İsa Yaşar Tezel: “Bu seçkinin qalibi biz olacağıq”

Hazırda qardaş Türkiyədə möhtəşəm bir seçki həyəcanı yaşanır. Martın 31-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək, ona görə də gündəmin əsas mövzusu seçkilərdir. Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı, Azərbaycan kökənli jurnalist, MHP üzvü İsa Yaşar Tezel İğdırın bələdiyyə başqanlığı uğrunda möhtəşəm təbliğat kampaniyası aparır.

Xəbər verildiyi kimi, MHP başqanı Dövlət Baxçalı və Türkiyə prezidenti Tayyib Ərdoğanın da dəstək verdiyi İsa Yaşar Tezelin rəqibi Adil Aşırımın namizədliyi AK Parti tərəfindən geri çəkilib. Həmçinin uzun müddət bələdiyyə başqanı olmuş, 26-cı dönəm AK Parti deputatı Nurəddin Aras da İsa Yaşar bəyə öz dəstəklərini ifadə ediblər. Hazırda MHP ilə iqtidardakı AKP arasında qurulan “Cümhur İttifaqı”nın tək namizədi İğdırda anadan olmuş İsa Yaşar Tezeldir. Bu qərara MHP başqanı Dövlət Baxçalı və Türkiyə prezidenti Tayyib Ərdoğan birgə gəliblər.

İşğalçı Ermənistanla həmsərhəd olan İqdırdan Azərbaycan əsilli Türkiyə vətəndaşının, Azərbaycan sevdalısının bələdiyyə başqanı seçilməsi, təbii ki, ölkəmiz üçün də müstəsna əhəmiyyəti var. Həm də İsa Yaşar bəy heç zaman Azərbaycan və Türkiyəni bir-birindən ayırmayan dəyərli qardaşımız, əziz həmkarımızdır. Sıx qrafikinə rəğmən vaxt ayırıb “Yeni Müsavat”a verdiyi müsahibəsində də sevgisini bir daha izhar etdi:

– İsa bəy, İğdırda böyük uğur qazanacağınıza şübhəmiz yoxdur. Sosial şəbəkələr üzərindən paylaşımlarınızı da izləyirik və şanslı olduğunuzu bilirik. Siz hazırda proses barədə qəzetimizə nə deyə bilərsiniz?

– İğdırda seçki kampaniyası çox uğurlu gedir. Cümhur İttifaqının qurulması və “Cümhur İttifaqı”nın namizədi olmağım məni qürurlandırdı. Millətimin böyük dəstəyini qazandım, millətimin böyük diqqəti ilə qarşı-qarşıyayam. Millətimiz birlik, bərabərlik istəyirdi. Hörmətli prezidentimizin və hörmətli partiya başqanımız Dövlət Baxçalının bir yerdə olması ölkənin və millətimizin rifahı üçün qurulan Cümhur İttifaqının İqdırda da namizəd irəli sürməsi İqdır əhalisini çox məmnun edib. AKP və MHP mənsubları bu işdən çox razı qalıblar. Bu birlik bizə seçkini qazandıracaq, inşallah! Bu, mənim üçün də böyük şərəfdir.

– İğdır bölgəsində sizə qarşı mübarizə aparan əsas rəqibiniz barədə nə deyə bilərsiniz?

– HDP-nin namizədi bizim rəqibimizdir. Amma biz udacağıq, inşallah! Onlar da çox böyük kampaniya aparırlar. Azərbaycan xalqı HDP-nin Türkiyə və İqdırla bağlı mövqeyini yaxşı bilir. Allahın izni ilə biz birliyimizi hər keçən gün gücləndiririk. Bu seçkinin qalibi biz olacağıq.

– Seçkidə həm də Azərbaycan türkü olaraq mübarizə aparırsınız, İğdır da Azərbaycan türklərinin çoxluq təşkil etdiyi bölgədir. Bu amil sizin uğurunuza nə dərəcədə təsir edəcək? Azərbaycan türkləri əslən azərbaycanlı olan İsa Yaşar Tezeli necə qarşılayırlar?

– Çox böyük məmnuniyyətlə alqışlayırlar. Bundan əvvəlki seçkidə çox az fərqlə seçkidə məğlub olmuşdum. İğdırda yaşayanların əksəriyyəti Azərbaycan türkləridir.

– Orda nə qədər seçici var?

– Bələdiyyə seçkisində 56 min nəfər iştirak edəcək. Əhalinin tən yarısı Azərbaycan türkləridir. Amma mən İqdırda yaşayan bütün insanların bələdiyyə başqanı olacağam.

– Bəs, HDP-nin İğdırda nə qədər elektoratı var?

– HDP sonuncu seçkidə – 2014-cü ildə 18 min 700 səs almışdı. MHP isə həmin seçkidə 17 min 800 səs qazanmışdı. Yəni arada az fərq olmuşdu. O zaman Azərbaycan türkləri başqa partiyalara bölünmüşdü. İndi birləşdiyimizə görə bir problemimiz olmayacaq. İnşallah qazanacağıq!

– İsa bəy, 31 mart həm də Azərbaycanlıların soyqırıma məruz qaldığı gündür. Yəqin ki, seçki kampaniyasının gedişində erməni vəhşiliyindən bəhs edən bu acı tarixi də xatırladırsınız…

– Əlbəttə. Bundan sonrakı seçki kampaniyamızda da bu tarixdən bəhs edəcəyik.

– Bu arada İğdırda Xocalı soyqırımı ilə bağlı keçirilən möhtəşəm yürüşü də izlədik, qürurlandıq…

– Bəli, yürüş oldu, konfranslar keçirdik. 4-5 tədbirdə də çıxış etdik. Bizim seçki kampaniyamızın olması səbəbindən Xocalı adına keçirilən tədbirlər çox güclü şəkildə keçirildi.

– Ermənilər Türkiyəyə qarşı qondarma soyqırım iddialarını davam etdirdiyi dönəmdə iki qardaş ölkə gerçək soyqırımla bağlı hansı addımlar ata bilər? Şəxsən siz nə təklif edirsiniz?

– Vallah, mənim ömrüm Azərbaycan davası ilə keçib. Görəcəyim işlərlə bağlı fikirlərim var. Biz bələdiyyə sədrliyini qazandıqdan sonra bununla bağlı çox gözəl layihələr həyata keçirəcəyəm. Siz də yaxından buna şahid olacaqsınız. Hələlik o fikirlərim məndə qalsın. Bələdiyyə başqanı olaraq Azərbaycanın çəkdiyi acılara necə təpki verəcəyimizi, İğdırın da reaksiyasının necə olacağını, Azərbaycanın haqq səsinin İğdıra, Türkiyəyə, dünyaya necə duyuracağımızın yaxından şahidi olacaqsınız.

– Bu il Azərbaycanda da bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycandakı seçkilərlə bağlı arzu-istəkləriniz, fikirləriniz də maraqlıdır.

– Uğurlar arzulayıram. Sistem fərqlidir, sizdə icra başçılığı qüvvətlidir, bizdə bələdiyyə başqanlığı. Ordakı həmkarlarımıza, məsləkdaşlarımıza da uğurlar arzu edirəm. Gözəl, bayram havasında, yaxşı əhval-ruhiyyədə, qardaşlıq, dostluq şəraitində keçiriləcək kampaniyanın Azərbaycana uğur gətirməsini istəyirəm.

– Türkiyə bölgənin lider dövlətidir. Qardaş ölkəyə qarşı vaxtaşırı təxribatçı, xain planlar hazırlanır. Siz Türkiyənin taleyi, durumu ilə bağlı nələr düşünürsünüz? 

– Türkiyədə hörmətli cümhurbaşqanımızla hörmətli partiya başqanımızın birgə qurduğu “Cümhur İttifaqı” sayəsində bütün çətinlikləri atlatdı, atlatmağa davam edəcək. Bu seçkilərdən sonra da Türkiyə çox güclü bir dövlət olaraq dünyada öz yerini alacaq. Türk milləti böyük millətdir, bütün sıxıntıların, əziyyətlərin hamısını aşacaq gücü var. Bu gücün də siyasətdəki təmsilçiləri cümhurbaşqanımız və partiya başqanımızdır. Onların birliyi 31 mart bələdiyyə seçkilərindən sonra da davam edəcək, Allahın izni ilə. Türk milləti qarşısındakı problemləri böyük başarı ilə adlayıb dünyadakı yerini alacaq və çox güclü bir dövlət olaraq Azərbaycan dövləti ilə inşallah çox uzun illər dost və qardaş olaraq yaşayacaqlar, inşallah!

– İsa bəy, Azərbaycan ən böyük dərdi, sıxıntısı Qarabağa görədir və bilirik ki, qardaş Türkiyə də bu problemin həllini çox istəyir. Azərbaycan sevdalısı olaraq siz bu barədə nə demək istərdiniz?

– Qarabağ problemi həm də bizim problemimizdir. Ermənistan bizimlə həmsərhəddir. Biz bu məsələ ilə bağlı üzərimizə düşəni burda edirik. Bəllidir ki, bu məsələ dövlətlər səviyyəsində müzakirə olunur. “Cümhur İttifaqı”nın da Qarabağ məsələsinin çözülməsinə çalışdığına əminəm. İşğala son qoyulana qədər Ermənistanla hər hansı işbirliyindən, əlaqədən söhbət gedə bilməz. Sözsüz ki, yalnız Azərbaycanın acıları bitəndən, torpaqlar geri alındıqdan sonra dövlətlər arasında əlaqələr başlayacaq. Bu gün Türkiyədə yaşayan bütün azərbaycanlılar daxil olmaqla, bütün türk millətinin, Anadolu türklərinin hamısı Qarabağ məsələsini, həyata keçirilən soyqırımları, edilən zülmləri bilir, bütün vətəndaşlarımız Azərbaycan xalqının yanındadır. Azərbaycanın qəbul edəcəyi bütün qərarlarda da Türkiyə dövləti Azərbaycan dövlətinin yanındadır. Bizim seçki kampaniyamızda böyük bir “Cümhur İttifaqı” Koordinasiya Mərkəzimiz var. Həm bizim, həm də bizim qadınlarımızın seçki kampaniyasının aparıldığı ofislərin hamısında Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı var. Belə bir yanaşmada olan qardaşınız bələdiyyə sədri olmaq istəyir və sizlərin də dəstəyini gözləyir. Azərbaycan dövlətinin də, Azərbaycan xalqının da dualarını, dəstəklərini gözləyirik.

– Dualarımız sizinlədir, təbii. Bir sıra tanınmış ziyalıların, dəyərli professor Aygün Attar başda olmaqla bəzi azərbaycanlıların sizə dəstəyini də müşahidə etdik. Bu sırada daha kimlər var?

– Hamısı dəstək olurlar, bu prosesdə yaxından iştirak edirlər. Hamısı ilə görüşürük, hamısının da böyük marağı var. Əllərindən nə gəlirsə, etmək  istəyirlər. Bundan sonra da gələnlər olacaq. Bilirik ki, yenə də gələnlər olacaq, bizi ürəkləndirəcəklər, yanımızda duracaqlar, bizə ruh verəcəklər. Bu arada Giresun Universitetinin professoru doktor Aygün Attar xanıma çox böyük minnətdarlığımı və təşəkkürümü qəzetiniz vasitəsilə bildirmək istəyirəm. Çox ürəkli bir arxadaşımızdır. Azərbaycanın varlığını istəyən, Azərbaycanla Türkiyənin qardaşlığını dəstəkləyən bir hocamızın bura gəlməsinin bizə çox böyük faydası oldu. Hətta bəzi problemləri var idi ki, bunların hamısını Aygün xanım bir gün içərisində ortadan qaldırdı. Onun bu problemləri həll etməsinin mənə çox böyük faydası oldu. Yəni bir hocamız gəlişi ilə İqdırda bir çox iqdırlıların önündə duran ən ağır məsələləri həll etdi və geri döndü. Ona minnətdaram, təşəkkür edirəm.

– Azərbaycana başqa demək istədikləriniz varmı?

– Azərbaycanı sevirəm. Son sözüm də bu olsun.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here