanan uşaq təki İlham Əliyevin çıxışına qulaq asırdı…

İlham Əliyevin çıxışının sadəcə Azərbaycanda deyil, Ermənistanda, eləcə də faşizmdən əziyyət çəkmiş bütün ölkələrdə ciddi maraqla qarşılanacağı şübhəsizdir. Heç şübhəsiz bu çıxış, ona Nikol Paşinyanın qulaq kəsilməsi önümüzdəki həftə ərzində Ermənistanda ictimai rəyi məşğul edəcək. Yəqin ki, Nikolun hökuməti həftə ərzində daha bir neçə redaksiyaya hücum təşkil edəcək ki, ermənilər Prezident İlham Əliyevin bütün anlamlarda üstünlüyünü etiraf etməkdən çəkinsinlər.

Aşqabaddakı bu çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyev nəyi harada, hansı şəraitdə dilə gətirməyi çox gözəl bilir. Əgər Ermənistan baş naziri ucuz təbliğata hesablanmış çıxışlarıyla sadəcə Ermənistan ictimai rəyinə təsir etməyə çalışırsa, Prezident İlham Əliyev qlobal ictimai rəyin diqqətini cəlb edəcək çıxışlar edir, bəyanatlar verir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı