İranlı general ABŞ-ı təhdid etdi

Əgər Fars körfəzindəki xarici qüvvələr beynəlxalq hüquqa riayət etməsələr, İranın İnqilab Keşikçiləri Korpusunun sərt cavabı ilə üzləşəcəklər.
AzVision.az “IRNA “ agentliyinə istinadən xəbər verir ki, Vaşinqtonla Tehran arasında artan gərginlik fonunda İran Silahlı Qüvvələrinin qərargah rəisi, general-mayor Məhəmməd Baqhəri bu cür bəyanatla çıxış edib.

“İran İnqilabı Keşikçilərinin hərbi-dəniz qüvvələrinin gücü sayəsində düşmən ölkələr Hörmüz boğazından keçməzdən əvvəl çox böyük narahatlıq keçirirlər. Onlar ötən il beynəlxalq hüquq normalarına riayət etdilər, amma əgər hüququ pozsalar bizim qarşıdurmamız və cavab tədbirlərimizlə üzləşəcəklər”, – deyə iranlı general ABŞ və onun müttəfiqlərinə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ administrasiyası sanksiyalarla əlaqədar olaraq, müttəfiq və digər ölkələrdən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını istəyir. İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri isə İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə neftin Hörmüz boğazı vasitəsi ilə dünya ölkələrinə çatdırılmasına imkan verməyəcəklərini bəyan edirlər. İran prezidenti Həsən Ruhani də oxşar bəyanatla çıxış edərək, ABŞ-ın öz müttəfiqlərinə təzyiq edərək Tehrandan xam neft almamağı tələb etməsi müqabilində regionda neft ixracına ciddi maneə və təhdidlər yarana biləcəyilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here