İşəgötürənlərlə qeyri-rəsmi məşğulluğun qarşısının alınması yolları müzakirə edilib

Qeyri-rəsmi məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir. Hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Sabunçu rayonunda işəgötürənlərin iştirakı ilə təşkil olunan seminarda səslənib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, tədbirdə qeyri-rəsmi məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları barədə ətraflı məlumat verilib. Bütün işçilərlə əmək münasibətlərinin müqavilə əsasında rəsmiləşdirilməsinin qanunla işəgötürənlərin əsas vəzifələrindən olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Seminarda işəgötürənlər “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda ətraflı məlumatlandırılıblar. İştirakçılara tam iş vaxtı və onun müddəti, həftəlik tam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan və xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxt, natamam iş vaxtı, iş vaxtının rejimi qaydaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə məlumatlar verilib.

Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here