İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar

Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Şərqşünaslıq İnstitutundan verilən məlumata görə, nümayəndə heyətinə Mərkəzin sədri dr. Seyyid Haşimi Musəvi, sədr müavini dr. Reza Əlizadə, tarix şöbəsinin müdiri dr. Abbas Pənahi və Gilan Vilayətinin Mədəniyyət İdarəsinin rəhbəri dr. Kazım Fəllahi daxil olub.

Gilanlı alimlər ilk olaraq millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verən G.Baxşəliyeva iki müəssisə arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd edib.

İranlı alimlər öz tədqiqatlarından söz açaraq, Azərbaycan alimləri ilə birgə elmi tədqiqatlar aparmaq, bir-birinə elmi araşdırmalarında yardım göstərmək istəyində olduqlarını bildiriblər. Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Daha sonra gilanlı alimlər Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevlə görüşərək qarşılıqlı əməkdaşlıq və birgə elmi layihələr həyata keçirmək imkanları ilə bağlı müzakirələr aparıblar.

Qonaqların daha sonra Şərqşünaslıq İnstitutunun İranşünas tarixçi alimləri ilə görüşü də faydalı olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here