İnsan alveri qurbanlarına ödənişsiz psixoloji və hüquqi yardım göstəriləcək

Daxili İşlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Şamaxı Peşə Liseyində tədbir keçirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. M.Əmirhüseynova Prezident İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın uğurla icra olunduğunu vurğulayıb.

İctimai Birliyin sədri Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı yüksək səviyyədə mübarizə aparıldığını bildirib, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. O, insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb.

Qeyd olunub ki, layihənin əsas məqsədi insan alveri ilə bağlı Milli Fəaliyyət Planının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir.

Mahirə Əmirhüseynova qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq yardım göstəriləcək.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Emin Əsədov və Şamaxı Peşə Liseyinin direktoru Ramiz Soltanov çıxışlarında bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib. Tədbirdə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib, bukletlər paylanılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here