İsa Həbibəyli: Cəmiyyətdə orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı Trend-ə müsahibəsi

– Orfoqrafiya qaydalarına təklif edilən son dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Hazırkı dövrdə bu dəyişikliklərin edilməsi vacib idi?

– AMEA Orfoqrafiya Komissiyası Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarını hazırlayaraq onu geniş ictimaiyyətin diqqət mərkəzinə çatdırıb. Bu qaydalar AMEA-nın “Elm” qəzetində çap olunub. Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək. Biz Orfoqrafiya Komissiyası olaraq, Dilçilik İnstitutu və digər institutların görkəmli alimlərinin hazırladığı orfoqrafiya qaydalarını geniş ictimaiyyətin müzakirəsinə təqdim etmişik ki, cəmiyyət ona öz münasibətini bildirsin. Cəmiyyətdə səslənən təkliflərin hamısı bizim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək. Yekun qərar verildikdən sonra onun əsasında yeni orfoqrafiya lüğətinin hazırlanmasına başlanılacaq. Ona görə də cəmiyyətdə orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir. Biz cəmiyyətdə belə reaksiyanın olacağını əvvəlcədən gözləyirdik.

– Cəmiyyətdə sözlərin yeni yazılışı ilə bağlı deyilən iradları qəbul edirsiniz?

– Müzakirələrə müdaxilə etmək istəmirəm. Amma müşahidə edirəm ki, fikir söyləyənlərin çoxu şəxsi maraqlardan çıxış edir. Yaxud da bir çox fikir deyənlər professional deyillər, dil qanunlarını, dilçilik elmini yaxşı bilmirlər. Ancaq mütəxəssislərin maraqlı təklifləri də var. Mütəxəssislərin haqlı sözünə hörmətlə yanaşacağıq. Əlbəttə, ictimaiyyətin fikrini nəzərə alacağıq. Amma da var. Biz onların ən məqbul olanlarını istifadə edəcəyik.

– Sözlərdə iki “ss”dan, “iki “yy”dan birinin yazılmaması çaşqınlıq yaratmayacaq?

– Ekspress alınma sözdür, alındığı xarici dildə bu söz iki “ss” ilə yazılır. Azərbaycan dilində isə ekspress sözünün sonluğu bir “s” ilə tələffüz olunur. Biz ekspress sözünün sonluğunun iki “ss” ilə yazılmasının Azərbaycan dilinin qaydalarına uyğun olmadığını görürük. Onu körtəbii şəkildə xarici dildən alıb işlətməyi də məqbul saymırıq. Ssenari sözünün əvvəlində iki “ss” hərfi işlədilir. Biz isə onu bir “s” ilə tələffüz edirik. Eyni zamanda, sonluğu “iyyat,- iyyət və -iyyə” şəkilçisi ilə bitən ərəb mənşəli sözlərdə iki y-dan birinin saxlanılmasının tərəfdarıyıq. Məsələn, son on illiklərdə görürük ki, ədəbiyyat deyil, ədəbiyat, maliyyə deyil, maliyə, dövriyyə deyil, dövriyə kimi tələffüz edirik. Hətta Səudiyyə (Ərəbistanı) sözündəki iki y-dan ancaq birini deyirik. Dil özü bu hərfləri atıb. Əlbəttə ki, bu dəyişiklik iki “y” hərfi ilə yazılan bütün sözlərə aid deyil. Tutaq ki, təyyarə, Əyyub, Qəyyum, səyyah kimi sözlərdə iki y hərfi qalacaq. Yalnız “iyyat,- iyyət və -iyyə” şəkilçisi ilə bitən ərəb mənşəli sözlərdə iki y-dan birini dil özü atıb, onun biri işlənmir. İndi sözləri bir “s”, bir “y” ilə yazmaqla çaşqınlıq yaratmırıq. Çünki dil çoxdan bir “s”nı, bir “y”nı atıb.

– Yeni yazılışı birmənalı qarşılanmayan sözlərin bir qismi də əskər, əskinas, İskəndər, işkəncə və sairdir. Bu sözlərin belə bir formada yazılmasına ehtiyac var?

– Əsgər sözünün biz əskər kimi deyirik, amma “g” ilə yazırıq. Buna da ikili yanaşma var. Xalq, geniş ictimaiyyət, mütəxəssislərin əsgər, İsgəndər kimi sözlərdəki “g”nın “g”, yaxud “k” ilə ifadə olunması ilə bağlı fikirlərini izləyəcəyik. İctimai fikir “k”nın tərəfində olsa, “k”, “g”nın tərəfində olsa, “g” ilə ifadə edəcəyik.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here