İlk dəfə azərbaycanlı alim Çinin Elmlər Akademiyasına dəvət olundu

Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının müəllimi və tədqiqatçısı Aqşin Əliyev Çin Sosial Elmlər Akademiyasında fəaliyyət göstərmək üçün dəvət alıb.

O, Çin Mədəniyyəti üzrə Tədqiqatlar Mərkəzində Azərbaycan üzrə müxtəlif araşdırmalar aparmaqla, Çin Elmlər Akademiyasında tədqiqat işi görmək üçün dəvət alan ilk xarici alim kimi tarixə düşüb.

Alim bildirib ki, Çin Sosial Elmlər Akademiyası mühafizəkar olduğu üçün burada xarici alimlərin tədqiqat aparması görünən hadisə deyil. Son illər Çinlə Azərbaycan arasında humanitar əlaqələrin inkişafı, eləcə də Böyük İpək Yolunun bərpası üzrə müxtəlif layihələrin işlənməsi Çində Azərbaycan üzrə tədqiqatların aparılması üçün zərurət yaradıb.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilk dəfə olaraq Çin Sosial Elmlər Akademiyasında Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi və bu günü, ədəbi və elmi tərcümələr, qədim İpək Yolu üzərində Çin-Azərbaycan əlaqələri, “Bir kəmər – Bir yol” təşəbbüsündə Azərbaycanın rolu kimi mövzuların tədqiqatı ilə məşğul olacaq.

Çin Sosial Elmlər Akademiyası bu ölkənin əsas beyin mərkəzi sayılır və dövlətin elmi inkişaf istiqamətini müəyyənləşdirən qurumdur, eləcə də dünyanın ən böyük elmi data bazasına malik nəhəng elm ocağıdır.

Qeyd edək ki, hazırda Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsində Azərbaycan dili kafedrası fəaliyyət göstərir və yaxın gələcəkdə burada Azərbaycan Mərkəzinin açılması da nəzərdə tutulur.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here