İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə start verilib

İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə start verilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Jurnalist-yazar Vüsalə Məmmədova bildirib ki, “Ədəbiyyat saatı” layihəsinin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır.

Layihə çərçivəsində ilk təlimlər Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli internat məktəbində keçirilib. Həftəsonları təşkil edilən təlimlərdə uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədilə onlara uşaq ədəbiyyatı nümunələri oxunub. Sonra əsərləri təhlil edərək, müzakirələr aparılıb, uşaqlara kitablar paylanaraq, növbəti görüşdə müzakirəyə çıxarılacaq əsərlərin oxunması tövsiyə edilib.

Təlimlərdə həm də uşaqlara “Yazı” ədəbiyyat jurnalının əlavəsi olan “Yemlik” uşaq toplusu təqdim olunub. Jurnalın növbəti nömrəsində çap olunmaq üçün internat uşaqları arasında müsabiqə elan edilib.

“Ədəbiyyat saatı” layihəsi həm də uşaqların gələcəkdə cəmiyyətə inteqrasiyası, fantaziyalarının zənginləşdirilməsi, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və peşə seçiminə yardımçı olmağı hədəfləyib.

AZƏRTAC