“İmadəddin Nəsimi. İraq divanı” və “Qəzənfər Paşayev. Biblioqrafiya” kitablarının təqdimatı olub

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin və kitabxana tərəfindən hazırlanan “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə iştirakçılar əvvəlcə alimin əsərlərindən ibarət sərgiyə baxıblar.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Q.Paşayevin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Q.Paşayevin Nəsimi irsinin araşdırmaçısı kimi elmimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, Qəzənfər Paşayev əsərlərində Kərkük ədəbiyyatını Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi verib, ölkəmizdə Kərkükşünaslıq elminin əsaslarını yaradıb. Ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq “Nəsimi divanının İraq nüsxəsi”ni aşkara çıxararaq nəşr etdirib və öyrənib.

Akademik “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin Nəsimişünaslıq elminə böyük töhfə olduğunu, Nəsiminin bir daha Azərbaycan ədəbiyyatına məxsus olduğunu sübut etdiyini qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktor müavini, şair-publisist Vaqif Bəhmənli və başqaları çıxış edərək alimin elmimizin və ictimai fikrimizin inkişafındakı rolundan danışıblar .

Mərasimdə Hacı Fərəc Əliyev Nəsiminin qəzəllərini səsləndirib.

Sonda professor Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, kitabların ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here