İrfan Çiftçi: “Bundan sonra FETÖ-nü ermənilərlə bir yerdə görəcəyik”

Bəlli xarici çevrələrin dəstəyi ilə Fətullahçı Terror Şəbəkəsi (FETÖ) tərəfindən qardaş ölkənin demokratik hakimiyyətinə qarşı həyata keçirilən bu çevriliş cəhdi zamanı 250 nəfər şəhid verən Türk xalqı qəhrəmanlıq göstərərək hadisələrin inkişaf məcrasını dəyişdi. Bununla da ölkənin daxili işlərinə qarışmağa çalışan məkirli qüvvələrin çirkin planları alt-üst edildi.
Tarixə Demokratiya və milli birlik günü kimi yazılan 15 iyul çevrilişinin ildönümü Azərbaycanda da geniş şəkildə qeyd olundu. Həmin müdhiş gecənin canlı şahidlərindən biri – vəzifəsindən, şairliyi və siyasi xadimliyindən asılı olan və olmayan tərəfləriylə İrfan Çiftçidir. Ölkəmizdə ədəbi, elmi, publisistik, mədəni fəaliyyəti ilə də kifayət qədər tanınan İrfan Çiftçi mövzu ilə bağlı müsahibə verib.
– 15 iyul hadisələrini necə xatırlayırsınız?
– Keçən il Türkiyədə baş verən xain çevriliş cəhdi sanki bir yuxu idi. Əgər yürütdüyümüz siyasi mübarizəyə hər hansı şəkildə qatqısı, xeyri olmasa və tarix qarşısında özümü borclu, məsuliyətli hiss etməsəm, bunları danışmaqdan imtina edərdim. Çünki şəhidlərimiz və milyonlarla qəhrəmanımızla bərabər, mən də vətən borcumu yerinə yetirirdim.
Həmin müdhiş gecəyə gəldikdə isə onu deyə bilərəm ki, vaxt mənə bu qədər uzun gəlməmişdi. Böyük Qırğız yazıçısı Çingiz Aytmatovun təbirincə desək, biz əsrə bərabər gecə yaşadıq. 15 iyul hadisələrindən cəmi bir il keçsə də, mənə elə gəlir ki, bu çevriliş cəhdinin üzərindən sanki 20-30 il, bəlkə daha çox vaxt keçib. Lakin hələ həmin gecənin təsirini, sarsıntısını üzərimdən ata bilməmişəm.
Dəqiq xatırlayıram ki, hadisələrin yeni başladığı vaxt universitetdəki otağımdaydım. Baş verənləri öyrənmək üçün meydana çıxdım. Lakin əsgərlərin baryerləriylə qarşılaşdım. Dərhal geri qayıdaraq ailə üzvlərim və bəzi dostlarımla danışıb hadisələrdən xəbər tutmağa çalışdım. Vəziyyət həm ciddi, həm də zarafat kimi idi. Başa düşürdük ki, baş verənlərə qarşı gəlmək lazımdır. Ona görə də, dostlarla halallaşdıq. İş masamın üzərindəki bayrağı götürüb meydana qayıtdım. Bu bayraq həmin gecə mənim tək dostum, dayağım oldu. Ona görə də, bayrağı və həmin gecədən qalma güllə gilizini xatirə kimi saxlayıram.
Biz İstanbul Böyükşəhər Bələdiyyəsinin önündəydik. Çevriliş cəhdi zamanı ilk atəşə məruz qalan qrup biz olduq. Bu günlərdə Türkiyə mətbuatında çıxan xəbərə görə, həmin gecə insanlara atəş əmrini verənlərdən biri olan polkovnik tabeçiliyində olan əsgərlərə “bir güllə bir insan deməkdir və ona görə də boşa güllə getməməlidir” dediyini etiraf edib. Həqiqətən əlisilahlı xainlərin bu şəkildə sivil insanlara, öz vətəndaşlarına atəş açdığının şahidi oldum. 1980-ci ilin 12 sentyabr çevrilişini də görmüşəm. Buna qədər Türkiyədə hərbçilər vətəndaşlara qarşı əsl güllələrdən istifadə etməyiblər. Həm də insanlar öz əsgərlərinin onları vurmayacağına əmin olduqları üçün rahat davranırdılar. Ancaq bunun tam əksini görəndən sonra ehtiyatlı hərəkət etməyə başladıq: ağacların arxasında gizlənir, yerdə sürünərək hərəkət edirdik. Bizim olduğumuz yer arada qalmışdı. Çevrilişçilər amansızca atəş açırdılar. Tanıdığım polis rəisləri və xüsusi təyinatlılardan kömək istədim. Hər yerə zəng edirdim. Bir tərəfdən də yaralananları xilas etməyə çalışırdıq. Bir müddət sonra xüsusi təyinatlılar hissə-hissə gəlməyə başladılar. Çox peşəkar döyüşçülər idi. Filmlərdə olduğu kimi, hər tərəfdən atəş açılırdı. Ağacdan-ağaca irəliləyərək çevrilişçilərin dayandığı mövqelərə daş atırdıq. Sanki o an vaxt dayanmışdı. Mənə elə gəlirdi ki, çevrilişçiləri buradan qova bilsək, bütöv məmləkət xilas olunacaq…
Qismətimizdə hələ yaşamaq var imiş ki, sağ qaldıq. Həmin gecə İstanbulu yenidən fəth etdik. Bu duyğu indi də qəlbimə hakim kəsilib. Türkiyə, İstanbul yenidən bizim oldu. İlk dəfə idi ki, Fateh Sultan Mehmetin fəth etdiyi İstanbulun, ümumilikdə vətənimizin əldən getdiyini hiss etdik, bunun şokunu yaşadıq. Çünki həyat öz axarı ilə getdiyi bir vaxtda hər şey tamam dəyişdi: anidən hərəkət dayandı, silahlar üzərimizə tuşlandı, məmləkətimiz işğal edildi. Biz həqiqətən savaşdıq və dövlətimizi xain əllərdən xilas etdik, qələbə qazandıq…Hiss etdiyim coşğu unudulmaz idi.
Səhərə yaxın, saat 05:00-dan sonra artıq İstanbul Böyükşəhər Bələdiyyəsini xilas etmişdik. Coşğu, acı, kədər, narahatlıq – hisslər bir-birinə qarışmışdı. Ölkənin başqa yerlərində vəziyyətin necə olduğunu hələ bilmirdik. 4-5 saat ərzində ölümlə burun-buruna qalmışdıq. Üst-başım insanlıqdan çıxmışdı. Bələdiyyəyə tanışlar gəldi, onlarla görüşdüm. Artıq insanlar meydana sel kimi axırdı, bizə daha ehtiyac yox idi. Ona görə də, gecədən bəri sağ qalanlar evlərinə getdi, yaralılar isə xəstəxanalara aparıldı. Hər kəs bir-biriylə cəbhə dostuydu, sarılıb ağlaşır, gülür, halallaşırdıq… Ağlımda dostum Erol Olçok var idi…
Yolda gedərkən yanımda nə qədər pul var idisə, hamısına bayraq alıb insanlara paylayırdım. Ətrafda şəxsən tanıdıqlarım yox idi. Həyat yoldaşım və bəzi dostlarım mənə doğru gəlsələr də, yolda qalmışdılar. Tez evə gedib telefon götürməliydim. Arada hər an enerjisi bitən, xətləri kəsilib-açılan telefonla bir-birimizdən xəbər tuturduq. Axırıncı dəfə telefonda yoldaşıma bir-birimizə doğru istiqamətlənmək üçün Ədirnəqapı yoluna istiqamətlənməsini tapşırdım. Nəhayət, qovuşa bildik. Həyat yoldaşımla bir-birimizə sarılaraq ağladıq. Daha sonra mənə heç bir şey olmadığına əmin olmaq üçün dayanmadan üstümü yoxladı. Həkim olduğu üçün şok keçirən insanla necə davranmaq, sakitləşdirmək lazım olduğunu yaxşı bilirdi.
Evə gedəndən sonra əl-üzümü yumaq üçün suyu açanda barmaqlarımın arasında möhkəm sıxıb saxladığım bayrağı buraxmalı olduğumu anladım. Həmin an güzgüyə baxanda qarşımda həqiqətən şok keçirmiş insan gördüm…
Baş verən hadisələr bizdə dərin bir travma yaratdı. İlk dəfə mənim üçün müqəddəs məna daşıyan ordumuzun imici içindəki xainlərə görə, ciddi şəkildə zədələndi. Həmin gün həm də dəyərli dostumu itirdim. Hadisələr yenicə baş verən dəqiqələrdə bir yerdəydik. Hətta söhbət edərkən bir-birimizə dedik ki, heç nə baş verən deyil, üsyan tezliklə yatırılacaq. Ancaq dostum Erol Olçak və 15 yaşındakı oğlu həlak oldu. Təbii ki, bütün 15 iyul şəhidlərinin xatirəsi bizim üçün əzizdir. Lakin yaxın dostumu itirməyim – həm də bu şəkildə – məndə dərin izlər, sağalmaz yaralar buraxdı.
– Əgər çevriliş cəhdi baş tutsaydı, Türkiyəni nə cür gələcək gözləyirdi? 15 iyul hadisələri digər çevrilişlərdən fərqli müstəvidə dəyərləndirilməli deyilmi?
– Əlbəttə, son hadisə digərlərindən çox fərqlənirdi. Bu, normal çevriliş cəhdi deyildi. 15 iyul hadisələrini yalnız daxili savaş və işğal hərəkatı kimi qiymətləndirmək olar. Əgər çevriliş baş tutsaydı, vətən xainləri istədiklərinə nail olsaydılar, ölkədə daxili müharibə başlayacaq, daha sonra işğal prosesinə start veriləcəkdi. Bu çevrilişin arxasında duran güclər Türkiyəni Suriya kimi parçalamaq, kantonlara bölmək fikrində idi. Bunun nəticəsində çox qan axacaqdı, Türkiyə 50 il geriyə düşəcək, parçalanma təhlükəsi ilə üz-üzə qalacaqdı. Yəni, bəlli çevrələr 100 il əvvəl Sevrda həyata keçirmək istədiklərini indi reallaşdıracaqdılar. Çox şükür ki, Türkiyə dövləti və milləti bunun qarşısını aldı.
– Bu hadisələr Türkiyəyə dost və düşmənini daha yaxından tanımağa imkan verdimi?
– Başda qardaş ölkə Azərbaycan olmaqla, Qətər, Pakistan və digər dövlətlər bu çevriliş cəhdi zamanı Türkiyənin demokratik hakimiyyətinə səmimi dəstəklərini ifadə etdi. Bundan başqa, region ölkələrindən Rusiya, İran və eyni zamanda, Avropa ölkələrindən Fransa, İspaniya, İtaliya Ankara hökumətinin yanında olduqlarını tezliklə hiss etdirdi. Heç şübhəsiz deyə bilərik ki, Azərbaycan, Pakistan, Qazaxıstan və Özbəkistan kimi dost-qardaş ölkələr zərrə qədər təmənna güdmədən Türkiyə hakimiyyətinin yanında yer almışdı. Lakin başda Rusiya olmaqla, İran və digər ölkələr daha çox öz milli maraqları prizmasından bu məsələdə çevrilişçilərə qarşı idi. Çünki Türkiyənin parçalanmasından sonra qonşu dövlətlər Rusiya və İranın, o cümlədən, Çinin də başına eyni hadisələr gələcəkdi. Təbii olaraq, həmin dövlətlər də öz mənafeləri baxımından Türkiyənin yanında yer aldılar. Onu da qeyd etmək lazımdır ki, bu böhranın aradan qaldırılmasında Rusiyanın ciddi dəstəyi oldu.
– Fətullahçı Terror Şəbəkəsi Türkiyə üçün nə kimi təhlükə mənbəyidir?
– FETÖ hazırda dünyada yeni nəsil terror şəbəkələrindən biridir. Bu terror təşkilatı böyük bir zəncirin halqasıdır. Dünyada “Mun”, “Sayentologiya” (Scientology), “Bahayilik”, “Opus-di” və digər təriqətlər mövcuddur. Təəssüflər olsun ki, Türkiyədə də bu cür ünsürlər var. Bunlardan biri “Nurçuluq”dur. Bundan başqa, ölkəmizdə özlərini təriqət nümayəndələri hesab edən sosial mənfəət şəbəkələri də var. Dini dəyərlərin cəmiyyətimizdə böyük təsir gücü olduğu üçün bu cür qeyri-qanuni şəbəkələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Həmin şəbəkə üzvləri bir-birinə kod adları ilə ithaf edirlər. Hətta onların kodlaşdırılmış dilləri var. Məsələn, Quru Qoşunlara “Məhərrəm”, prezidentə “Raket” deyirlər.
Ümumilikdə bütün bunlar Amerika Birləşmiş Ştatlarının “soyuq müharibə” dövründə Sovet İttifaqına qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Həmin dövrdə ABŞ-ın “Yaşıl Aypara” layihəsi var idi. Bu layihə vasitəsilə müsəlman ölkərində kommunizmi zəiflətmək üçün istifadə edirdilər. Ona görə də, Rusiya təhlükəsizlik orqanları bu məsələlərlə bağlı kifayət qədər məlumatlı, biliklidir.
Sovet İttifaqı dağıldıqdan sonra həmin “Yaşıl Aypara”nın anti-kommunizm təfəkkürünü qatı islamçılıq – FETÖ ilə əvəz etdilər. Bu, bir müddət Türkiyənin də mənafeyinə uyğun oldu və ya ölkəmizin ortaq maraqlar kontekstində çıxış etməsi zərurəti ilə nəticələndi. Ancaq əsas olaraq bu layihə qlobal güclərin, xüsusilə, ABŞ tərəfindən idarə olunurdu. Birləşmiş Ştatlar bu işlərə 1950-ci ildən sonra başladı.
Yaxın Şərqdə, Asiyada mövcud olan etnik millətçilik, ənənəvi dini fanatizm böyük ölçüdə ingilislərin, yeni nəsil layihələr isə ABŞ-ın nəzarəti altındadır. Belə hərəkatlar həmişə mövcud olacaq. Bu gün də deyə bilmərik ki, üzərimizdən bütün təhlükələri sovuşdurmuşuq. Çünki qlobal güclər milli dövlətlərə qarşıdırlar. Milli varlığını qorumaq istəyən bütün dövlətlər “Munçuluq”, “Nurçuluq”, “Sayentologiya”, “Bahayilik”, “Opus-di” və digər dini, qeyri-dini hərəkat-şəbəkələrlə müharibə aparmaq məcburiyyətindədirlər. Qlobal güc və şirkətlər milli dövlətləri özlərinə böyük maneə kimi görürlər. Ona görə də bu savaş heç vaxt bitməyəcək. İstər Türkiyədə, istər Rusiyada, istərsə də Azərbaycandakı vəziyyətə baxsaq, həmin ünsürlər vətəndaş cəmiyyəti – qeyri-hökumət təşkilatları donuna girib həmin görünüşü, fəlsəfəni ortaya qoyaraq öz maraqlarına uyğun fəaliyyət həyata keçirirlər.
İlk beynəlxalq təşkilatlar Avropa Birliyi, Soros Fondunun xətti ilə yaradılıb. Həmin quruluşlar fəaliyyətlərinin qayəsini mədəniyyətlərin inkişaf etdirilməsi, demokratik dəyərlərin təşviqi üzərində “qurduqları” üçün heç kim səs çıxara bilməyib. Məsələn, gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün gənc velosipedçilər, xizəkçilər dərnəkləri yaradılıb. Bu cür QHT-lərin mövcudluğu günümüzün tələbidir, olmalıdır. Buna kim etiraz edə bilər? Dövlətlər cəmiyyət üçün sosial infrastruktur layihələri həyata keçirməlidirlər. Lakin bəzən müəyyən səbəblərdən bu sahədə boşluqlar, problemlər meydana çıxır. Ona görə də bütün bunların vətəndaş cəmiyyəti institutları vasitəsilə həyata keçirilməsi ilk vaxtlar milli dövlətlərə də maraqlı gəldi. Sonradan böyük güclər bu fəaliyyətlərinin ana xəttini başqa maraq və niyyətlərlə doldurmağa başladılar. Nəticədə, həmin quruluşlar siyasiləşməyə meylləndilər. Əslində isə siyasət meydanında olan boşluqlar siyasi partiya və təşkilatlar vasitəsilə doldurulmalıdır. Ancaq böyük güclər həmin məsələləri tamam fərqli vasitələrə əl ataraq həll etməyə çalışırlar. Məsələn, müsəlman ölkələrdə din amili ən yayğın sosial dəyər olduğu üçün hazırda siyasi proseslərin inanc amili üzərindən aparıldığının şahidi oluruq. Lakin Avropada din amili o qədər də önəmli deyil. Qitə əhalisinin təqribən, 50-60 faizi ateist və deistdir. Ona görə də Avropada “Sayentologiya” təriqəti üzərindən siyasət aparılır. Uzaq Şərq ölkələrində isə “Mun” təriqəti daha yayğındır. Bu cür fəaliyyətlər bundan sonra da davam edəcək. Bu mənada, bizdə “Paralel hökumət” adı verilən və xarici güclər tərəfindən maşa kimi istifadə olunan FETÖ son dərəcə “Android” proqram təminatlı, yüksək informasiya-komunikasiya texnologiyalarına sahib olan quruluşdur. Ancaq öz mənfəətləri naminə bu şəbəkəyə üzv olan manqurtlar isə heç nə düşünmədən yuxarıdakıların tapşırıqlarını yerinə yetirirlər.
Bundan sonra isə FETÖ üzvləri bizim qarşımıza uzun saqqallı və ya hicablı deyil, istənilən qiyafədə çıxa bilərlər. Ona görə də onların aşkarlanması çətin məsələdir. Artıq FETÖ-nün mahiyyətində, üst qatında din, iman məsələləri dayanmır. Bu dövr artıq bitib. İndi ayrı-ayrı şəxslər öz mənfəətlərinə görə, bu terror şəbəkəsinin əlaltısına çevrilirlər. Məsələn, kimsə iş yerində mühasib işləyir. Həmin adam işində irələmək, müdir olmaq üçün FETÖ-yə qoşulur. Fətullahçıların din, təhsil, xeyriyyəçilik fəaliyyəti sadəcə maskalanma idi. Və hələ də bu üsullardan istifadə edirlər. Halbuki, bu şəbəkənin yaranandan bəri strategiyası, məqsədi var idi. Ona görə FETÖ hazırda da təhdid mənbəyidir.
– Fətullah Güləni Türkiyəyə ekstradisiya etmək mümkün olacaqmı?
– Bu proses hələ də davam edir. Sevindirici haldır ki, son vaxtlar FETÖ həm Birləşmiş Ştatlar, həm də İngiltərədə terror şəbəkəsi kimi qeyd edilməyə başlanıb. Nəticə də məhz bu cür, mərhələ-mərhələ əldə olunur. Zaman keçdikcə Fətullah Gülənin ekstradisiya olunması məqamı da yetişəcək. Onun qurduğu şəbəkə artıq ifşa olunub. Hər halda uzun müddət Türkiyədə din üzərindən bu səviyyədə təşkilatlanma məsələləri təhlükəsizlik baxımından olduqca diqqətə alınacaq. Ən azından insanların buna qarşı həssaslığı yaranıb. Zamanla FETÖ öz funksiyasını itirəcəyi üçün Gülən də Türkiyəyə təhvil veriləcək.
– Əgər ABŞ Gülənin təhvil verilməsindən imtina etsə, iki ölkə arasında münasibətlərin gələcəyi necə olacaq?
– ABŞ və Almaniya ilə bu məsələdə uzlaşma əldə olunmaması Türkiyəni NATO ittifaqından, o cümlədən, Birləşmiş Ştatlardan uzaqlaşdırır. Amma sual oluna bilər ki, Amerika riskə gedərək Türkiyə ilə münasibətlərdə balansı pozacaqmı? Düşünürəm ki, hər halda ABŞ riskə getməz, geriyə addım atar. Məsələn, bu yaxınlarda Suriya böhranı üzrə baş tutan Türkiyə-Rusiya danışıqlarıyla bağlı ABŞ-ın baş qərargah rəisi Cozef Danford ölkəsinin narahatlığını dilə gətirib. Daha sonra o, qeyd edib ki, Suriya məsələsində ABŞ Türkiyə necə istəyir, o cür addım atacaq. Yəni Ankara qətiyyətli mövqeyini davam etdirdikcə, ABŞda kompramisə getməyə məcbur olacaq. Çünki Fətullah Gülənin ekstradisiya məsələsi iki ölkə arasında ciddi gərginliyə səbəbdir. Bu problemin həlli Türkiyə-ABŞ münasibətlərinin gələcəyini müəyyənləşdirəcək.
– Rəsmi Ankara FETÖ ilə mübarizədə bir sıra addımlar atmaqdadır və son olaraq terror şəbəkəsinin bank hesablarına blok qoyulub. Sizcə, Fətullah Gülən şəbəkəsinin Türkiyə və dünyada təsir gücü qalıbmı?
– Gülən şəbəkəsinin hələ də ciddi təsir gücü var. Bundan sonra biz FETÖ-nü ermənilərlə bir yerdə görəcəyik. Artıq Gülən şəbəkəsi bütün dünyada qiyamət qoparan erməni diasporu ilə birgə fəaliyyətə keçib. Onlar diaspor təşkilatı kimi Türkiyəyə qarşı fəaliyyət həyata keçirməyə çalışacaqlar. Bu mənada, gücləri bir müddət fəaliyyət aparmağa imkan verəcək. Yəni PKK kimi, FETÖ də erməni lobbisinin çətiri altında varlığını davam etdirəcək.
– FETÖ-nün mahiyəti nədən ibarətdir? İnsanlar bu işə nəyə görə inandılar? Bu şəbəkənin Türkiyə və dünyaya vurduğu ən böyük zərər nə oldu?
– Bu şəbəkənin başında heç vaxt ailə qurmayan, qadınlara nifrət edən bir adam durur. Lakin o, evliliyi, ailədə dominantlıq edən qadınları ən yüksək səviyəyə qaldıran İslam dinini təbliğ edir. Əgər Fətullah Gülən İsa peyğəmbərə görə xristianlığı təbliğ etsəydi, daha inandırıcı olardı. Hərçənd, sonralar bu işə də qol qoydu. Ona görə də insanlar vaxtında oyanmalı idi. Məlum şəbəkənin məktəblər yaratması yaxşı təşəbbüs kimi başa düşülə bilərdi. Lakin həmin məktəblərdə türk dilindən daha çox ingilis dilinin öyrədilməsi insanların gözünü aça bilərdi. Təsəvvür edin ki, adam aptek açır, içində isə meyvə-tərəvəz satır. Axı, bu insanlarda şübhə yaratmalı idi. İnsanlar yaxşı ilə pisi ayıra bilməlidirlər. Bu cür şəbəkələr mahiyyət etibarilə saxtakarlıq edir, paralel dəyərlər formalaşdıraraq həqiqətin inkar edilməsinə çalışır. Buna psixoloji müharibədə “cəbhəni yumşaltma” deyirlər. Hazırkı dövrdə baş verən böhranlar bu üsulla həyata keçirilir. Məsələn, indi Suriyada minlərlə insan öldürülsə də, Çində ayağı qırılan panda ayısı medianın gündəmini zəbt edir. Bununla da insanların vicdanları, hissləri həmin hadisəyə köklənir, öldürülən insanları görəndə isə kanalı dəyişdirirlər. Uzun illər FETÖ üzvləri bu məqsədlə iclaslar keçirdi. Bir çox tanınmış yazıçı, sənət adamı bu cür məşvərətlərdə iştirak etsə də, onların başına “filosof” kimi Fətullah Güləni gətirdilər.
Bu şəbəkə Türkiyədən sonra Azərbaycana keçdi. Türk dünyasına çıxış əldə etdikdən sonra isə bütün dünyaya yayıldılar. FETÖ mərkəzində Türklüyün və İslamın olduğu bir cənnətin satıcısı kimi dünyaya çıxdı. “Soyuq müharibə”dən sonrakı dövr üçün onları “həsrət” və “böyük arzularla” gözləyən alıcıları da var idi. Ancaq 15 iyul titrəyişi türkün bu qəflətdən oyanmasına vəsilə oldu.
– Son olaraq, FETÖ və tərəfdarlarına nə kimi mesajlarınız var?
– Dini, sosial, psixoloji və digər səbəblərə görə, bu şəbəkənin üzvü olanlar – çox və ya az təqsiri olmalarına baxmayaraq, günah sahibidirlər – peşman olduqlarını bildirib, Türkiyə dövlətinə geri qayıtmalı, cəzalarını çəkməlidirlər. Türkiyənin düşmənlərinin, marginal xəstə qrupların bir parçası olaraq yaşamaqdansa, cəzalarını çəkib normal insan olmağa çalışmaları daha düzgün seçimdir. Ziyanın yarısından qayıtmaq da qazancdır.
Kapitalizm sisteminin yoxsullaşdırdığı minlərlə ailələrin qabiliyyətli övladlarının beyinləri yuyuldu, ruhları kirləndi, həyatları məhv edildi. Bu şəbəkə fəaliyyət göstərdiyi onlarla ölkədə uşaqları öz köklərindən qoparıb qlobal imperializmin köləsinə çevirdi. Milli dövlətlər bütün bu baş verənlərə qismət deyib keçə bilməz. Bir neçə gənc nəsil bu şəbəkənin toruna düşdü, qurbana çevrildi. Bundan sonrakıları isə onlardan qorumaq lazımdır. FETÖ və oxşar şəbəkələrlə mübarizə aparmağın yolu isə doğru və həqiqətin yanında olmaqdır. Düzgünlük həmişə mütləq qələbə gətirir.

“525-ci qəzet”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here